Britaniya mətbuatı: Neftlə birgə qiymətdən düşən Venesuela pulunu tərəzidə çəkirlər

British press

"The İndependent" yazır ki, bu ilin sonunadək Venesuelada inflyasiyanın 720 faizə çatacağı gözlənilir. İndi milli valyuta bolivarın ən böyük əskinasının qiyməti cəmi 5 ABŞ sentidir.

Məqalədə deyilir ki, Cənubi Amerikanın bu sosialist ölkəsində mağazalarda satıcılar alıcılardan malın haqqını pul kisələrini çəkməklə alırlar. Adamların çoxu pullarını böyük çanta və torbalarda gəzdirirlər.

Təhlilçilər isə deyirlər ki, Venesuela inflyasiyası artıq cilovlana bilməz.

2014-cü ildən bəri sürətlə düşən neft qiymətləri Venesuela iqtisadiyyatını vuran qoyub. Bütün bu proseslərə cavab olaraq prezident Nicolas Maduro milli valyutanın məzənnəsini saxlamağa çalışır və banklardan daha çox kağız pul çap olunmasını tələb edir.

Pul qiymətdən düşdükcə malların qiyməti od tutub yanır.

Paytaxt Karakasda delikates dükanının sahibi Humberto Gonzalez Bloomberg-in müxbirinə deyib ki, o nazik pendir dilimlərini və alıcılardan qəbul etdiyi pul bağlamalarını eyni tərəzidə çəkir.

Pul

Şəklin mənbəyi, Mario Tama/Getty Images

Şəklin alt yazısı,

Venesuelanın milli valyutası - bolivarın ən böyük əskinasının qiyməti cəmi 5 ABŞ sentidir. Bir çoxları qonşu Kolumbiyada bazarlıq etmək üçün bu ölkənin valyutasını, pesonu alır.

Cənab Gonzales deyib ki, hazırda pendir də puldan bahadır.

Konsaltinq firmalarından birinin direktoru Jesus Casique isə deyir ki, pulun çəki ilə hesablanması maliyyə böhranının göstəricisidir.

O deyir ki, sadə venesuelalılar vəziyyətin nə dərəcədə ciddi olduğunu dərk eləmirlər, çünki hökumət bu barədə heç bir məlumat vermir.

Neft Venesuela ixracatının 90 faizini və ölkə iqtisadiyyatının dörddə birini təşkil edir.

Ənənəvi olaraq neft gəlirləri dövlət büdcəsinin tam yarısını təmin edərdi.

"The İndependent" yazır ki, Venesuela əksər neft ölkələri kimi Holland xəstəliyinə tutulub.

Məqalədə deyilir ki, 2014-cü ildən bəri neft qiymətləri düşməyə başlayanda bolivarın devalvasiyadan başqa yolu qalmırdı.

Cənab Maduro inqilabı sələfi Hugo Chavez 2013-cü ildə vəfat edəndən sonra vəziyyətdən çıxış yolunu milli valyuta bolivarın məzənnəsini saxlamaqda görüb.

Növbə

Şəklin mənbəyi, RONALDO SCHEMIDT/AFP/Getty Images

Növbə

Şəklin mənbəyi, RONALDO SCHEMIDT/AFP/Getty Images

Şəklin alt yazısı,

Neft qiymətlərinin düşməsindən sonra ərzaq çatışmazlığına görə növbələr adi hala çevrilib.

Bu isə öz növbəsində ölkədə nəhəng qara bazarın yaranması ilə nəticələnib.

İndi fərasətli venesuelalılar üçün min bir fırıldaqla dollar əldə edib onu bolivara satmaq ən gəlhagəlli biznesə çevrilib. Elə bu sayaq biznesdir ki, Venesuela inflyasiyasını hədsiz şişirtməkdə davam edir.

Pul torbaları

Karakasın varlı məhəllələrindən birində qəzet köşkü saxlayan və burada siqaret və xırdavat satan kişi Washington Post qəzetinə deyib ki, o hər axşam plastik kisəni 100 min bolivar əskinasla doldurub qarət olunmaqdan qorxa-qorxa evinə aparır. "Bu qədər pul" təxminən 42 funt sterlinq edir.

42 yaşlı köşk sahibi deyir ki, ən çox satdığı mal siqaretdir və neftin qiyməti düşəndən bir qutu siqaretin qiyməti 250 bolivardan 2 min bolivara qalxıb.

Əcnəbilər üçün bu o deməkdir ki, bankomatdan 10 dollar dəyərində milli valyuta çıxarmaq istəsən gərək böyük çantanı hazır saxlayasan.

Elektron hesablaşma daha münasib olsa da, bütün ölkə boyunca xırda bizneslərin buna pulu çatmır.

Bu arada ölkəni sosialist şüarları ilə idarə etməkdə davam edən Maduro ölkədə yaranmış acınacaqlı vəziyyətə görə müxalifəti və "imperialist" ABŞ-ı ittiham edir.

"The İndependent" yazır ki, prezident daha bir çıxış yolu da tapıb və o daha iri məbləğli əskinasların çap olunmasını planlaşdırır.

