Britaniya mətbuatı: Trump-ın səslərini yenidən saymağı tələb edirlər

Şəklin mənbəyi, Justin Sullivan
Jill Stein bir neçə həlledici ştatda seçki nəticələrinin təftişi üçün rəsmi müraciət hazırlayır.
"The Guardian" yazır ki, ABŞ-da Yaşıllar Partiyasının prezidentliyə namizədi Jill Stein bir neçə həlledici ştatda seçki nəticələrinin təftişi üçün rəsmi müraciət hazırlayır.
Bu məqsədlə Stein internetdə 2, 5 milyon dollarlıq ianə fondunun toplanması kampaniyasına başlayıb. Bu pul ona Michigan, Pennsylvania və Wisconsin ştatlarında səslərin yenidən saydırılması üçün lazımdır.
Stein bildirib ki, bu ştatlarda "səsvermə anomaliyalarının" baş verdiyini göstərən inandırıcı dəlillər vardır. Söhbət, əsasən səslərin toplam rəqəmlərindəki əhəmiyyətli uyğunsuzluqlardan gedir.
Yaşılların namizədi bidlirib ki, bu məsələ 2016-cı il seçkisinin nəticəsi rəsmən təsdiq edilməzdən əvvəl təhqiq olunmalıdır.
Səslərin təkrar sayılmasını habelə bir neçə alim və fəal qrupları da tələb edirlər. Onlar deyirlər ki, seçki sisteminə xarici hakerlər müdaxilə edə bilərdi.
Narahatlıq keçirən qruplar məğlub olmuş demokarat namizəd Hillary Clinton-u da bu kampaniyaya qoşulmağa çağırıblar.
"The Guardian" yazır ki, Donald Trump Pennsylvania və Wisconsin-də gözlənilməz və həm də cüzi səs çoxluğu ilə qələbə qazanıb. O hələ seçki nəticələri elan edilməmiş Michigan ştatında da qalib gələ bilər.
Bir neçə ştatın qanunları seçki səslərinin yenidən sayılmasına icazə verir. Amma Trump-ın 0, 7 faiz fərqlə qalib gəldiyi Wisconsin ştatında təkrar hesablama üçün qoyulmuş müddət cümə günü başa çatır.
Trump-ın cəmi 0, 3 faizlə irəlidə olduğu Michigan ştatında səslərin təkrar sayılması üçün müddət noyabrın 30-da başa çatır.
"The Guardian" qəzeti bundan əvvəl də yazmışdı ki, alimlərin və fəalların koalisiyası seçki təhlükəsizliyi barədə narahatlıqlarını gələn həftənin əvvəllərində Konqres komitəsinə və federal hakimiyyət orqanlarına rəsmən bildirməyə hazırlaşırlar.
ABŞ seçkiyə yardım komissiyasının müşaviri və elektron səsvermə eksperti doktor Barbara Simons deyib ki, o səslərin yoxlanmasını istərdi.
Xanım Simons deyib ki, seçki sonrası bülleten auditinə ciddi ehtiyac var.
Milli Səsvermə Hüququ İnstitutunun təsisçisi John Bonifaz və Michigan Universiteti kompüter təhlükəsizliyi və cəmiyyət mərkəzinin direktoru, professor Alex Halderman-ın rəhbərlik etdiyi qrup da bülleten auditinin aparılmasını tələb edən ikinci ekspert qrupuna rəhbərlik edirlər.
Çərşənbə günü yazdığı bloqpostda Halderman bildirir ki, Wisconsin, Michigan və Pennsylvania ştatlarında bülletenlər və səsvermə cihazları təftiş edilməlidir.
Lakin o əlavə edir ki, əgər rəsmi namizədlər bir neçə gün ərzində tələb etməsələr bu təftişi heç kim həyata keçirməyəcək.
"The Guardian" yazır ki, Clinton-un Trump-a məğlubiyyətindən az əvvəl ABŞ kəşfiyyat agentlikləri bildirmişdilər ki, ABŞ-da regional seçki seçki kompüterlərinə və demokrat rəsmilərin emaillərinə haker müdaxiləsinin arxasında ruslar dayanır.
Wisconsin ştatının seçki nəticələrində müəmmalı görünən budur ki, Donald Trump burada yalnız elektron səsvermə keçirilən dairələrdə udub, köhnə qaydada kağız bülletenlərlə səs verilən dairələrdə isə uduzub.
Bu da qeyd olunur ki, Wisconsin-də istifadə edilən səsvermə cihazları California da daxil bir çox ştatlarda qadağan olunub. Buna səbəb bu cihazların haker hücumu qarşısında müdafiəsiz olduğunun aşkar edilməsi olub.
Lakin bu fərziyyələri rədd edən ekspertlər də var. Onlar həlledici ştatlarda qeydə alınmış nəticələrin seçkinin ümumi nəticələrinə təsiri barədə iddiaların şişirdilmiş olduğunu bildirirlər.
Buna baxmayaraq kibertəhlükəsizlik, müdafiə və seçki üzrə ixtisaslaşmış onlarca professor Konqres liderlərinə açıq məktub yazaraq seçkiyə xarici müdaxilə barədə xəbərlərdən "dərin narahatlıq" keçirdiklərini bildiriblər.
Məktubda deyilir ki, seçki sisteminə Rusiyanın müdaxiləsinə dair iddia və məlumatlar çox səhih araşdırılmalıdır.
