Britaniya mətbuatı: Özünəinamlı övlad istəyənlərə 18 məsləhət

İran deyir ki, Amerikaya etibar yoxdur

Fotonun müəllifi MICHAL CIZEK
Image caption İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib ki, ABŞ Senatının İrana qarşı sanksiyalara dair qanunun qüvvə müddətini daha 10 il uzatması Vaşinqtonun etibarsızlığını nümayiş etdirib.

"The Guardian" qəzetinin yazdığına görə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib ki, ABŞ Senatının İrana qarşı sanksiyalara dair qanunun (Iran Sanctions Act - ISA) qüvvə müddətini daha 10 il uzatması Vaşinqtonun etibarsızlığını nümayiş etdirib.

İran bildirib ki, Senatın ötən cümə axşamı İSA qanununun müddətinin uzadılması barəsə qərara səs verməsi ötən il 6 ölkə ilə Tehran arasında imzalanmış nüvə sazişinin şərtlərinə ziddir və İran bu qərara sərt cavab verəcək.

Nüvə sazişinin şərtlərinə görə Tehranın öz nüvə fəaliyyətini qısması müqabilində onun üzərindəki beynəlxalq sansksiyalar qaldırılmalıydı.

"İrana qarşı sanksiyaların uzadılması dünya birliyinə Amerika hökumətinin etibarsızlığını göstərib - deyib İRİB telekanalına cənab Zərif, - Amerika öz öhdəliklərinin əleyhinə səs verib".

Lakin ABŞ rəsmiləri israr edirlər ki, İSA qanununun uzadılması nüvə sazişinin tətbiqinə heç bir əngəl yaratmayacaq, fəqət digər tərəfdən Tehran sazişi pozarsa, sanskiyaların tez bir zamanda bərpasına imkan verəcək.

İran nüvə energetikasının rəhbəri, nüvə sazişinin əldə edilməsində aparıcı rol oynamış Əli Əkbər Salehi deyib ki, qanunun uzadılması, əgər tətbiq edilərsə, sazişin "aşkar pozulması" kimi qiymətləndiriləcək.

"The Guardian" yazır ki, Washington və Tehran arasında son iki ildə yaşanan diplomatik yaxınlaşma indi, Donald Trump-ın prezident seçilməsi ilə real təhlükə qarşısındadır. O özünün seçki kampaniyası zamanı vəd edib ki, nüvə sazişini ləğv edəcək.

Məqalədə deyilir ki, Senat səsverməsi həm də İranın Qərbə açılımının arxasında dayanan praqmatik prezident Həsən Ruhaninin mövqelərinə ciddi zərbə olub.

"Nüvə sazişi 7 ölkənin səylərinin nəticəsidir və bir ölkənin bu sazişi zəiflətməsinə yol vermək olmaz" - Ruhani şənbə günü deyib.

Hələ ötən ay İranın ali rəhbəri ayətullah Əli Xamneyi demişdi ki, sanksiya qanununun uzadılması saziin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və Tehran buna adekvat cavab verəcək.

İran parlamenti prezidiumunun sözçüsü Bəhruz Neməti şənbə günü deyib ki, İran millət vəkilləri "nüvə zənginləşdirilməsinə dair ilkin şərtlərə" qayıdılması üçün qərar qəbul edəcək.

İran millət vəkillərinin başqa bir qrupu isə "ABŞ-dan heyvandarlıq və kənd təsərrüfatı malları da daxil istehlak mallarının alınmasını qadağan edən qanun layihəsi üzərində işləyir".

"The Guardian" yazır ki, belə bir qanunun qəbul edilməsi İrana Boeing sərnişin təyyarələrinin satışına dair sazişləri də təhlükə qarşısında qoya bilər.

Özünəinamlı övladı necə yetişdirməli?

Fotonun müəllifi John Moore
Image caption Valideynlik haqqında on beş kitab yazmış psixoloq Carl Pickhardt özünəinam barədə məsləhət verir

"The İndependent" qəzeti yazır ki, özünəinam valideynlərin öz uşaqlarına verə biləcəyi ən böyük hədiyyədir.

Valideynlik haqqında on beş kitab yazmış psixoloq Carl Pickhardt deyir ki, özünəinam hissi olmayan uşaq həyatda çox az şey əldə edə biləcək, çünki həmişə itirməkdən, uğursuzluq və ya məğlubiyyətdən qorxacaq.

Belə uşaqlar çətin ki, ciddi karyeraya sahib ola bilsinlər.

"Özünəinamın düşmənləri həvəsdənsalma və qorxudur. Odur ki, bir valideyn kimi siz öz uşaqlarınızı ürəkləndirməli və onlara dəstək verməlisiniz" - professor deyir.

Tanınmış psixoloq buna nail olunması üçün valideynlərə 18 məsləhət hazırlayıb.

1. Uşağınızın nədəsə uğur və ya uğursuz olmasına baxmayaraq onların göstərdiyi səyi qiymətləndirin

Uşaq böyüyərkən sanki səfərə çıxır və bu səfərin özü onun məqsədindən daha mühümdür.

Uşağınız qol vuranda da, top qapının üstündən keçəndə də onu alqışlayın. Belə olduqda o səhv etməkdən çəkinməyəcək.

