Britaniya mətbuatı: Sevgilinin siyasi baxışları mühümdür, yoxsa gigiyenası?

müharibə

Şəklin mənbəyi, OMAR HAJ KADOUR

Şəklin alt yazısı,

Bir neçə nüfuzlu beynəlxalq təşkilat Rusiya hərbiyyəsinin Suriyadakı fəaliyyətinin araşdırılmasına çağırıb

Rusiya Beynəlxalq Cinayətlər Məhkəməsini tərk edir

"The Guardian" yazır ki, Rusiya Beynəlxalq Cinayətlər Məhkəməsinin tərkibindən çıxdığını elan edib. Buna səbəb bir gün əvvəl həmin məhkəmənin hesabatında Krımın ilhaqının işğal adlandırılması olub.

Rusiyanın birtərəfli qaydada çıxışı simvolik olsa da, soyqırım, hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətlərin cəzalandırılması üçün yaradılmış qlobal mexanizmə güclü zərbə vurulub.

Məqalədə deyilir ki, son aylarda daha üç Afrika ölkəsi - Cənubi Afrika Respublikası, Burundi və Qambiya da BCM-in üzvlüyündən çıxmaq niyyətlərini bildiriblər.

Bundan əvvəl onlar şikayət etmişdilər ki, BCM əsas diqqətini, daha doğrusu cinayət təhqiqatlarını Afrika qitəsinə qarşı yönəldib.

Rusiyanın Xarici İşlər Nazirliyi bəyan edib ki, ölkənin BCM-in tərkibindən çıxması üçün göstərişi prezident Vladimir Putin verib. O deyib ki, beynəlxalq tribunal beynəlxalq icmanın ona bəslədiyi etimadi doğrultmayıb.

Rusiya BCM-in əsas təsis sənədi olan Roma Konvensiyasını 2000-ci ildə imzalamışdı, lakin onu ratifikasiya etmədiyindən əslində heç bu məhkəmənin yurisdiksiyası altında deyildi. Bu isə onu göstərir ki, Moskvanın bu Konvensiyadan çıxması doğrudan da simvolik addımdır. Lakin bu çıxış praktikada çox şeyi dəyişəcək.

Human Rights Watch təşkilatından Tanya Lokşina deyib ki, Moskvanın bu addımı simvolik olsa da, Rusiyanın gələcək istiqamətini aydın göstərir.

"The Guardian" yazır ki, hələ ötən yanvarda Rusiyanın Xarici İşlər Nazirliyi belə bir addımın atıla biləcəyini bildirmişdi. Onda buna səbəb kimi məhkəmənin 2008-ci il Rusiya-Gürcüstan müharibəsinə münasibəti göstərilmişdi.

O vaxt Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirmişdi ki, Rusiya bu məhkəmənin təməlinin qoyulmasında iştirak edib, lakin təəssüf, bu qurum ona bəslənən ümidləri doğrultmayıb və Rusiya Federasiyası BCM-lə münasibətlərinə yenidən baxacaq.

Lakin ötən çərşənbə axşamı BCM-nin açıqladığı hesabatda deyilirdi ki, qurum Krımın ilhaqını Rusiya tərəfindən törədilmiş işğal kimi qiymətləndirir.

Sənəddə bu da qeyd olunurdu ki, Krımın Ukraynadan qopardılmasında Rusiya hərbiyyəsi birbaşa iştirak edib. Halbuki Moskva daim Krım əhalisinin Rusiyaya könüllü birləşdiyində israr edir.

"The Guardian" yazır ki, Rusiyanın bu addımı onun hazırda Suriyada davam edən münaqişədəki iştirakı ilə bağlıdır, beləki artıq bir neçə nüfuzlu beynəlxalq təşkilat Rusiya hərbiyyəsinin Suriyadakı fəaliyyətinin araşdırılmasına çağırıb.

Məqalədə bu da qeyd olunur ki, BCM-in bütün cidd-cəhdlərinə baxmayaraq onun təməl Konvensiyasını ABŞ, Çin və əksər Yaxın Şərq ölkələri də ratifikasiya etməyiblər.

Bu Konvensiyanı əksəriyyəti kiçik olan 120 ölkə ratifikasiya edib.

BCM-in prezidenti - hakim Silvia Fernández de Gurmendi bir sıra ölkələrin Konvensiyadan çıxmasını təəssüf doğuran hadisə adlandırıb.

Donald Trump "müsəlman məsələsini" Konqressiz həll edə bilər?

Şəklin mənbəyi, Scott Olson

Şəklin alt yazısı,

Trump-ın siyasət müşavirləri yeni qanunvericilik layihələri üzərində "işə başlayıblar"

"The Telegraph" yazır ki, prezident seçilmiş Donald Trump ABŞ-Meksika hasarının tikintisinə və müsəlman ölkələrindən olan mühacirlərin məcburi qeydiyyatına Konqresin təsdiqini gözləmədən də başlaya bilər. Məqalədə deyilir ki, bu barədə məlumatı Trump-ın keçid komandasına daxil olan adamlardan biri yayıb.

