Suriya münaqişəsi: Hələb bombardman nəticəsində "xəstəxanasız qalıb"

Hələb

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

Cümə günü hava həmlələri nəticəsində ən azı 13 nəfər həlak olub.

Suriyanın şimalında günlərdir ki, davam edən hava zərbələri Hələb şəhərinin şərqini demək olar ki, xəstəxanasız qoyub, səhiyyə rəsmiləri bildirir.

Ümumdünya Səhiyyə Təşkilatına əsasən hökumət qüvvələrinin həmlələrinə görə müvəqqəti tibb müəssisələri fəaliyyətini dayandırmalı olub.

Suriya İnsan Haqları Müdafiə Şurası hökumət qüvvələrinin mühasirəsində qalan şərqdəki rayonlarda bəzi xəstəxanaların hələ də fəaliyyət göstərdiyini bildirib.

Hərçənd ki, aramsız atəşə görə yerli sakinlər xəstaxanaya getməyə ehtiyatlanırlar, Londonda mənzillənən kampaniya qrupu bildirir.

Ötən gün Hələbdə olan AFP müxbiri şəhərin son iki ildə ən şiddətli hava və artilleriya atəşinə məruz qaldığını bildirib.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı,

Hökumət qüvvələri bombardmanı çərşənbə axşamı günü başlayıb.

Mülki müdafiə qüvvələrinin könüllülərindən biri də fransalı müxbirin dəyərləndirməsinə şərik çıxaraq indiyədək "belə bir şiddətli atəşin" şahidi olmadığını deyib.

Nəcib Fəxrinin sözlərinə görə mərmilərin küçələrə düşdüyünə görə onun qrupu çağırışlara çıxa bilməyib.

Videonun alt yazısı,

Hələbə hava həmlələri davam etdirilir

Cümə günü zorakılıq nəticəsində 13 nəfərin öldüyü xəbər verilib. Onlardan 3-ü hökumətin nəzarətində olan şəhərin qərb rayonlarına raket zərbələrindən sonra həlak olub.

Çərşənbə axşamı günü Rusiya 3 həftəlik moratoriumdan sonra hava zərbələrini bərpa edib.

Hərçənd ki, Rusiya əməliyyatların yalnız İdlib və Homs rayonlarında həyata keçirildiyini bildirir.

Oktyabr ayı ərzində hava zərbələri və artilleriya atəşi Hələbin şərq hissəsində təxminən 700 nəfərin ölümünə səbəb olub. Hökumət qüvvələrinin nəzarətində olan Hələbin qərbində də onlarla insan həlak olub, BMT bildirir.