Britaniya mətbuatı: "Erdoğan həm çarə, həm də dərdin özüdür"

Recep Tayyip Erdoğan

Şəklin mənbəyi, ADEM ALTAN

Erdoğan həm çarə, həm də dərdin özüdür

"The Economist" Türkiyə haqqında yeni məqaləsinə bu ölkədə baş verən son terror hadisələri barədə söhbətlə başlasa da, tez bir şəkildə "mətləbə" keçir.

"Türkiyə prezidenti Recep Tayyip Erdoğan bildirir ki, ölkədəki bütün təlatümləri həll etməyin yeganə yolu bütün icra hakimiyyətinin ona verilməsidir" - deyilir məqalədə.

Son terror aktından bir-neçə saat əvvəl baş nazir Binali Yıldırım məhz Erdoğanın istədiyi məqsədlə Konstitusiyaya edilməli olan dəyişikliklərin layihəsini təqdim edib.

Qısa deyilsə, bu dəyişikliklər baş nazir postunun əhəmiyyətini heçə endirməli, cənab Erdoğana nazirləri təyin etmək, fövqəladə vəziyyətləri elan etmək və fərmanlar vermək səlahiyyətlərini tanımalıdır.

Bu təkliflər gələn yazda referenduma çıxarılmazdan əvvəl parlamentdən keçməlidir.

Hakim Ədalət və İnkişaf Partiyası və ya AKP-dən olan hökumət rəsmiləri israr edirlər ki, bu dəyişikliklər guya baş nazirlə prezident arasında olan çəkişmələri aradan qaldıracaq.

"The Economist" yazır ki, burada söhbət heç bir çəkişmədən gedə bilməz, çünki elə indinin özündə cənab Erdoğanın sözü üstünə söz deyən yoxdur.

Məqalədə deyilir ki, bu dəyişikliklərin yeganə və əsas məqsədi bir nəfərin hakimiyyətini rəsmiləşdirməkdir.

Əgər təkliflər keçsə, yeni konstitusiya 2019-cu ildən qüvvədə olacaq və Erdoğana daha iki prezidentlik müddəti verməklə onu 2029-cu ilədək hakimiyyətdə saxlayacaq.

"The Economist" yazır ki, əslində icraçı prezidentlik məqsədi artıq Erdoğanın ovcunun içində sayılmalıdır. O çevriliş cəhdinin ardınca islamçı və millətçi tərəfdarlarını öz ətrafında sıx birləşdirib.

Prezident 100-dən artıq jurnalist də daxil 40 min insanı həbsxanalara salmasını guya daha bir çevriliş təhlükəsi ilə əsaslandırır.

Repressiyalar xaricdə kəskin tənqid edilsə də, ölkə daxilində millətçilər bütün bunların xarici qüvvələrin təhlükəsinə qarşı mühüm addımlar olduğunu düşünürlər.

Bəziləri yalnız Fethullah Güleni, bir başqaları isə başda Almaniya, ABŞ və Britaniya olmaqla xarici qüvvələrin qəsdini günahlandırırlar.

Lakin cənab Erdoğan artıq üzünə əsən güclü küləklərlə qarşılaşır. Üçüncü rübdə iqtisadiyyat 1, 8 faiz geriləyib. Bu, iqtisadiyyat üçün 2009-cu ildən bəri ən pis göstəricidir.

Milli valyuta - lirə getdikcə ucuzlaşır və hökumət öz tərəfdarlarını dollar və avrolarını satmaqla milli pulu xilas etməyə çağırır.

Amma burası da var ki, prezidentlik üsul-idarəsini adamların 50 faizindən azı dəstəkləyir.