Arizona və başqa ştatların sərt miqrasiya qanunlarının yazılmasında əsas rolu oynamış Kansas ştatının dövlət katibi Kris Kobach deyib ki, Trump-ın siyasət müşavirləri yeni qanunvericilik layihələri üzərində işə artıq başlayıblar.

"The Telegraph" yazır ki, Trump-ın komandası cənab Kobach-ın müsahibəsi ilə bağlı şərh verməyib.

Cənab Kobach Reuters agentliyinə deyib ki, Donald Trump-ın müşavirləri icra fərmanlarının layihəsi üzərində işləyirlər və yeni prezident Mülki Müdafiə Nazirliyi ilə birlikdə bu fərmanların icrasına Konqres onları təsdiq etmədən də başlaya bilər.

Kobach həmçinin bildirib ki, icra sənədlərinin layihələrinə görə ekstremist təşkilatların fəaliyyət göstərdiyi ölkələrdən gələn mühacirlər və qonaqların qeydiyyatı qaydası bərpa oluna bilər.

"The Telegraph" yazır ki, cənab Kobach prezident Bush-un administrasiyasında çalışarkən Milli Təhlükəsizlik Giriş-Çıxış Sistemi adlanan qaydaların tərtib edilməsində əsas rollardan birini oynayıb.

Bu qaydalar ABŞ-da 11 sentyabr terror hücumlarından sonra tətbiq edilsə də, 2011-ci ildə insan haqları qruplarının təzyiqi altında ləğv edilmişdi.

Cənab Kobach deyib ki, müşavirlər Meksika sərhədində hasarın tikilməsi işinə də Konqresin sısverməsi olmadan başlamağın yollarını araşdırırlar.

"The Telegraph" qəzeti yazır ki, Kobach-ın tərtibində iştirak etdiyi qaydalara görə polisin saxladığı miqrantların təhqiqatı icra olunurdu.

Bu qaydalar 2011-ci ildə ABŞ Ali Məhkəməsi tərəfindən ləğv edilib.

Cənab Kobach habelə Kansasdakı seçici qanunlarının sərtləşdirilməsində iştirak edib. Həmin qanunlara görə seçki məntəqələrinə gələnlərdən vətəndaşlıq sənədləri tələb olunur.

O Reuters-ə verdiyi müsahibədə deyib ki, bəzi hallarda mühacirlər müvafiq məhkəmə qərarları olmadan da deportasiya oluna bilərlər.

Məhəbbətdə siyasət vacibdir, yoxsa gigiyena?

Şəklin mənbəyi, CHRISTOPH SCHMIDT

Şəklin alt yazısı,

2 min insanın tanışlıq tələblərininin araşdırılması ortaya çox maraqlı tapıntılar qoyub

"The İndependent" yazır ki, əvvəllər evlilik və ya sadəcə tanışlıq üçün yaradılmış büro və saytlarda adamların tələbləri - geyim və yemək tərzinə, ağızdan gələn iyə və sair bu kimi cəhətlərə aid olardı.

Adamlar müəyyən tələbləri qoymaqla özlərinə uyğun namizədləri seçər, tələblərinə uyğun gəlməyənləri isə rədd edərdilər.

Məqalədə deyilir ki, bu tələblərin arasında siyasi baxışlar barədə tələbə rast gəlinmirdi.

Lakin müasir dünyamızda evlənmə məqsədli tələblər arasında siyasi çalarlar da artmağa başlayıb.

Ələlxüsus da Brexit-dən sonra bir sıra namizədlər tərcümeyi-hallarında Avropadan çıxmaq və ya qalmaq tərəfdarı olduqlarını göstərirlər.

"The İndependent" yazır ki, 2 min insanın tanışlıq tələblərininin araşdırılması ortaya çox maraqlı tapıntılar qoyub.

Sapio firmasının apardığı rəy sorğusundan görünür ki, adamlar namizədin irqçilik, seksual ayrıseçkilik və ya seksizm və dözümsüzlük kimi cəhətlərini qeyri-məqbul faktor hesab edirlər.

Məsələn, məlum olub ki, 40 yaşında və daha gənc qadınlar arasında əsas tələblər namizədin irqçi, dözümsüz və ya qadın cinsinə xor baxan olmaması olub.

41 yaşında və daha yaşlı qadınların tələblərində seksizm artıq ikinci plana keçir, birinci plana isə namizədin iqrçi və pinti olmaması çıxır.

Rəy sorğusu göstərib ki, həyat yoldaşı axtaran kişilərin də yaşı artıqca əsas tələb kimi gigiyenik təmizkarlıq irəli çıxır.

Məsələn 30 və daha çox yaşı olan kişilərin əsas tələbi namizədin təmizkar olmasıdır. Halbuki 18-29 yaş qrupunda gigiyena ikinci dərəcəli tələbdir.

Araşdırma göstərir ki, məhz bu cəhət, kişilər və qadınlar arasındakı əsas fərqlərdən biridir.

Maraqlıdır ki, dini və irqi fərqlər heç bir yaş qrupunda əsas tələblər deyil.

"The İndependent" yazır ki, bu mürəkkəb zəmanədə ən azı buna sevinmək lazımdır.