Britaniya mətbuatı: Qeysər kəsiyi ilə doğuşlar barədə mif və həqiqətlər

Donald Trump-ın bir tviti Boeng şirkətinə 1 milyard dollarlıq "problem yaratdı"
""The İndependent" yazır ki, Donald Trump-ın sözləri heç də təkcə sosial mediada fırtına yaratmayıb, həm də maliyyə bazarlarını lərzəyə gətirib.
Məqalədə deyilir ki, Trump-ın "təzə davası" ABŞ-ın əsas təyyarə istehsalçısı Boeing-lədir.
O Tvitterdən yazdığı postda bildirib ki, şirkətin yeni prezident təyyarəsi - Air Force One layihəsi nəzarətdən çıxıb və xərclər artıq 4 milyard dollara çatıb.
Donald Trump öz postunda bunu da bildirib ki, Boeing-lə hökumət arasında olan müqavilə ləğv edilməlidir.
"The İndependent" yazır ki, sözü gedən tvit "The Chicago Tribune" qəzeti Boeing şirkətinin icraçı direktoru Muilenburg-un Trump-ın beynəlxalq ticarət planlarına şübhə etdiyini bildirən məqaləni çap etdikdən dərhal sonra yazılıb.
Xəbər verilir ki, Donald Trump-ın tvitindən əvvəl şirkətin hər səhmi 152.16 dollara satılırdısa, sözü gedən postdan sonra səhm qiymətləri 149, 75 dollara düşüb.
Təlatüm çox qısa müddətdə davam edib və sonradan səhm qiymətləri qalxıb və ötən ilin müvafiq dövründə olduğundan yenə də 5 faiz artıqdır, lakin həmin o qısa müddətdə Boeing öz dəyərindən 1 milyard dollar itirib.
Şirkətin sözüçüsü Todd Blecher deyib ki, Boeing hələlik Air Force One təyyarələrinin ilkin layihələndirilməsinə görə cəmi 170 milyon dollar alıb və ABŞ silahlı qüvvələrinə Amerika vergiödəyənlərinin puluna cavab verən təkmil təyyarə hazırlmağa can atır.
Boeing şirkəti ABŞ hökumətinin yeni təyyarə donanmasının tikintisi üçün tenderi bu ilin yanvarında qazanıb.
Lakin sözü gedən tvit barədə özünün Trump Tower iqamətgahında jurnalistlərin sualına cavab verən Trump belə baha qiymətə təyyarə almağın axmaqlıq olduğunu deyib.
"The İndependent" yazır ki, cənab Muilenburg qəzetdə cənab Trump-ın beynəlxalq ticarət planlarına ölçülüb-biçilmiş mötədil bir qiymət vermişdi.
Müxbirlər diqqəti belə bir məqama çəkirlər ki, Trump-ın sözü gedən tviti "The Chicago Tribune" qəzetindəki şərh işıq üzü görəndən az sonra yazılıb.

Şəklin mənbəyi, Pool/Getty Images
Boeing şirkəti ABŞ hökumətinin yeni təyyarə donanmasının tikintisi üçün tenderi bu ilin yanvarında qazanıb.
Məqalədə deyilir ki, prezident seçilmiş Donald Trump artıq bizneslərin işinə müdaxilə etməyə başlayıb.
O İndianapolisdə kondisioner istehsal edən Carrier şirkətinə zəng edərək öz iş yerlərinin yarısını Meksikaya köçürməməyə çağırıb.
Trump həmçinin iddia edir ki, o Ford şirkətini öz zavodunu Meksikaya keçirmək planlarından daşındırıb.
Halbuki Ford şirkəti az sonra bu iddianı rədd edərək bildirib ki, şirkət yalnız bir istehsalat xəttini Meksikaya aparmağı düşünür.
Qeysər kəsiyi doğuşları niyə artır?
"The Telegraph" alimlərə istinadən yazır ki, qeysər kəsiyi əməliyyatı ilə doğuşların sayının artması insan təkamülünün dəyişdiyini göstərir.
Avstriya alimləri hesablayıblar ki, dölün qadının uşaqlıq borusuna yerləşmədiyi hallar 1960-cı illərdəki hər 1000 doğuşa 30-dan, hazırda 36-ya qalxıb.
Alimlər bu qənaətdədirlər ki, keçmişlərdə dölün başı böyük olduqda və ya qadının qasığı dar olduqda onların doğuş vaxtı ölməsi ehtimalı böyük idi.
Bu iki əlamət isə genlərlə ötürülür və bu gün qeysər kəsiyi ilə aparılan əməliyyatlar belə uşağın və qadının sağ qalmasına imkan verir.
Beləliklə, böyük baş və dar qasıq genlərini daşıyanların sayı getdikcə artır.
Vyana Universitetindən Philipp Mitteroecker deyir ki, belə əlamətləri olan uşaq və analar müasir təbabət olmadan sağ qala bilməzdilər və bu təbii seçmə idi. Amma indi ana və uşaq sağ qalır və sözü gedən genləri gələcək nəsillərə ötürürlər.
"Qasıqları dar olan qadınlar 100 il əvvəl doğuşdan sağ çıxmırdılar" - deyir professor.
Bir çoxları alimlərin bu mülahizəsini rədd edirlər və bildirirlər ki, tədqiq olunmuş halların sayı qəti elmi fikir söyləmək üçün çox azdır.
Palçıq qədər şəffaf
"The Telegraph" isə yazır ki, "düzünü desək, qeysər kəsiyi ilə doğuş cəmiyyət üçün palçıq qədər şəffaf və aydındır".
Bu səbədən də qəzet qeysər kəsiyi ilə doğuş barədə bir sıra həqiqətləri və uydurmaları sadalayır.
Qeysər kəsiyi ilə doğuş nə vaxt tibbi baxımdan əsaslandırılmış sayılır:
- Uşaq ana bətnində tərs asılanda
- Ananın səhhəti vaginal doğuşa imkan verməyəndə
- Əvvəlki doğuşlarda qeysər kəsiyindən istifadə edilibsə
- Uşağın həyatına təhlükə olduqda
Bütün bunlardan başqa qeysər kəsiyi qadının öz seçimi ola bilər.
Qeysər kəsiyi haqqında mif və həqiqətlər