Hazırda ölkənin ən iri əskinası 100 bolivardırsa, indi əskinaslar 500-lüklərdən başlayıb 20 minliyə çatacaq. 20 min bolivarın dəyəri isə 8 funt sterlinqdir.

Amma təzə pullar buraxılanadək venesuelalılar nə edəcəklərini bilmirlər. Karakas ətrafında çörək sexi olan Bremmer Rodrigues deyir ki, evi pul kisələri ilə doludur.

"Mən özünü lap narkobaron Pablo Escobar kimi hiss edirəm, - deyib 25 yaşlı Rodrigues, - Pul dağlarının üstündə oturmuşam".

Rusiya ilə ABŞ-ı "Melania Trump-ın vətəni" barışdıracaq?

"The Guardian" yazır ki, Ağ Evə köçmək hazırlığında olan Melania Trump-ın dogma vətəni Slovenia Donald Trump prezident səlahiyyətlərinin icrasına başlayan kimi Moskva və Washington arasında vasitəçilik etməyə hazır olduğunu bəyan edib.

Sloveniyanın baş naziri Miro Cerar Associated Press agentliyinə müsahibəsində deyib ki, Melania Trump-ın doğulduğu ölkə, bir-biri ilə bir çox məsələlərdə ixtilafda olan "iki supergüc arasında körpü ola bilər".

"The Guardian" yazır ki, Avropa İttifaqının üzvü olan və buna görə də Ukraynaya görə Kremlə qarşı Avropa sanksiyaları qarşısında öhdəlik daşıyan Sloveniya özünün slavyan müttəfiqi ilə də isti manasibətlərini qoruyub saxlayır. Vladimir Putin Sloveniyaya iki dəfə səfər edib.

ABŞ-da seçki kampaniyası zamanı Trump və Putin bir-biri barədə tərifli sözlər deyiblər.

Cerar deyib ki, əgər Birləşmiş Ştatlar və Rusiya "bu sayaq təşəbbüsdə" bulunsalar Sloveniya heç şübhəsiz iki supergüc arasında körpü rolunu oynaya bilər.

"Biz isbat etmişik ki, belə görüşləri təşkil etməyə qabilik" - deyib Sloveniyanın baş naziri.

"The Guradian" yazır ki, 2001-ci ilin iyununda keçmiş ABŞ prezidenti George W Bush və Putin arasında ilk üzbəüz görüş Sloveniyada keçirilmişdi. O vaxt ABŞ raketdən müdafiə sistemi ilə bağlı Moskvanı yola gətirməyə cəhd edirdi.

Qızlıq adı və soyadı "Melanija Knavs" olan 46 yaşlı Melania Trump Sloveniyanı 20 yaşlarında tərk edərək beynəlxalq modellik karyerasına başlayıb.

O son dəfə Sloveniyada 2002-ci ildə Donald Trump-ı valideynləri ilə tanış edəndə olub.

Donald Trump Melania-nın valideynləri ilə göl sahilində yerləşən kurort şəhəri Bleddəki Grand Hotel Toplica mehmanxanasında nişandan iki il əvvəl tanış olmuşdu.

Melania

Şəklin mənbəyi, AFP/GETTY

Şəklin alt yazısı,

Melania Trump birinci ledi kimi qadınların və uşaqların problemlərinin həllinə çalışacağını deyib.

Cerar deyib ki, həmvətəni ona elə ötən həftə zəng edibmiş.

"O çox ecazkar idi, - deyib Cerar özünün paytaxrt Lyublyanadakı ofisində, - Biz sloven dilində danışırdıq və mən onu və ərini böyük seçki qələbəsi münasibətilə təbrik etdim".

"Daha sonra o dəstəyi cənab Trump-a ötürdü. O Sloveniya haqqında çox məlumata malikdir. Mən ona dedim ki, istədiyi vaxt Sloveniyaya təşrif gətirib buradakı vəziyyətlə tanış ola bilər və o razılıq verdi. Mən ümid edirəm ki, bizim görüşümüz ya orda, ya da burda baş tutacaq" - deyib baş nazir.

Cerar deyib ki, söhbət zamanı onlar "çox ötəri olaraq" Sloveniyanın mümkün vasitəçilyini müzakirə ediblər, lakin "bu barədə heç bir spesifik bəyanat olmayıb".

"Biz belə bir imkana çox ciddi baxırıq, lakin təşəbbüs cənab Trump-dan və cənab Putindən gəlməlidir" - deyib Cerar.

"The Guardian" oxucularını xəbərdar edir ki, 1991-ci ildə Yuqoslaviyadan ayrlılmış Sloveniyanı başqa bir Avropa dövləti olan Slovakiya ilə səhv salmasınlar.

Cerar deyib ki, Trump ailəsi belə bir dolaşıqlığın aradan qaldırılmasında xüsusi rol oynayacaq. Qəzet xatırladır ki, Donald Trump-ın ikinci arvadı İvanka vaxtilə Çexoslovakiyanın bir parçası olmuş Slovakiyadandır.

Cerar əmin olduğunu bildirib ki, Donald Trump bu iki ölkənin fərqli olduğunu yaxşı bildir.