"The Guardian" yazır ki, Stein-in bəyanatı indiyədək sakit dayanmış Clinton düşərgəsini də hərəkətə gəlməyə ürəkləndirə bilər.
Clinton-un ən yaxın müşavirlərindən Huma Abedinin bacısı açıq bəyanat verib. Onun sözlərinə görə Michigan, Pennsylvania və Wisconsin ştatlarında Trump-a sayılmış 55 min səsin ləğv olunması kifayətdir ki, Hillary Clinton qalib elan edilsin.
Ruslar indi də "nüvə qatarı" düzəldirlər
"The İndependent" yazır ki, Rusiya özünün "nüvə qatarları" layihəsi üçün nəzərdə tutulmuş qitələrarası ballistik raketlərini uğurla sınaqdan keçirib.
Barquzin adlı "dəmiryolu raket sistemi" iki həftə bundan əvvəl Plesetsk kosmodromunda sınaqdan keçirilib.
Məqalədə deyilir ki, yeni sistemdə sərnişin qatarı kimi "maskalanmış" qatarlarda 6 ədəd Yars və Yars-M termonüvə ballistik raketləri və onların komanda pultları gizlədiləcək.
Yeni "nüvə qatarlarının" 2018 və 2020-ci illərdə istifadəyə veriləcəyi gözlənilir.
Rusiyanın strateji raket qoşunlarının komandanı general-leytenant Sergey Karakayev deyib ki, "Barquzin" zərbə məsafəsi və dəqiqliyinə görə Sovet zamanındakı "Molodets" qatarlarını üstələyəcək.
"The İndependent" yazır ki, Sovet İttifaqının ümumilikdə 12 "Molodets" qatarı vardı. Onlardan hər biri 3 ballistik raket daşıyırdı. NATO terminologiyasında Scalpel adı ilə tanınan bu "stateji qatarlar" 2003-2005-ci illər arasında ləğv olunmuşdu.
Bu arada Rusiya özünün təkmil nüvə silahlarını Polşa və Baltikyanı ilə həmsərhəd olan Kalininqrad vilayətində yerləşdirməyə başlayıb.
Rusiya bu ərazidə S-400 sistemlərini və nüvə başlıqlı İskander raketlərini yerləşdirməyi planlaşdırır.
Kreml bu barədə Qərbin tənqidlərini rədd edərək bildirir ki, strateji silahların Baltika regionunda yerləşdirilməsi NATO-nun Rusiya sərhədlərinə doğru genişlənməsinə adekvat cavabdır.
Bundan əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü John Kirby bəyan etmişdi ki, S-400 sistemlərinin və İskanderlərin Kalininqradda yerləşdirilməsi Avropanın təhlükəsizliyinə hədə yaradır.
Kremlin sözçüsü Dmitri Peskov isə deyib ki, Rusiya hərbiyyəsi "NATO-nun aqressiv hərəkətlərinə" reaksiya verməlidir.
"Bu alyans həqiqətən də aqressiv blokdur və Rusiya nə etməlidirsə, onu da edir" - deyib sözçü.
"The İndependent" yazır ki, Moskva həmçinin Yaponiya ilə mübahisəli Sakit okean adalarında yeni əleyhgəmi raketlərini yerləşdirib.
Bal və Bastion adlı raket sistemləri Rusiyada Cənubi Kuril, Yaponiyada isə Şimal Əraziləri adlandırılan adalarda quraşdırılıb.
Sovet İttifaqı və Yaponiya arasında İkinci Dünya Müharibəsinin qurtardığını təsdiqləyən saziş məhz bu adalara görə bu günədək imzalanmayıb.
Uzaq uçuşlar qara ciyər xərçəngi yarada bilər
Şəklin mənbəyi, Scott Olson
"The Telegraph" yazır ki, yeni elmi tədqiqatın nəticəsinə görə təyyarələrlə müntəzəm olaraq uzaq məsafələrə uçanlarda qara ciyər xərçəngi yarana bilər.
Təcrübələr zamanı aşkar edilib ki, elmdə jetlag kimi tanınan xroniki hal qara ciyər üzərində yağların və öd turşularının yığılmasına səbəb olur.
Jetlag - yəni vaxt zonalarını aşan uzaqmənzilli təyyarə uçuşlarının orqanizmdəki metobolik prosesləri pozması halı siçanların üzərində öyrənilib.
Alimlər deyirlər ki, bu zaman qara ciyərin üstündə yığılan yağlar keçid mərhələsi olan sirrozu yaratmadan bilavasitə qara ciyər xərçənginə səbəb ola bilər.
Təkcə Britaniyada hər il 6 min nəfər bu xəstəlikdən dünyasını dəyişir.
Cancer Cell onkologiya jurnalında dərc edilmiş məqalədə deyilri ki, təcrübə zamanı siçanlar bir neçə vaxt qurşağından keçirilib.
Baylor Tibb Kollecinin alimləri müşahidə ediblər ki, vaxt qurşaqlarının qısa zamanda dəfələrlə keçilməsi bədən ritmini, yuxu tsiklini və maddələr mübadiləsini pozur.
Bu təsirlərə məruz qoyulmuş siçanlarda çəki artımı, qara ciyərin piylənməsi və xronik iltihab müşahidə edilib.
Bundan əvvəl aparılmış tədqiqatlar nizamsız iş cədvəlinin, xüsusən də gecə növbələrinin qara ciyər xərçəngi riskini artırdığını göstərmişdi.