Britaniya mətbuatı: Səfirin qətli Moskva və Ankaranı daha da yaxınlaşdıra bilər?

"The Guardian" qəzetinin dünya məsələləri üzrə redaktoru Julian Borger özünün analitik məqaləsində yazır ki, Türkiyədə Rusiya səfirinin qətlə yetirilməsi üçüncü tərəfi ittiham etməyə hazır olan Moskva və Ankaranı daha da yaxınlaşdıra bilər.
Məqalədə deyilir ki, səfir Karlovun qətli 1914-cü ildə Böyük hersoq Franz Ferdinand-a edilmiş sui-qəsdlə qorxu doğuran paralellər barədə söhbətlərə səbəb olub. Bəziləri belə mülahizə yürüdürlər ki, bu qətl də böyük regional müharbəni alovlandıra bilər.
Lakin həm Türkiyə, həm də Rusiya lideri hadisəni ölkələri arasındakı münasibətlərin yaxşılaşmasına qarşı akt adlandırmaqla belə görünür ki, xəyallarındakı strateji düşmənləri ittiham etmək üçün ortaq zəmin tapıblar.
Həm Ankara, həm də Kreml Rusiya, Türkiyə və İran xarici işlər nazirlərinin dekabrın 20-ə elan edilmiş görüşünün qüvvədə qaldığını bəyan ediblər. Moskvada keçiriləcək bu görüşdə "üç müttəfiq" