Pentaqon rəhbəri: ABŞ Rusiyanın təcavüzünə qarşı çıxmaqda davam edəcək

Ashton Carter Fotonun müəllifi AFP
Image caption Ashton Carter bundan əvvəl də Rusiyanın xarici siyasətini dünya üçün təhlükəli adlandırıb

Vəzifəsindən gedən ABŞ-ın müdafiə naziri Ashton Carter son dəfə Rusiyanı tənqid edərək bildirib ki, ABŞ "yeni formalarda təzahür edən köhnə və yeni" hədələrə qarşı mübarizə aparmaq üçün NATO ilə ittifaqı möhkəmləndirməlidir.

"ABŞ-ın təkbaşına və NATO ilə birlikdə bütün etdikləri Rusiya təcavüzünə qarşı çıxmağa və rəqabətə davamlı hazır olduğumuza zəmanət verir", Pentaqon rəhbəri bildirib.

"Rusiyanın təcavüzü və təxribatları yersiz küsülərə və yalan iddialara əsaslanır", Carter hesab edir.

O bildirib ki, Moskva silahlanma üzərində nəzarət haqqında beynəlxalq sazişi pozub və "nüvə silahı ilə meydan oxuyur".

Bununla yanaşı Pentaqon rəhbəri vurğulayıb ki, ABŞ Rusiyanın simasında düşmən axtarmır.

"Amma qoy heç kim yanılmasın - bizim müttəfiqlərimizi, dünya nizamının əsaslarını və işıqlı gələcəyi vəd edən qaydaları müdafiə edəcəyik".

Bundan əvvəl ABŞ-ın yeni prezidenti Donald Trump öz seçkiqabağı kampaniyası zamanı alyansda ABŞ-ın rolu barədə şübhəli cavablar verib və Vaşinqtonun öz müttəfiqlərini seçmə üsulunu tənqid edib.

Bu barədə daha geniş