"Cənab Erdoğan özünü ölkə boyunca yayılmaqda olan xaosun çarəsi kimi təqdim edir. Amma o, bu xaosun həm də səbəbidir, -yazır "The Economist", - Millətçilərlə yaxınlaşan Erdoğan PKK ilə danışıqları istisna edib. 2015-ci ildə baş vermis PKK hücumlarına qarşı kürd siuyasətçilərin həbsi ilə cavab verməklə Erdoğan ölkənin cənub-şərqində münaqişəni alovlandırıb və 500 min insanı evlərindən didərgin salıb…"

Məqalədə deyilir ki, PKK-ya ağır zərbə vurulsa da, bütün bunlar çarəsiz kürd gəncləri təşkilatın qucağına atıb.

Bu ilin əvvəllərində PKK Erdoğanı devirməklə hədələmişdi. İndi bu hədə boş səs-küy kimi görünür.

Təcrübə göstərir ki, çox vaxt Erdoğanın ən qatı düşmənləri, həm də onun ən səmərəli köməkçilərinə çevrilirlər.

"Türklərə və kürdlərə isə ölənlərini ağlamaq qalır" - yazır məcmuə.

Suriya müharibəsinin əsl qalibi İrandır

Hələb

Şəklin mənbəyi, YOUSSEF KARWASHAN

"The Guardian" yazır ki, ötən çərşənbə günü yaşıl avtobuslardan ibarət karvan Hələbi tərk edəndə Bəşər əl-Əsədin iki ən böyük müttəfiqi bu hadisəyə fərqli reaksiya verib.

Türkiyə ilə dil tapan Rusiya qaçqınların ölkənin kənd yerlərinə buraxılmasını istəyir, amma İran onları dayandırmaq niyyətinədir.

15 ay ərzində Suriya müxalifətini bombardman edərək məğlubiyyətə uğratmış Rusiya indi, yeni mərhələdə yeni - sülhyaradıcı rolunu oynamağa tələsir, İran üçünsə qiyamçıların və əhalinin məhz indi, Tehranın döyüş meydanındakı nüfuzunun artmağa başladığı bir vaxtda Hələbi tərk etməsi yolverilməz görünür.

"The Guardian" yazır ki, Tehran və Moskvanı Əsədi hakimiyyətdə saxlamaq marağı birləşdirmişdisə, indi münaqişənin az qala başa çatdığı məqamda bu maraqlar haçalanıb. İndi Rusiyanın aviasiyasına artıq heç bir ehtiyac yoxdur. İranın inqilab keşikçiləri isə məhz indi-indi qiymətə minirlər.

Çarəsiz qiyamçıların Hələbdən qeyd-şərtsiz buraxılması İranın oyun kitabına daxil deyildi.

Rusiya və Türkiyənin öz aralarındakı razılaşmanı elan etməsindən bir-iki saat sonra Tehran Hələbin şimalında yerləşən iki şiə kəndi ətrafındakı mühasirə halqasının ləğv olunmasını tələb edib.

Halbuki bu kəndlər əl-Qaedaya bağlı Cəbhət Fateh əş-Şam təşkilatının mühasirəsindədir.

Hələbdəki qələbə hər iki tərəf üçün böyük əhəmiyyətə malik idi, lakin Hələb üzərindəki toz yatandan sonra onun İran üçün daha böyük əhəmiyyəti olacaq.

Ölkənin ikinci, həm də sənaye mərkəzi olan şəhəri təsir altında saxlamaq İranın çoxdankı məqsədi idi.

Hələb İrandan Aralıq hövzəsinə uzanan yolların qovşağıdır və Tehran buranı özünün yeni geosiyasi layihəsinin bünövrəsinə çevirmək istəyir.

İran rəsmiləri müxalif Əhrar əş-Şamın döyüşçüləri ilə danışıqlar aparıblar. İran bu qruplaşmanın əlində olan Zəbədani şəhərinin sünni əhalisinin İdlib əyalətinə köçürülməsini və iki şiə kəndi - Fua və Kefrayə kəndlərinin əhalisinin isə Zəbədaniyə gətirilməsini istəyir.

Başqa sözlərlə İran Dəməşq və Livan sərhədi arasdında sünnilərin olmasını istəmir.