2. Səriştəlilik üçün təcrübəyə həvəsləndirin

Uşağınız nə ilə maraqlanırsa maraqlansın, məhz o şeydə onun təcrübə qazanmasına şərait yaradın. Amma bu zaman onlara əlavə təzyiq göstərməyin.

Məşhur pianoçu Harmony Shu deyib ki, ona pianonu dınqıldatmağa üç yaşından icazə veriblər.

3. Qoyun problemləri özləri həll etsinlər

Əgər siz bütün çətin işləri uşağınızın əvəzinə görsəniz o heç vaxt öz problemlərini həll etməyi öyrənə bilməyəcək.

Qoyun uşağınız köməksiz olaraq orta qiymətlər qazansın, nəinki sizin əvəzçiliyinizlə əla qiymət.

4. Onların öz yaşlarına uyğun hərəkətlərinə mane olmayın

Psixoloq deyir ki, uşağınızdan özünü böyük adamlar kimi aparmasını tələb etməyin və gözləməyin.

Elə etməyin ki, uşaq sizi razı salmaq üçün aktyor kimi rol oynasın. Uşağı böyüməyə tələsdirmək özünəinamı azalda bilər.

5. Maraq hissini həvəsləndirin

Bəzən uşağın bitməyən sualları valideynləri yorur, lakin uşağın bu səylərinin qarşısı alınmamalıdır.

Harvard Universitetindən Paul Harris "The Guardian" qəzetinə müsahibəsində deyib ki, uşaq bilmədiklərini öyrənmək üçün suallar verir.

Psixiloqlar deyirlər ki, valideynlərinə suallar verməyə həvəsli uşaqlar, məktəbə gedəndə də bilmədiklərini müəllimdəm öyrənməyə çalışırlar.

6. Onları sınaqlara çəkin

Uşaqlarınıza təlqin edin ki, onlar böyük nailiyyətlər əldə etmək üçün xırda hədəflərdən başlamalıdırlar.

7. Uşaqla münasibətlərdə kəsə yol seçməyin və ona güzəştli şərait yaratmayın

"Güzəştli şərait uşağın özünəinamını azalda bilər, - deyib Pickhardt, - İmtiyaz özünəinamı əvəz etmir".

8. Uşaqlarınızın gördüyü işi heç vaxt tənqid etməyin

Uşaqları səylərinin və cəhdlərinin tənqidi qədər həvəsdən salan heç nə yoxdur.

Məsləhət verin , amma heç vaxt deməyin ki, işi pis görüblər.

Uşaq uğursuz işə sizin əsəbiləşməyinizi görüb, bir daha heç nəyə cəhd eləməyə bilər.

9. Onların səhvlərini öyrənmə mərhələləri kimi qiymətləndirin

"Özünəinam səhvlərdən öyrənməklə yaranır" - deyir alim.

Uşağınızı hər şeydən aşırı qorumayın. Qoyun vəziyyətlərdən özü baş açmağı öyrənsin.

10. Təzə təcrübələrə qapı açın

Pickhardt deyir ki, uşaq üçün təcrübələr yaratmaq valideyn kimi sizin borcunuzdur. Onların bir az bərkə-boşa düşməsinə imkan verin.

Uşaqlar üçün yeni təcrübə qazanmaq imkanının yaradılması onların gələcək problemləri daha rahat çözə bilməsi ilə nəticələnəcək.

11. Bacardıqlarınızı uşaqlarınıza öyrədin

Necə də olmasa ən azı yeniyetməlik yaşlarınadək siz onların qəhrəmanısınız.

Bu nüfuzunuzdan isitfadə edərək uşaqlarınıza necə düşünməyi, hərəkət etməyi və danışmağı öyrədin.

Pickhardt deyir ki, valideynin uğurları uşaqlarda özünəinamı artırır.

12. Onlar barədə narahatlıqlarınızı özlərinə deməyin

Sizin narahatlığınız onlarda inamsızlıq yarada bilər.

13. Onlara həyatın çətinlikləri ilə bacarmağı öyrədin

Həyat ədalətsizdir və çətindir. Onsuz da uşaq bunu ömrün müəyyən çağında biləcək.

Uşağınıza başa salın ki, uğura gedən yollarda min bir çətinlik və hətta geri çəkilmə anları olur.

14. Onlara kömək və dəstək verin, amma ağ eləməyin

Həddən artıq kömək və dəstək uşağın özünə inamını sarsıdır.

15. Onların yeni bir işə başlamaq cəsarətini alqışlayın

Pickhardt deyir ki, müstəqil olaraq nəsə etmək istədikləri vaxtlarda onları, "afərin, qoçaq balam" kimi sadə sözlərlə həvəsləndirin .

"Öyrəncəli iş rahatlıq üçündr, qoçaqlıq doğrudan da yeni və fərqli bir cəhddən gəlir" - deyir alim.

16. Öyrənmə prosesini həyəcanlı və maraqlı bir işə çevirin

17. Onların bütün vaxtlarını internetdə keçirərək real həyatdan kənarda qalmasına imkan verməyin.

Onların daim monitor arxasında olmaqdansa, real dünyada real insanları görməsinə çalışın.

18. Nüfuzlu olun, amma sərt olmayın

Birincisi uşaqda özünəinama kömək edir, ikincisi onu qorxudur və həvəsdən salır.

Yalnız əmrlərə tabe bir övlad yetişdirməyin.

Əlaqəli mövzular