Şəklin mənbəyi, Getty Images
Qeysər kəsiyi ilə doğuşların sayı artmaqdadır.
Ginekoloq Karen Morton qeysər kəsiyi əməliyyatları barədə bir sıra uydurmalara və həqiqətlərə aydınlıq gətirir.
"Uşağın çıxarılmasını heç hiss etməyəcəksiniz"
Karen Morton isə deyir ki, əlbəttə hiss edəcəksiniz. Əlbəttə döl bətndən çıxarılanda ana bunu hiss edəcək. Bu elə bir hissdir ki, sanki qarnınızın içində paltar yuyurlar.
Doğuşdan sonra öskürəndə və asqıranda ağrı hiss etməmək üçün ağzınızı balışla tutmalısınız
Həkim deyir ki, bu doğrudan da ağrının qarşısını alır, lakin eyni zamanda kəsik yerini əlinizlə möhkəm tutmanız lazımdır.
Qeysərlə doğsanız uşağa bağlılığınız elə də güclü olmayacaq
Həkim bildirir ki, bu maraqlı iddiadır. Çünki ana və qeysər kəsiyi ilə doğulmuş uşaq arasında münasibətlərə dair maraqlı dəlillər var.
Bu iddiaya səbələrdən biri bu ola bilər ki, qeysər əməliyyatından sonra 48 saat ərizində bəbə ilə ana arasında təmas olmur.
Bu isə öz növbəösində döşlə əmizdirməkdə bir qədər çətinlik yarada bilər.
Əgər bir dəfə qeysər kəsiyi ilə doğmusunuzsa, sonra da belə doğmalısınız
Doktor Karen Morton bu iddianı cəfəng adlandırır. Məsələn birinci doğuşda qeysər əməliyyatının keçirilməsinə səbəb dölün tərsinə dayanması olubsa və növbəti hamiləlikdə belə deyilsə, qadın təbii yolla da doğa bilər.
Qeysər kəsiyi ilə doğuşlar üçün say limiti var
Say limiti yoxdur, amma hər dəfədə artan risk var, - deyir həkim.
Heç bir risk yoxdur
Karen Morton deyir ki, risklər var. Bunlar əsasən anesteziya ilə bağlı risklərdir. Bəzi qadınlara yerli anesteziya, bəzilərinə epidural - onurğa anesteziyası edilir. Bəzilərini isə ümumiyyətlə yatızdırmaq lazım gəlir.
Burada qanaxma, yara infeksiyası və dərin tromboz riski də ola bilər.
Amma risklər ümumən kiçikdir.
Kəsiyin yeri demək olar qalmayacaq
Xeyr, qala bilər. Belə kəsiyin ölçüsü 10-12 santimetr olur. Müxtəlif qadınlarda sağalma müxtəlif şəkildə gedir. Bəzilərində tük qalınlığında xətt qalır, bəzilərində isə çapıq.
Qan çox olmayacaq
Qan təbii doğuşdakı qədər olacaq. Qanaxma bir həftə qırmızı, ikinci həftə isə solğun qırmızı və ya cəhrayı olmalıdır. Amma qanaxma altı həftə davam etsə, artıq normal hal sayıla bilməz.
Qeysər kəsiyi əməliyyatının vaxtını əvvəlcvədən müəyyən etmək olar
Bu Britaniyada qadının hüququdur və qadınlar qeysər doğuşunu planlaşdıra bilərlər.
Planlı qeysər əməliyyatı təcili əməliyyatla müqayisədə daha az riskli olur. Lakin planlı əməliyyat heç də həmişə düzgün qərar olmaya bilər. Siz ilk növbədə təbii hamimiləliyin normal davam etdiyinə əmin olmalısınız.
Və sonuncu məqam. Qeysərlə doğuş cərrahiyyə əməliyyatı sayılır və onun bütün risklərini daşıyır.