Britaniya mətbuatı: Siyasətçi deyir Avropa dağıla bilər, alim deyir dünya…

Merkel və Obama

Şəklin mənbəyi, Sean Gallup

Şəklin alt yazısı,

Barack Obama "alman olsaydı Merkeli dəstəkləyərdi" deyib

Obama "alman olsaydı…"

"The Guardian" yazır ki, Barack Obama ABŞ-da prezident seçilmiş Donald Trump-ı Rusiya ilə münasibətlərdə sırf "realpolitik yanaşmasından" çəkinməyə və Amerika dəyərlərinin müdafiəsini davam etdirməyə çağırıb.

"Mən də Rusiya ilə konstruktiv münasibətlərə çalışmışam, lakin realist olaraq bunu da başa düşmüşəm ki, bizim və Rusiyanın dünyaya baxışında bəzi əhəmiyyətli fərqlər var" - Obama Berlində kansler Angela Merkellə birgə keçirdiyi mətbuat konfransında deyib.

Obama deyib ki, Trump-ın "bizim yanaşmamızı" addımbaaddım davam etdirəcəyinə inanmır, lakin ümid edir ki, onun xələfi konstruktiv siyasətlər yürüdərək demokratik dəyərləri və qanunun aliliyini müdafiə edəcək.

O bildirib ki, Rusiya ilə müəyyən razılaşmalar əldə etmək naminə kiçik ölkələrin əzilməsinə və beynəlxalq qanunların pozulmasına yol vermək olmaz.

Trump-ın seçki qələbəsindən sonrakı bir həftədə göstərdiyi davranış barədə suala cavab verərkən cənab Obama deyib ki, onun elə sadəcə olaraq üzərinə düşən rol onu prezidentliyə yararlı edəcək.

Barack Obama deyib ki, ABŞ prezidentinin vəzifəsi, onun təkcə amerikalıların deyil, dünya xalqalarının hamisi olmasını tələb edir.

O hətta xəbərdarlıq edib ki, "bu məsuliyyətə lazımınca ciddi yanaşılmasa" prezidentliyin özü uzun müddət çəkə bilməz.

Barack Obama ABŞ prezidenti kimi kansler Merkellə görüşündə Trump-ın qələbəsindən sonra Rusiyaya qarşı sanksiyalar, özünü İslam Dövləti adlandıran qrupla mübarizə və ABŞ-Avropa İttifaqı münasibətlərinin necə ola biləcəyini müzakirə edib.

Bu görüşdə Barack Obama dünya boyunca vətəndaşlara müraciət edərək "demokratiyanın qədrini bilməyə" çağırıb.

O deyib ki, "mən müəyyən məsələlər barədə dərin narahatlığı olan insanlara susmağı məsləhət görməzdim".

Prezidentliyini başa vurmaqda olan Obama insanları həm də "bizim hökumət sistemimizin qədrini bilməyə" çağırıb.

Barack Obama vurğulayıb ki, ABŞ-da adamların 43 faizi səs verməsə, demokratiya zəifləyə bilər.

Xanım Merkel-in daha bir müddətə kanslerlik üçün mübarizə aparıb-apamamalı olduğu barədə suala cavab verərkən Obama deyib ki, "başqa ölkələrin işlərinə qarışmır, lakin o "alman olsaydı Merkeli dəstəkləyərdi".

Xanım Merkel-in özü isə bu suala cavab olaraq bildirib ki, daha bir müddətə kanslerlik iddiası olub-olmadığlını "daha münasib vaxtda" bildirəcək.

Cənab Obamanın Avropaya son səfəri çərşənbə günü Almaniya kansleri ilə Adlon otelində etdiyi şamla başlanıb.

Cümə günü onların görüşünə Britaniya baş naziri Theresa May, Fransa prezidenti Francois Hollande və İtaliyanın baş naziri Matteo Renzi də qatılacaqlar.

