Britaniya mətbuatı: Koreya itlərinə “rus dilini” niyə öyrədirlər?

Türkiyə: Güclü prezidentin zəif valyutası - lirə
"Financial Times" qəzetinin müxbiri Mehul Srivastava kinayəli bir tonla dünya investorlarına Türkiyəyə sərmayə yatırmağı "məsləhət" görür.
"Bu ölkənin prezidenti Recep Tayyip Erdoğan onun ən böyük ticarət partyoru - Avropa İttifaqı ilə bütün bağların qırılması üçün referendum keçirmək istəyir" - deyilir məqalədə, - O qoşunları Suriya bataqlığına göndərib və Mosul və Raqqa uğrunda böyük müharibəyə girmək üçün qaşınır".
"Financial Times" yazır ki, Erdoğan ölkəni fövqəladə vəziyyətdə fərmanlarla idarə edir və son beş ayda həbsə atdığı etibarsız opponentlərinin şirkət və bizneslərindən 10 milyard dollarlıq mal-mülk müsadirə edib. Beləliklə, Türkiyə dövləti ölkənin ən böyük biznes konqlomeratına çevrilib.
Nəticədə xarici investisiyalar azalıb, milli valyuta - lirə rekord həddə ucuzlaşıb və dünyanın üç aparıcı agentliyindən ikisi Türkiyənin dövlət borcunu "zibil reytinqinə" endirib.
Müxbirin yazdığına görə hazırkı vəziyyət o qədər gərgindir ki, hökumətyönlü Sabah qəzetində bir mənbəyə əsaslanan və çox güman yanlış olaraq dərc edilmiş xəbər regionun ən böyük qida manufakturaçısı Yıldız Holdinqin səhmlərini çökdürüb. Səbəb bu olub ki, həmin xəbərdə şirkətin Fethullah Gülenlə mümkün bağlılığından bəhs olunurdu.
İnvestortorlar hətta Britaniya üçün ərzaq məhsulları hazırlayan şirkətin səhmlərindən yaxa qurtarmağa çalışıblar.
Türkiyə Maliyyə Bazarları Assosiasiyasının sədri İlhami Koç FT-yə bildirib ki, "investisiya havası buludludur".
Onun fikirncə bu regiondakı münaqişələr çözülsə bu ölkə yenidən investisiyaların axdığı məkana çevriləcək.
"Financial Times" yazır ki, cənab Erdoğan da təxminən elə bunu deyir. Amma Erdoğanın sözlərinə görə investisiyalar ölkəyə yalnız bir halda qayıda bilər ki, xalq 2017-ci ilin yazında keçiriləcək referendumda ona müstəsna səlahiyyətlər versin.
"Bu baş versə, sülh və uzunmüddətli iqtisadi firavanlıq qayıdıb gələcək, körpülər qol-qanad açacaq, yeni tunellər qazılacaq, yeni yollar şaxələnəcək və sair" - yazır ironiya ilə "Financial Times".
Adının çəkilməsini istəməyən maliyyəçilərdən biri "Financial Times" qəzetinə deyib ki, Türkiyə hazırda özünün xaotik keçid dövrünü yaşayır. Onun sözlərinə görə investorları cənab Erdoğanın avtokrat, majoritar və ya hətta diktator olması maraqlandırmır. Onları sabitlik maraqlandırır.
Şəklin mənbəyi, Chris McGrath/Getty Images
İyul ayında baş verən çevriliş cəhdindən bu yana lirənin məzənnəsi durmadan düşür.
"Financial Times" yazır ki, Erdoğan baş tutmayan çevriliş cəhdindən sonra bir həftə ərzində bütün hakimiyyəti əlinə alıb, Konstitusiya məhkəməsi iki hakim qovulduqdan sonra iqtidarsız vəziyyətə düşüb, onu tənqid etməyə cəsarəti çatan çox az media və müxalifət qalıb, amma bütün bunlara baxmayaraq keçid rəvan deyil.
Nəzəri baxımdan Erdoğan prezidentlik üsul-idarəsinə keçiddə heç bir çətinliklə qarşılaşmamalıydı, amma reallıqda president kürd siyasətçiləri terrorda ittiham edərək kənarlaşdırıb, Gülenlə bağlı olmaqda şübhəli bilinənləri həbsxanalara salıb, referendumun keçirilməsi üçün ona lazım olan millətçilərin qılığına girib.
Bütün bu hərəkətlər Türkiyədən qlobal narahatlıq yaradıb. Milli valyuta lirə bütün tarixi boyu ən aşağı həddinə düşüb.
Məqalədə deyilir ki, Donald Trump-ın qələbəsindən sonra lirə əmanət vasitəsi kim indi ən zəif valyutaların arasındadır.
"Financial Times" yazır ki, dollar qıtlığı olan bir ölkədə bankomatların dollar verməsi, vətəndaşlara dollar, avro və başqa xarici valyutalarda bank hesabı açmaq imkanı yaradılması paradoksaldır.
"Türkiyə bəlkə də yeganə inkişafda olan bazardır ki, öz vətəndaşlarına xarici valyutaya bu qədər maneəsiz çıxış verib" - deyilir məqalədə.
Əslində çevriliş cəhdindən bu yana lirənin məzənnəsi durmadan düşür, dollarla kreditləri olan şirkət və vətəndaşlar əsl təhlükə ilə üzləşiblər.
"Cənab Erdoğan bütün bunları başa düşür. Ötən çərşənbə günü, o öz əlilə təyin etdiyi baş nazirin əvəzinə iqtisadi koordinasiya şurasının iclasına sədrlik edib" - yazır qəzet.
