Dəməşq yaxınlığında silahlılar təslim olub: Rusiya Müdafiə Nazirliyi

Suriya Fotonun müəllifi Reuters

Dəməşq yaxınlığındakı Xan əş-Şix şəhəri və ona bitişik 13 məskun məntəqə Suriya hakimiyyətinin tam nəzarətinə keçib, cümə günü Suriyada qarşıduran tərəflərin barışdırılması üzrə Rusiya mərkəzi bildirib.

Rusiya hərbçilərinin məlumatına görə, şəhər təcrid edildikdən sonra üsyançılar və yaraqlılar silahlarını Suriya hakimiyyətinə təhvil veriblər.

"Niyyətlərinin təsdiqi kimi onlar hökumət qoşunlarına 2 tank, 2 zirehli piyada maşını, 4 zenit qurğusu, 3 Amerika istehsalı olan "Dragon" tipli idarə olunan tanka qarşı raket, eləcə də 400 ədəd silah təhvil veriblər", - Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Məlumata görə, 28 noyabrdan 1 dekabra kimi Suriya hakimiyyəti tərəfindən təqdim edilmiş avtobuslarla Xan əş-Şix şəhərini 3 mindən çox insan tərk edib (1846 yaraqlı və onların 1164 nəfər ailə üzvü).

Xan əş-Şix şəhəri Dəməşqin cənub-qərbindən 15 kilometrlikdə yerləşir, 2012-ci ildən "Cəbhət Fəth əş-Şam" (keçmiş "Cəbhət ən-Nüsrə"), "Ahrar əl-Şam" briqadaları və prezident Bəşər Əsədin başqa əlehdarlarının nəzarəti altında olub.

Son il ərzində İran tərəfindən maliyyələşdirilən şiə döyüşçüləri və Rusiya aviasiyasının köməkliyi ilə Suriya qoşunları əhəmiyyətli müvəffəqiyyətlərə nail olub.

Çərşənbə axşamı günü Dəməşq bəyan etmişdi ki, hakimiyyət qoşunları şərqi Hələb ərazisinin üçdə birini nəzarəti altına almağa müvəffəq olub. Şəhərin şərq hissəsi dörd il Əsədin əleyhdarlarının nəzarəti altında olmuşdu.

Britaniyada mənzillənən insan haqlarının monitorinqi mərkəzinin məlumatına görə, noyabrın 15-dən bəri Suriya hərbçilərinin Hələbin şərqi rayonlarına endirdiyi hava zərbələri nəticəsində azı 247 dinc sakin həlak olub.

Rusiya hərbçiləri Suriya ordusunun şəhərin şərq məhəllələrinə hücumu əsnasında Hələbin dinc əhalisi arasında çoxsaylı itkilər haqqında Qərb ölkələrinin bəyanatlarını təkzib edir.

Əlaqəli mövzular

Bu barədə daha geniş