Hələb: Təxliyə razılaşması "yenidən qüvvəyə minib"

Hələb Fotonun müəllifi AFP/Getty Images
Image caption Ərazidə 50 min dinc sakinin olduğu bildirilir

Hələbin şərq hissəsində üsyançıların nəzarət etdiyi son ərazilərdə təxliyə barədə saziş pozulduqdan bir gün sonra yenidən qüvvəyə minib, müxalifət döyüşçüləri bildirir.

Şəhərdə olan yaraqlılar və mülki şəxslər çərşənbə günü ərazini tərk etməli idi, lakin barışıq təxirə salınıb.

Üsyançı qruplar çərşənbə günü bildirib ki, əhalinin köçürülməsi cümə axşamı erkən saatlarda yenidən həyata keçiriləcək.

Lakin Suriya hökuməti və ya onun əsas müttəfiqi olan Rusiyadan bu məsələyə təsdiq verilməsi barədə indiyədək məlumat verilməyib.

Həmçinin oxu: Hələbdə nə baş verir?

Suriya hökumətinin tərəfdarı Livanın şiə müsəlman hərəkatı Hizbullah-a aid media bloku bildirib ki, danışıqlar zamanı"böyük çətinliklər" yaranıb və hələ də bitməyib.

Yeni sövdələşmə şimal-qərbi Suriyada üsyançılar tərəfindən mühasirəyə alınmış iki kəndin eyni vaxtda köçürülməsinə imkan yaradacaq.

Suriya hökuməti və müttəfiqi İran israr edib ki, şərq Hələbin təxliyəsı yalnız həmin kəndlər təxliyə edilərsə, baş verə bilər.

Çərşənbə günü səhər saatlarında üsyançıların və onların ailələrinin təxliyəsinə avtobus və təcili tibbi yardım maşınları cəlb olunub, yalnız qısa zaman sonra geri dönüb.

Rusiya və Türkiyənin vasitəçiliyi ilə meydana gəlmiş ilk razılaşma pozulduqdan bir neçə saat sonra azı 50 min dinc sakinin olduğu üsyançıların nəzarət etdiyi ərazilərə hava zərbələri yenidən başlayıb.

BMT bildirir ki, Suriya hökuməti və onun müttəfiqləri tərəfindən "dinc sakinlərin olduğu" ərazidə reydlərin keçirilməsi beynəlxalq hüquq normalarının pozulmasıdır.

Həmçinin oxu: Hələbin şərqindən səslər

Bu arada, BBC öyrənib ki, Qərb qüvvələri Hələb və Suriyanın digər bölgələrində mümkün müharibə cinayətləri faktlarını toplamaq üçün peyk və pilotsuz təyyarələrdən istifadə edir.

Mühasirədə olan sakinlər həftələrlə davam edən bombardıman, xroniki ərzaq və yanacaq qıtlığı ilə üzləşib.

Şəhərdəki tibb müəssisələri xarabalığa çevrilib, üsyançılar Rusiya hərbi hava qüvvələri tərəfindən dəstəklənən iri hökumət qüvvələri tərəfindən daha kiçik ərazilərə çəkilməyə məcbur edilib.

Mühasirədə olan sahələrdə nə qədər adamın qaldığı aydın deyil. BMT nümayəndəsi Staffan de Mistura bu rəqəmin 50 min olduğunu bildirir.

Onun sözlərinə görə, ərazidə təxminən 1,500 üsyançı var ki, bunun da 30 faizi əvvəllər əl-Nüsrət Cəbhəsi kimi tanınan cihad qrupuna aid olub.

Fotonun müəllifi AFP/Getty Images
Image caption Bosniyalı müsəlman qadın Sarayevoda baş tutan nümayişdə ağlayır

Digər yerli mənbələr ərazidə qalan insan sayının 100 min olduğunu qeyd edirlər və əlavə edirlər ki, insanların çoxu bu yaxınlarda hökumət tərəfindən ələ keçirilmiş rayonlardan gəlib.

Bu arada, Almaniyanın Hamburq, Bosniyanın Sarayevo və Mərakeşin Rabat şəhərləri də daxil olmaqla bir neçə şəhərdə Hələb xalqı ilə həmrəylik əlaməti olaraq nümayişlər keçirilib.

Bu barədə daha geniş