Bu iclasda Erdoğan real faizləri sıfra salmadığına görə mərkəzi bankın qoparağını götürüb.
Ertəsi gün mərkəzi bank onun göstərişinin xilafına olaraq 2014-cü ildən bəri baza faizlərini qaldırıb.
Lakin buna baxmayaraq lirə nəfəs almağa imkan tapmayıb, çünki Avropa Parlamenti Türkiyə ilə Avropa İttifaqına üzvlük danışqılarının dayandırılnasına səs verib.
"İnnən belə investorların Türkiyədən gözləməli olduqları məhz belə bir meyldir: ən zəif valyutalardan biri ilə ən güclü liderlərdən biri arasında mübarizə gedir" - yazıb "Financial Times".
İybilənin dil bilməsi də vacibdir
"The Telegraph" yaır ki, Rusiyanın təhlükəsizlik xidmətləri partladıcı və narkotik maddələrin axtarışı üçün Cənubi Koreyadan gətirilmiş eksperimental iybilən itlərdən istifadə edəcək.
Bu itləri vaxtilə mamontları canlandırmaq istəyən Koreya alimi klonlayıb və Rusiyaya hədiyyə edib.
Şəklin mənbəyi, AFP
Malinua cinsindən olan itlərdən o cümlədən Koreya, Çin və ABŞ-ın antiterror xidmətlərində istifadə olunur.
Tom, Mark və Jack adlı bu küçükləri doktor Huan Vu Suk Cənubi Koreyadakı Sooam Biotech Research Foundation laboratoriyasında klonlama üsulu ilə yetişdirdikdən sonra Yakutiyadakı Hərbi Tarix Cəmiyyətinə bağışlayıb.
Üç Belçika malinua cinsindən olan itlər, deyildiyinə görə Koreyanın ən yaxşı iybilən itlərindən klonlanıb.
Yakutiyadakı rəsmilər bildiriblər ki, itlərin əhvalı yaxşıdır və onlar artıq baytar yoxlamasından keçiblər.
Hərbi Tarix Cəmiyyətinin rəhbəri Valeri Çuqunov deyib ki, itlərin iştahası yaxşıdır, lakin onlar Yakutiyanın sərt soyuğuna hələ adaptasiya olunmayıblar.
Cəmiyyət bildirir ki, itlərdən ikisi Yakutiya muxtar respublikasının Daxili İşlər Nazirlyinə veriləcək.
Çuqunov deyib ki, itlərdən birini arxeoloji axtarışlarda alimlərə kömək üçün özlərində saxlayacaqlar.
Bu da xəbər verilir ki, itlərə rus dilində komandalar öyrədiləcək, beləki indiyədək onlarla yalnız Koreya dilində "danışılıb".
"The Telegraph" yazır ki, doktor Huan və Sooam Biotech hazırda Yakutiyada saxlanan mamont qalıqlarından canlı mamontların klonlanması üzərində işləyir.
Buna baxmayaraq klonlama üçün yararlı genetik mamont materialının əldə edilməsi problemi hələ həllini tapmayıb.
Məqalədə deyilir ki, klonlanmış itlərdən artıq Koreya, Çin və ABŞ-ın antiterror xidmətlərində istifadə olunur.
Avropa sakinlərinin 27 faizi zorlamaya haqq qazandırır
"The İndependent" yazır ki, Avropada yaşayan insanların 27 faizi zorlamaya müəyyən hallarda haqq qazandırmağın mümkün olduğunu düşünür.
Bu rəqəmlər Avropa İttifaqi tərəfindən gender zəminli zorakılıqların öyrənilməsi üçün sifariş edilmiş rəy sorğusundan alınıb.
Avropa İttifaqının müxtəlif ölkələrində ümumilikdə 30 min adamın arasında aparılmış rəy sorğusu göstərib ki, bu qitədə az qala hər 4 respondentdən biri "müəyyən situasiyada" zorlamaya haqq qazandırmağın mümkün olduğunu düşünür. Bu "müəyyən situasiyalardan" ikisi, məsələn qadının həddən artıq açıq-saçıq geyimi və ya təcavüzkarın həddən artıq sərxoş olmasıdır.
"İndependent" qəzeti üçün Statista firmasının hazırladığı diaqramdan görünür ki, respondentlərin 27 faizi müəyyən situasiyalarda qadının zorla cinsi əlaqəyə cəlb edilməsinə haqq qazandırır.
Rəyi soruşulanların 12 faizi təcavüz edənin güclü alkoqol və ya narkotik maddənin təsiri altında olmasını ona haqq qazandırılması üçün kifayət sayır.
Sorğuda iştirak edənlərin 11 faizi bildirib ki, zorlama qurbanı zorlayanın evinə öz xoşu ilə gedibsə, zorlama aktına haqq qazandırıla bilər.
10 faiz isə deyib ki, zorlananın kifayət qədər qətiyyətli müqavimət göstərməməsi də zorlayana haqq qazandırır.
Burası da var ki, rəqəmlər müxtəlif ölkələr görə fərqlidir. Məsələn Rumıniyadakı respondentlərin 60 faizi zorlamaya haqq qazandıran situasiyaların olduğuna inanır.
Britaniya üçün bu rəqəm 22 faizdir.
"The İndependent" belə bir təxmin də verir ki, bütün dünya üzrə hər 5 qadından biri həyatının hər hansı bir mərhələsində cinsi zorakılığa məruz qalır.
Kişilərin hər 71 nəfərindən biri zorlanır.