Britaniya mətbuatı: Azərbaycanın adı Tillerson-un biznes maraqları sırasında hallanır

Fotonun müəllifi Getty Images
Image caption Rex Tillerson

Azərbaycanın adı Tillerson-un biznes maraqları sırasında hallanır

Təhqiqat jurnalistləri Luke Harding və Hannes Munzinger-in "The Guardian" qəzetində dərc edilmiş məqaləsində deyilir ki, sızmış sənədlər Donald Trump-ın ABŞ dövlət katibi vəzifəsinə təyin etdiyi biznesmen Rex Tillerson-un ofşor zona sayılan Baham adalarında qeydiyyatdan keçmiş ABŞ-Rusiya neft şirkətinin direktoru olduğunu göstərir.

Sənədlərdən görünür ki, ExxonMobil şirkətinin icraçı direktoru Tillerson 1998-ci ildən öz şirkətinin filialı sayılan Exxon Neftegas şirkətinin də direktoru imiş.

"The Guardian" yazır ki, 2001-ci ilə aid sənəd Baham adalarındakı reyestrdə qeydə alınıb. Bu sənəd Almaniyanın "Süddeutsche Zeitung" qəzetinə anonim mənbə tərəfindən verilmiş 1,3 milyon başqa sənədin arasında olub. Reyestr ictimaiyyət üçün açıq olsa da, burada qeydiyyatdan keçmiş direktorların böyük əksəriyyətinin adları göstərilmir.

Məqalədə deyilir ki, sözü gedən şirkətə direktorluqda qeyri-qanunu bir iş olmasa da, bunun daha əvvəl bəyan edilməməsi Tillerson-un Rusiya ilə əlaqələrinə dair yeni suallar doğuracaq, çünki bunsuz da biznesmenin Senat komitəsində təsdiq olunmasının asan olmayacağı bildirilmişdi.

ExxonMobil-in ofşor ərazilərdən istifadə etməsində qanunusuzluq yoxdur, amma bu Trump-ın "Amerika hər şeydən əvvəldir" şüarı ilə ziddiyyət təşkil edir.

Tillerson-un tənqidçiləri deyirlər ki, onun Rusiya prezidenti Vladimir Putinlə əlaqələri maraqlar toqquşmasına dair ciddi suallar doğurur.

Dünyanın ən böyük neft şirkəti olan ExxonMobil Rusiyanın neft və qaz yataqlarına çoxdandır ki, göz qoyub. Tillerson hazırda şirkətin 200 milyon dollarlıq səhmlərinə sahibdir.

Dövlət katibi vəzifəsinə təyin ediləndən bəri Tillerson-un Rusiya ilə əlaqələri həm respublikaçılar, həm də demokratlar arasında narahatlığa səbəb olub. O 2013-cü ildə Vladimir Putin tərəfindən Rusiyanın Dostluq ordeni ilə təltif edilib.

"The Guardian" yazır ki, Tillerson Rusiyanın Rosneft dövlət şirkətinin rəhbəri, Kremldə de facto ikinci sima və keçmiş DTK mühafizəkarı İqor Seçinlə də yaxın münasibətlərə malikdir.

Məqalədə deyilir ki, Tillerson-a orden verilməzdən əvvəl, 2011-ci ildə ExxonMobil və Rosneft arasında Arktika neft yataqlarının inkişaf etdirilməsinə dair müqavilə imzalanmışdı.

2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsi və Moskvanın üzərinə ABŞ sanksiyalarının qoyulması Tillerson-un biznesini pis vəziyytədə qoymuşdu, lakin o, ABŞ Maliyyə Nazirliyini sanksiyaların tətbiqini bir həftə müddətinə ləngitməyə razı sala bilmiş və həmin bir həftə ərzində ExxonMobil 750 milyon barrel neft ehtiyatı olan yataq kəşf etmişdi.

"The Guardian" yazır ki, Tillerson Rusiyaya qarşı sanksiyaların əleyhinə açıq şəkildə çıxırdı və politoloqlar Donald Trump-ın bu sanksiyaları qaldıracağına inanırlar.

Hazırda ABŞ Senatının xarici əlaqələr komitəsində üzvlük 10 respublikaçı ilə 9 demokrat arasında bölünüb. Lakin John McCain də daxil bir neçə respublikaçı üzv Tillersonun namizədliyi barədə narahatlıq ifadə ediblər.

Narahatlıq ifadə edən komitə üzvləri arasında Marko Rubio da var.

"The Guardian" yazır ki, Senat Tillerson-un namizədliyini təsdiq etsə, o, böyük bir ehtimalla ExxonMobil şirkətinin səhmləri ilə vidalaşmalı olacaq.

Tillerson-la bağlı məsələ xüsusilə də indi son dərəcə kəskin şəkil alıb, çünki bu ayın əvvəllərində Mərkəzi Kəşfiyyat İdarəsi bəyan edib ki, Kremlin hakerləri Demokratik Partiyanın rəhbərliyindəki bir sıra vəzifəlilərin elektron məktublarını sızdırmaqla Trump-ın qələbəsinə kömək ediblər.

Bundan başqa Tillerson-a yaxın olan İqor Seçin Vaşinqtonun xüsusi sanksiya siyahısındadır. Hazırda Seçinin ABŞ-a səfər etmək hüququ yoxdur.

