Britaniya mətbuatı: Hər kim eşşək pendirindən gündə bir dilim yesə…

British press

"The İndependent yazır ki, Türkiyə prezidenti Recep Tayyip Erdoğan yenə də Hitlerlə İsraili müqayisə etməyə çalışıb.

Daha doğrusu o İsrail televiziyasına müsahibəsində deyib ki, Holokostun, yoxsa İsrailin Qəzza zolağındakı hərbi hücumlarının "daha qəddar" olduğu məsələsində qərara gələ bilmir.

Bu Recep Tayyip Erdoğanın 10 ildən bəri İsrail mediasına ilk müsahibəsi idi.

O hay-küyə səbəb olmuş sözləri 2014-cü ildə İsrail hökumətini "Hitleri kölgədə qoyan barbarlıqda" ittiham etməsi barədə suala cavab verərkən deyib.

"The İndependent" yazır ki, Türkiyə prezidenti 2014-cü ildə İsraildə hiddətə səbəb olmuş tənqidinə görə peşmançılıq çəkən adam təsiri bağışlamayıb.

Həmin il İsrailin Həmasa qarşı bombardmanında əksəriyyəti dinc əhalidən olan 2200 fələstinli həlak olmuşdu.

"Mən Hitlerin əməllərinə haqq qazandırmıram və İsrailin də hərəkətlərinə haqq qazandırmıram - deyib Erdoğan, - Ortalıqda bu qədər ölən varsa kimin daha barbar olduğu namünasib sualdır".

"The İndependent" yazır ki, "The Times of Israel" qəzeti Erdoğanın qeydlərinin türkcədən bir qədər fərqli tərcüməsini verib: "Kimin daha vəhşi olması barədə müqayisəyə burada yer olmamalıdır".

Məqalədə deyilir ki, Türkiyə prezidentinin İsrail televiziyasının 2-ci kanalına müsahibəsi iki ölkənin öz aralarındakı münasibətləri qaydaya salmaq istədikləri vaxta təsadüf edir.

Bu münasibətlər 2010-cu ildə Qəzzaya humanitar yardım aparan Türkiyə gəmisi İsrail komandosunun hücumuna məruz qalandan və gəmidəkilərdən 10 nəfərinin həlak olmasından sonra pozulmuşdu.

Bu hadisədən sonra Ankara İsraillə bütün diplomatik bağları qırmışdı.

Cənab Erdoğan bu hücumdan sonra İsraillə Hitler arasında daha bir analogiyadan danışmışdı. O demişdi ki, "İsrail Hitlerin ruhunu yaşadır". Bundan başqa Türkiyə prezidenti İsraili fələstinlilərin soyqırımında ittiham etmişdi.

İsrail televiziyasına müsahibəsində Erdoğan bunu da deyib ki, bu ölkədə Hitler mövzusunun nə qədər həssas olduğunun fərqindədir.

Lakin o əlavə edib ki, Qəzza zolağında həlak olmuş yüzlərlə və minlərlə insanı unutmaq mümkün deyildir.

Məqalədə deyilir ki, İsrail və Türkiyə son aylarda münasibətlərini bərpa etməyə başlayıblar.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı,

Türkiyə prezidentinin İsrail televiziyasının 2-ci kanalına müsahibəsi iki ölkənin öz aralarındakı münasibətləri qaydaya salmaq istədikləri vaxta təsadüf edir.

Hər iki ölkə İsrail qazını Avropaya Türkiyədən keçərək nəql etməli olan kəmər layihəsində maraqlıdır.

Ötən həftə Ankara özünün xarici işlər müşavirlərindən birini İsrailə səfir təyin edib.

Parisdə iki qətərli qadını soydular

"The Telegraph" yazır ki, Parisin şose yollarından birində Qətərdən olan iki qadın öz avtomaşınlarında qarət olunublar. Quldurların ümumi dəyəri 5 milyon avro olan pul və başqa dəyərli əşyalar apardığı bildirlir.

Polis mənbələrinin AFP agentliyinə verdiyi məlumata görə qadınlar Le Bourget hava limanından yenicə aralanıbmışlar ki, Bentley markalı avtomobilləri maskalılar tərəfindən saxlanıb.

Qadınların üzlərinə gözyaşardıcı qaz buraxılıb və maşında zinət əşyaları, pal-paltar və başqa yüklər də daxil nə varsa oğurlanıb.

Fransanın BFMTV televizyasının verdiyi xəbərə görə qarət qurbanları təxminən 60 yaşlarındadır.

Bently-ni özəl şofer idarə edirdi.

"The Telegraph" yazır ki, bu hadisədən bir neçə həftə əvvəl Fransa paytaxtında Amerikanın realiti ulduzu Kim Kardashian qarət olunmuşdu.

