Rusiya Trump-ı dəstəkləmək üçün "müdaxilə edib"

Şəklin mənbəyi, Reuters
Prezident kampaniyası namizədlər arasında kəskin debatlarla yadda qalıb
Rusiya ABŞ prezident seçkilərində Hillary Clintonla mübarizə aparan Donald Trump-a dəstək vermək üçün məxfi addımlar atıb, Amerikanın kəşfiyyat qurumları belə hesab edir.
Məsələ ilə bağlı New York Times qəzetində dərc olunmuş məqalədə deyir ki, rəsmilər seçkilər vaxtı baş verən kibermüdaxilələrdə Rusiyanın əli olduğunu "böyük əminliklə" təsdiqləyib.
Lakin Donald Trump-ın komandası Mərkəzi Kəşfiyyat İdarəsinin dediklərilə razılaşmır.
"Bu həmin adamlardır ki, Səddam Hüseynin kütləvi qırğın silahlarına malik olduğunu deyirdi".
Şəklin mənbəyi, AP
Məlumata əsasən Illinois və Arizona ştatının seçki bazaları da kibermüdaxiləyə məruz qalıb.
Seçkilər vaxtı o cümlədən ABŞ-ın bir sıra ştatlarında seçki ilə bağlı sistemlərə, o cümlədən seçici bazalarına müdaxilə qeydə alınıb.
Rusiya ABŞ seçkilərinə haker müdaxiləsi barədə iddiaları rədd edir.
Moskva son illərdə, o cümlədən Ukrayna və Gürcüstandakı münaqişələrdə hibrid müharibə üsulları və informasiya əməliyyatlarını sınaqdan keçirib.
Rusiya kəşfiyyatı hələ Soyuq Müharibə vaxtından bəri "fəal tədbirlər" və "təsir əməliyyatları" kimi üsullardan istifadə edib. Ancaq kiberməkan bu üsullardan istifadə etmək üçün tamamilə yeni sahədir.