Britaniya mətbuatı: Qadınlar kişilərin onlar haqqında nə fikirləşdiyi barədə nə düşünürlər?

Şəklin mənbəyi, Reuters
Şənbə günü axşam İstanbulda baş vermiş iki ayrı bomba hücumu nəticəsində 38 nəfər ölüb, 155 nəfər isə yaralanıb
"Türkiyə artıq qorxudulmuş ölkədir...
"The İndependent" özünün baş məqaləsində yazır ki, "Türkiyədə polis və vətandaşlar üzərinə, Qahirədə isə Kopt Kilsəsinə bomba basqını indi artıq bir çox ölkələrdə adi həyat faktıdır. Əsas məsələ liderlərin bu hücumlara verdiyi reaksiyanın belə zorakılıqları törədənlərin dəyirmanına su töküb-tökməməsidir".
Məqalədə deyilir ki, iyul ayında baş tutmamış çevriliş cəhdinə Recep Tayyip Erdoğan hökumətinin ilk instinktiv reaksiyası qisas olub.
Qəzet yazır ki, belə hadisələr zamanı hansı qrupun, hansı şəxslərin məsuliyyət daşıdığını dəqiq bilmək həlledici ədalətin icrası üçün lazımdır.
İndi ən maraqlısı budur ki, Türkiyə hökuməti Kürdüstan İşçi Partiyasını və ya PKK-nı, ümumən deyilərsə, kürd xalqının mübarizəsini ittiham edir.
Məqalədə deyilir ki, kürd separatçılara hərbi yolla cavab verilməsi, çox vaxt qanunun, hətta müharibə qanunlarının pozularaq cavab verilməsi ən təhlükəli yoldur.
Keçmişlərdə belə instinkt Türkiyəni kürdlərin qatı düşməni İŞİD-in qılığına girməyə sövq edib.
"Bütün əlamətlər onu göstərir ki, bu dəfə də belə ola bilər" - yazır qəzet.
Türkiyə indi artıq qorxudulmuş ölkədir, çünki Türkiyə görür ki, İraq və Suriyada olduğu kimi sabit və qüdrətli dövlət aparatı qısa müddətdə necə sındırıla bilər.
"The Independent" yazır ki, türk xalqı İŞİD-in oun sülh və firavanlığı üçün necə davamlı bir təhlükə təşkil etdiyini başa düşməldiir.
Məqalədə sual olunur ki, İŞİD-in barbar hakimiyyəti gəlib Türkiyənin öz sərhədlərinə çatmayıbmı?
Baş məqalədə deyilir ki, PKK və İŞİD-i bir-birinə qarşı qoymaq siyasəti artıq özünü doğrultmadı.
"The İndependent" yazır ki, Türkiyənin hissələrə parçalanmadan kürd məsələsinin həll edilməsi yolu siyasi müstəvidən keçir. Axı keçmişlərdə zaman-zaman belə siyasət bəhrə də verib.
PKK və onun siyasi qollarının özünü İslam Dövləti adlandıran qrupdan fərqi ondadır ki, kürd məsələsi sülh yolu ilə həll oluna bilər.
PKK-nın Ankarada orta əsrlərdəkinə bənzər xilafət yaratmaq planı yoxdur.
Erdoğan hökumətindən son partlayışlara gözlənilən reaksiya yenə də repressiyaların, mediaya qarşı təqiblərin davam etdirilməsi, vətəndaş azadlıqlarının boğulması və ədalətin fövqündə dayanaraq özlüyündə yeni cinayətlərin törədilməsi ola bilər.
Hazırda iqtisadi təzyiqlər altında olan Misirdə isə hakimiyyət deyəsən parçalanmış ölkədə asayişi bərpa etməkdə daha gücsüz görünür.
İŞİD-in Hələb və Palmirada məruz qaldığı məğlubiyyətlər onu coğrafi məkandan məhrum etsə də onun patologoyası çətin ki, yox olub getsin.
İŞİD o qədər beyni zəhərləyib və dini o qədər saxtalaşdırıb ki, onun bir anda buxarlanıb yoxa çıxacağını gözləmək olmaz.
Britaniyanın xarici işlər naziri Boris Johnson da deyib ki, hazırda regional güclər olan Türkiyə, Səudiyyə, İran və Misirdə terrorla mübarizəyə qabil olan liderlər yoxdur.
Boeing İranla saziş bağladı, amma təyyarələrini sata biləcəkmi?