"The Guardian" yazır ki, Exxon Neftegas şirkətinin ən mühüm layihəsi Saxalin-1 adlanır.

Şirkətin qeydiyyatdan keçdiyi ofşor ərazi - Baham adaları Saxalindən 10 min 700 kilometr uzaqlıqda yerləşir.

Baham adalarındakı şirkətlərin reyestrindən sızmış sənədlər Almaniyanın "Süddeutsche Zeitung" və Britaniyanın "The Guardian" qəzetləri, habelə Washington-da mənzillənmiş təhqiqat jurnalistləri tərəfindən öyrənilib.

"Sənədlərdən görünür ki, Exxon xəlvəti "vergi cənnətində" Rusiyadan Venesuela və Azərbaycanadək bütün dünyadakı əməliyyatlarına aidiyyəti olan 67 şirkəti qeydiyyatdan keçirib" - deyilir məqalədə.

Dünyada ən böyük vergiödəyən olan ExxonMobil vergidən yayındığına dair iddiaları rədd edib.

Psixiatrlar Trump-ın "ruhi durumundan" narahatdırlar

Fotonun müəllifi Gerry Broome
Image caption Donald Trump

"The Independent" qəzetinin yazdığına görə psixiatriya sahəsində üç aparıcı professor prezident Barack Obamaya məktublarında Donald Trump-ın "ruhi stabilliyinə" dair "dərin narahatlıqlarını" ifadə ediblə

ABŞ prezidentinə müraciətlərində Harvard Tibb Məktəbinin və California Universitetinin həkimləri Barack Obaman-ı Trump yanvar ayında vəzifələrinin icrasına başlamadan onun "tam tibbi və nevropsixiatrik dəyərlənidirilməsinin" keçirilməsinə çağırıblar.

Həkimlər qrupu yazır ki, onlar doaqnostika məsələsində təxminlərə yol verə bilməzlər, amma cənab Trump-ın "meqalomaniyası, çılğınlığı və tənqidə ifrat həssaslığı" onları cənab Trump-ın prezdentliyə yararlı olmadığı qənaətinə gətirib.

"Peşə standartları bizim müayinə etmədiyimiz ictimai fiqur barədə diaqnoz çıxarmağımıza imkan vermir - deyilir Judith Herman, Nanette Gartrell və Dee Mosbacher tərəfindən imzalanmış məktubda, - Buna baxmayaraq onun haqqında geniş məlumat verilən ruhi sabitsizliyi - meqalomaniyası, çılğınlığı, ən kiçik tənqidə belə ifrat həssaslığı və belə görünür, fantaziya ilə reallıq arasında fərq qoya bilməməsi bizi belə bir qənaətə gətirib ki, o vəzifələrinin icrası üçün tələb olunan nəhəng məsuliyyəti çəkə bilməz".

Ötən avqust ayında prezident Obama Trump-ın mühakimə və temperamentinin onun prezidentliyə yararsız olduğunu göstərdiyini demişdi.

Barack Obama bunu da əlavə etmişdi ki, cənab Trump Avropa, Yaxın Şərq və Asiyaya dair kritik məsələlər haqqında biliyə malik deyil.

Prezident demişdi ki, "belə mühakimə və temperamentlə dünyanın ən qüdrətli vəzifəsini tutmaq olmaz".

"The İndependent" yazır ki, Amerika Psixiatrik Assosiasiyasının "Narsissist Şəxsiyyət Pozuntusu" və ya özünəməftunluq xəstəliyini müəyyən etmək üçün 9 rəsmi kriteriyası var. Bu diaqnoz bu kriteriyalardan beşinə və daha çoxuna uyğun gələnlərə verilir.

Tibb peşəkarları ilk dəfə deyildir ki, cənab Trump-ın prezidentliyə yararlığını şübhə altına alırlar.

Ötən iyunda Atlantic məcmuəsi bir psixoloqun Trump barəsində dəyərləndirməsini dərc etmişdi. Orada bildirilirdi ki, cənab Trump " narsissizm, höcətlilik, meqalomaniyadan" əzab çəkir.

Trump-ın ABŞ prezidentliyinə məsuliyyətsiz yanaşması onun diplomatik uyğunluğunu da şübhə altına alır.

"The İndependent" qeyd edir ki, mülkiyyət inşaatçısı Trump çox vaxt Tvitterdə rəqiblərinə qarşı təxribatçı postlar edir və bu zaman bəzən çoxdan oturuşmuş protokolları pozur.

Elə ötən şənbə o Çini "oğurluqda" ittiham edib və dərhal da Pekindən cavabını alıb.

Bu postda Trump-ın "presedentsiz" (unprecedented) sözü əvəzinə prezidentsiz (unpresidented) yazması da diqqəti çəkib.

Cənab Trump sonradan səhvini düzəldib.

Sonda qəzet yazır ki, Amerikada Goldwater qaydası deyilən bir anlayış var və bu anlayış Barry Goldwater adlı respublikaçı namizəd 1960-cı illərdə Fact jurnalını məhkəməyə verəndən sonra ortalığa çıxıb.

Fact məcmuəsi 12 min psixiatr arasında namizədin prezidentliyə "psixoloji baxımdan yararlığına" dair rəy sorğusu aparmış, onlardan 1189-u "yox" demişdi.

Bu barədə daha geniş