ABŞ-da səslərin yenidən hesablanması: Trump Clinton-u tənqid edir

Donald Trump və Hillary Clinton Fotonun müəllifi AFP
Image caption Cənab Trump demokratların namizədi olan rəqibinə onun artıq nəticəni qəbul etdiyini xatırladıb.

ABŞ-da prezident seçilmiş Donald Trump Wisconsin ştatında bülletenlərin yenidən sayılmasını dəstəkləyən Hillary Clinton-u tənqid edib.

Cənab Trump demokratların namizədi olan rəqibinə onun artıq nəticəni qəbul etdiyini xatırladıb.

Wisconsin-də səslərin yenidən sayılmasını Yaşıllar Partiyasının namizədi Jill Stein tələb edib.

Dr Stein həmçinin Michigan və Pennsylvania ştatlarında səslərin yenidən hesablanmasını istəyir. Onun sözlərinə görə, bu ştatlardakı rəqəmlərdə "qeyri-normallıq" mövcuddur.

Jill Stein əmin olmaq istəyir ki, hakerlər nəticələri cənab Trump-ın xeyrinə dəyişməyib.

Seçki günündən əvvəl də Rusiya hakerlərinin nəticələrə müdaxilə edə biləcəyinə dair şübhələr var idi.

Adları çəkilən ştatlarda nəticələr fərqli olarsa, 8 noyabr prezident seçkilərinin nəticələri dəyişə bilər - hərçənd ki təhlilçilər buna çox da inanmırlar.

Hillary Clinton-un kampaniyası Wisconsin-dəki hesablamalarda iştirak edəcəyini açıqlayıb.

Kampaniyanın baş məsləhətçisi Marc Elias bildirib ki, seçkilərə müdaxilə olunduğuna dair heç bir dəlil olmasa da, "bizim Hillary Clinton-a səs vermiş 64 milyondan çox amerikalı qarşısında məsuliyyətimiz olduğu üçün dəqiq nəticələrin əldə edilməsi prosesində iştirak edəcəyik".

Cənab Trump Twitter-də səssaymanı "kədərli" adlandırıb.

"Çox vaxt və pul sərf ediləcək - eyni nəticə", o yazıb.

Dr Stein-in səslərin hesablanması məqsədilə ianə kimi topladığı pulun miqdarı hazırda 6 min dollardan çoxdur. Onun saytında deyilir ki, bu, Wisconsin, Pennsylvania və Michigan-da səssayma üçün bəsdir.

Bu barədə daha geniş