Qarətçilər onu vanna otağına salaraq qapını arxadan bağlamış 10 milyon dollar dəyərində zinət əşyalarını aparmışdılar.

Bu ayın əvvəllərində isə Parisdə daha bir sənətçi - Bollywood aktrisası Mallika Sherawat üzünə gözyaşardıcı qaz fışqırdılaraq döyülmüşdü.

Ümumiyyətlə Le Bourget hava limanı yaxınlığında qarət halları tez-tez baş verir.

Ötən ay bir fransız şirkətinin rəhbərini aparan taksi dayandırılmış, üç qarətçi 100 min avro dəyəri olan müxtəlif əşyarları aparmışdılar.

Ötən il isə koreyalı sənətkarlıq kolleksiyaçısı öz maşınında qarət olunmuş və 4 milyon avroluq cəvahiratı oğurlanmışdı.

"The Telegraph" yazır ki, Le Bourget əsasən özəl təyyarələri qəbul etdiyindən bu hava limanından siyasətçilər və məşhurlar istifadə edirlər.

Dünyanın ən bahalı pendiri eşşək südündən hazırlanır

"The İndependent" yazır ki, Serbiyanın bircə fermasında istehsal olunan eşşək pendiri dünyanın ən bahalı pendiridir.

Şəklin mənbəyi, CHARLY TRIBALLEAU/AFP/GettyImages

Şəklin alt yazısı,

Lakin eşşək pendirinin qiyməti elədir ki, onu supermarket piştaxtalarında görmək çətin mümkün olsun, "The İndependent" yazır.

Çox nadir sayılan bu pendir eşşək südündən hazırlanır, bu süd isə zülallar, kalsium və omega 3 yağ turşularlı ilə zəngindir. Bu maddələr ürək-damar sisteminin sağlamlığının qorunub saxlanmasında mühüm rol oynayır.

Məqalədə deyilir ki, getdikcə daha çox adamın orqanizmlərinin inək südü və pendirinə dözümsüz olduğunu iddia etdikləri bir vaxtda eşşək südü alternativ kimi cəlbedici görünür.

Lakin eşşək pendirinin qiyməti elədir ki, onu supermarket piştaxtalarında görmək çətin mümkün olsun.

Supersağlam qida elan edilmiş eşşək pendirinin kilosu 880 funt sterlinqdir (1890 manat).

"The İndependent" yazır ki, dünyada eşşək pendirinin yeganə istehsalçısı Slobodan Simic-in ferması Serbiya paytaxtı Belqraddan 50 kilometr məsafədəki Zasavitsada yerləşir.

Biznesə 16 il əvvəl cəmi 12 eşşəklə başlayan Simic-in indi 300 baş sürüsü var.

Pule adlanan pendirin belə bahalığına səbəb odur ki, 1 litrlik pendirin alınması üçün 25 litr eşşək südü lazım gəlir.

Bundan başqa eşşəklər bir qayda olaraq inək və keçirlədən daha az süd verirlər.

Simic-in fermasında eşşəklər gündə üç dəfə əllə sağılır.

Lakin eşşək pendirinin yaradılması zamanı ortaya çıxan ən böyük çətinlik eşşək südünün təkibində kazein adlı zülalın kifayət qədər olmamasıdır. Bu isə pendirin hazırlanmasında qatılaşdırıcı agent sayılır. Simic-in bu problemin öhdəsindən necə gəlməsi çox cidd-cəhdlə qorunan kommersiya sirridir.

Bu pendirin dadını təbii ki, çox az adam bilir, amma məşhur tennisçi Novak Djokovic deyilənə görə eşşək pendirinin azarkeşidir.

Şəklin mənbəyi, GLYN KIRK/AFP/Getty Images

Şəklin alt yazısı,

Məşhur tennisçi Novak Djokovic deyilənə görə eşşək pendirinin azarkeşidir.

Bir neçə il əvvəl belə bir söz çıxmışdı ki, guya tennisçi bir illik qlobal eşşək pendiri məhsulunun hamısını alıb. Sonralar Djokovic bu iddiaları rədd etmişdi.

Bir də əfsanəyə görə eşşək südünü Kleopatra xoşlayırmış. Deyirlər ki, o, bədənini cavan saxlamaq üçün eşşək südündə çimərmiş.

Eşşək südünü başqa südlərdən fərqləndirən xeyirli keyfiyyətlər var. Məsələn eşşək südündə C vitaminin miqdarı adi süddəkindən 60 dəfə çoxdur, amma yağlılığı cəmi 1 faizdir.

Deyirlər ki, guya eşşək pendirindən gündə bircə dilim yeməklə astma və bronxitin öhdəsindən gəlmək olar.

Amma kilosu 2000 manata olan pendirdən gündə bir dilim necə yeyəsən?