Şəklin mənbəyi, Scott Barbour
"The Telegraph" qəzetinin sənaye üzrə redaktoru Alan Tovey yazır ki, Boeing şirkəti İran İslam Respublikasına 16, 6 milyard dollarlıq təyyarələrin satışı barədə müqaviləni imzalyıb.
ABŞ təyyarə istehsalçısı bu müqavilə əsasında İrana 50 ədəd özünün "səmaların işçi atı" ayamasını qazanmış təksalonlu Boeing 737 və 30 ədəd "mini-jumbo" kimi tanınan Boeing 777 təyyarələrini satacaq.
Təyyarələrin sifarişçiyə çatdırılması üçün 2018-ci il nəzərdə tutulub.
"The Telegraph" yazır ki, bu razılaşma İranın 6 dünya gücü ilə imzaladığı nüvə sazişi sayəsində onun üstündəki sanksiyaların yumşaldılması nəticəsində mümkün olub.
Məqalədə deyilir ki, Trump administrasiyası bu sazişin icrasına əngəl törətməyə çalışa bilər.
Prezident seçilmiş Donald Trump özünün seçki kampaniyası ərzində İranla yaxınlaşmanı dəfələrlə kəskin tənqid edib.
Boeing bildirib ki, İran sifarişi ona minlərlə iş yerinin qorunub saxlanmasında kömək edəcək.
Buna baxmayaraq sazişin icrası qarşısında başqa əngəllər də mövcuddur Ötən ay Konqress Maliyyə Nazirliyinin İranla pul köçürmələrini bloklayan qanun qəbul edib.
Konqresmenlər narahatdırlar ki, İran yeni təyyarələrdən öz qoşunlarının ölkə daxilində və xaricində yerdən yerə daşımaq üçün istifadə edə bilər.
Tehran isə bildirir ki, onun son dərəcə köhnəlmiş sərnişin təyyarələri donanmasının təzələnməsinə təcili ehtiyac var.
"The Telegraph" yazır ki, İranın sanksiyalara görə uzun illərdir yeni təyyarələr və ehtiyat hissələri əldə edə bilməməsi onun sərnişin aviasiyasını dünyanın ən təhlükəli nəqliyyat vahidlərindən birinə çevirib.
Məqalədə deyilir kİ, Boeing İran kontraktlarının əldə olunmasına can atan yeganə biznes deyil. Onun rəqibi - Avropanın Airbus şirkəti bəyan edib ki, İranla ümumi dəyəri 22, 8 milyard avro olan 118 təyyarənin satışı üçün saziş imzalayıb.
Lakin həm Boeing, həm də Airbus bu satışın baş tutması üçün Birləşmiş Ştatların icazəsini almalı olacaqlar. Beləki Airbus şirkətinin özü də bir sıra mühüm təyyarə komponentlərini ABŞ-dan idxal edir.
Kişilərə görə qadınların beynindəki nədir?

Şəklin mənbəyi, Carlo Allegri
"Bir oğlan məndən soruşdu ki, dodaqlarımı pomada ilə niyə boyayıram. Ona görəmi ki, onunla öpüşmək istəyirəm? Mənsə dedim ki, "yox, mən sadəcə olaraq dodaqlarıma boya çəkirəm"- bir qadın bildirib.
"The İndependent" kişilərin qadınlar barəsində ən geniş yayılmış xürafatından yazıb.
Başqa sözlərlə söhbət kişilərin qadınlar haqqında yanlış olaraq nələri düşünməsindən gedir.
Məqalədə deyilir ki, belə yanlış təsəvvürlərin siyahısında birinci yeri - bütün qadınların ali məqsədinin kişiləri cəlb etmək olması barədə fikir tutur.
Qəzet kişilərin qadınlar haqqında bir sıra yanılmaları barədə rəyləri Reddit sosial media platformasından seçib.
Qadın istifadəçilərdən biri yazır: "Bir oğlan məndən soruşdu ki, dodaqlarımı pomada ilə niyə boyayıram. Ona görəmi ki, onunla öpüşmək istəyirəm? Mənsə dedim ki, "yox, mən sadəcə olaraq dodaqlarıma boya çəkirəm".
Başqa bir qadından isə bir kişi soruşub ki, onun eynəyi doğrudanmı optikdir, yoxsa adi şüşədəndir.
Kişi sonra da əlavə edib ki, yəqin qadın daha ağıllı görünməyə çalışır.
Başqa bir yanılma qadınların göz yaşları barədədir. Əksər kişilər düşünürlər ki, qadınlar kişiləri manipulyasiya etmək üçün ağlayırlar və beyinlərindəki əsas amal kişidən pul qoparmaqdır.
Bəzi kişilər arasında belə bir fikir də yayılıb ki, qadınlar əsl və ürəkdən sekslə yalnız ərə gedənədək məşğul olurlar.
Bir çox qadınlar bu qənaətdədirlər ki, kişilər onların rəfiqələrini əsl dost saymırlar.
Onların fikrincə, qadınların dostu ola bilməz, çünki onlar xəlvətdə bir-biri ilə rəqabət aparırlar.
Bir qadın belə düşüncədən əsbiləşərək yazır: "Hə də, bizim əsl qadın dostumuz ola bilməz çünki onlar bizimlə rəqabət aparırlar və bizim kişi dostumuz da ola bilməz, çünki onların da ürəyindən bizimlə filan şey etmək keçir".
Başqa bir istifadəçi qadın isə yazır: "Düşünürəm ki, mənim beş-altı qadından zəhləm gedir, amma ona görə yox ki, onlar qadındır. Ona görə ki, onlar yaxşı insan deyillər…"
Sonda məqalə xəbərdarlıq edir ki, burada ümumiyyətlə söhbət "qadınların kişilərin onlar haqqında nə düşündükləri barədə düşündüklərindən gedir".