Tehran sərhədin məzhəb xəritəsinin dəyişdirilməsinə çalışır.

"The Guardian yazır ki, ötən avqustda Darayyadakı müxalif qüvvələr təslim olanda İdlibə köçürülməyə razılıq vermişdilər. O vaxt 300 şiə ailəsi İraqdan Darayyaya gətirilmişdi.

Buradan qərbdə, Zeynəb ziyarətgahının ətrafında isə, İran əhəmiyyətli sayda daşınmaz mülkiyyət alıb.

Beləliklə İran İslam inqilabından bu yana ilk dəfə olaraq qonşu ölkəni tamamilə şiələşdirmək planını həyata keçirir.

İstifadə etdiyiniz sosial media barənizdə nə deyir?

layk

Şəklin mənbəyi, PASCAL POCHARD-CASABIANCA

"The İndependent" yazır ki, sosial mediadan necə istifadə etməyiniz sizin barənizdə çox şeyləri deyə bilər.

Həm də bunu qəzet yox, son zamanlar aparılmış bir sıra elmi-tədqiqat araşdırmaları deyir.

Qəzet sadəcə olaraq alimlərin gəldiyi nəticələrdən beşini misal gətirib.

Məsələn sosial mediada ən çox paylaşan ər-arvadın xoşbəxt cüt olmadığını söyləmək olar.

Qəzet yazır ki, bunları oxuyun, bəlkə telefonunuzu bir qədər dinc buraxa bildiniz:

1. Həddən artıq post edənlərin psixopat olması ehtimalı böyükdür

Ötən il 800 kişi arasında aparılmış araşdırma göstərib ki, sosial mediaya çox sayda selfie yükləmək və bu şəkilləri dəfələrlə fotoşop etmək narsissizim (özünəməftunluq) və psixopatiya əlaməti sayıla bilər.

2. ... və özünəvurğunluq

410 nəfərlə aparılmış təhlil göstərib ki, Facebook-da çox sayda post və tag etmək, habelə komment yazmaq istər kişilər, istərsə də qadınlar üçün narsissizm və ya özünəməftunluq əlamətidir.

Qadınların tez-tez status dəyişdirməsi də bu xəstəliyin əlaməti hesab oluna bilər.

3. Facebook-dan aralı duranlar daha xoşbəxtdirlər

Xoşbəxt cütləri xoşbəxt fərdlər yaradır və bu işdə onlara Facebook daha az lazım olur, deyilir araşdırmalardan birində.

Danimarkada keçirilmiş bir araşdırmadan bəlli olub ki, bircə həftə Facebook-dan aralı duranlar, özlərini belə fasilə verməyənlərdən daha xoşbəxt hiss edirlər.

Başqa bir araşdırma isə göstərib ki, Facebook-dan aşırı istifadə psixoloji durumun yaxşı olmadığının əlamətidir.

Alimlər bunu onunla əlaqələndirirlər ki, adamların özlərini başqaları ilə müqayisə etməsi onların psixologiyalarına mənfi təsir göstərir.

4. Çox post edən cütlər özlərini müdafiəsiz hiss edənlərdir

Northwestern Universitetində aparılmış bir araşdırma göstərib ki, öz münasibətləri barədə daha çox post edən cütlər öz münasibətlərindən əminliyi olmayanlardır.

5. Daha çox post edənlər xoşbəxtlik üçün öz münasibətlərindən asılı olan adamlardır

Albright Kollecinin apardığı rəy sorğusundan məlum olub ki, özünəinam üçün "kollektiv rəydən" asılı olanlar adətən sosial mediada "yayğın və səliqəli postlar" edirlər.

"Bizdən deməkdir, - yazır qəzet, - Bəlkə də şəbəkədən çıxıb və sevdiyinizin əlinən tutub romantik gəzintiyə çıxmaq vaxtıdır".

Heç dayan bilmirsinizsə, selfie-nizi yox, gözəl bir təbiət mənzərəsini çəkib Instagrama qoyun.