Avropanın dağılmaq təhlükəsi

Aİ bayraqları

Şəklin mənbəyi, Dan Kitwood

Şəklin alt yazısı,

Fransa və Almaniya tədbir görməsə "Avropa parçalanıb dağılmaq təhlükəsi qarşısındadır", Fransanın baş naziri Manuel Valls bəyan edib

Bu arada elə Almaniyanın paytaxtında olan Fransanın baş naziri Manuel Valls bəyan edib ki, Fransa və Almaniya insanların iqtisadi artıma və işsizliyə dair narahatlıqlarına cavab verməsələr Avropa İttifaqını dağılmaq gözləyir.

"The İndependent" qəzetinin yazdığına görə cənab Valls deyib ki, onilliklər ərzində Avropa İttifaqının məhvəri olan məhz bu iki ölkə diqqətlərini miqrant böhranının çözümünə, Aİ üzvləri arasında həmrəyliyin yox olmasına və Britaniyanın ittifaqı tərk etməsi ilə bağlı yaranmış vəziyyətə yönəltməlidir.

"Avropa parçalanıb dağılmaq təhlükəsi qarşısındadır" - deyib cənab Valls Almaniyanın Sueddeutsche Zeitung qəzetinin təşkil etdiyi tədbirdə.

O deyib ki, Almaniya və Fransanın məsuliyyəti çox böyükdür.

Cənab Valls deyib ki, Fransa öz iqtisadiyyatının açılımını davam etdirməli, Almaniya və bütövlükdə Avropa İttifaqı isə iqtisadi artımın əldə olunması və yeni iş yerlərinin yaradılması, habelə müdafiə sisteminin gücləndirilməsi səylərini əsirgəməməlidirlər.

Fransanın baş naziri deyib ki, Britaniya Avropa İttifaqını tərk edərkən "gilasın yaxşısını seçməyə" cəhd göstərməməlidir.

"Əgər onlar Avropanın rahatsızlıqlarına şərik olmadan yalnız üstünlüklərinə sahib olmağa qadirdirlərsə, onda biz başqalarının da Avropa İttifaqını tərk etmələri üçün pəncərə aça bilərik" - deyib Valls.

Fransa baş naziri deyib ki, Brexit və Trump-ın qələbəsi acıqlı vətəndaşları dinləməyin vacib olduğunu göstərib.

Valls deyib ki, qərar qəbul edə bilməyən siyasətçilər populistlər və demaqoqlar üçün qapı açırlar.

Yer kürəsindən "qaçmağa" 1000 il vaxtımız var

Stephen Hawking

Şəklin mənbəyi, Jemal Countess

Şəklin alt yazısı,

Stephen Hawking bildirir ki, bəşəriyyət daha bir minilliyi sağ çıxmayacaq

Britaniyalı professor Stephen Hawking deyib ki, bəşəriyyət özünə Yer planetindən başqa bir yerdə "ev" tapa bilməsə daha bir minilliyi sağ çıxmayacaq.

"The Telegraph" yazır ki, tanınmış fizik bu bəyanatı Oxford Union Society cəmiyyətində oxuduğu mühazirədə verib.

Alim deyib ki, kosmologiya son illərdə çox inkişaf edir və bəşəriyyətin gələcəyini xilas etmək üçün kainata səfərlər davam etməlidir.

"Mən düşünmürəm ki, biz kövrək planetimizi tərk etmədən daha bir minillik ərzində sağ qala bilərik" - deyib professor.

"The Telegraph" yazır ki, alim bu ilin əvvəllərində Virgin's Galactic SpaceShipTwo gəmisinin açılışında iştirak edib.

Bu açılış mərasimində o demişdi ki, əlilliyinə baxmayaraq əgər götürsələr bu gəmi ilə uçmağa hazırdır.

Stephen Hawking deyib ki, özü təbiətin təməl zərrələrindən ibarət insanın bizi və kainatı idarə edən qanunları dərk etməsi böyük nailiyyətdir.

O auditoriyaya müraciət edərək deyib: "Ayağınızın altına yox, göyə - ulduzlara baxmağa çalışın".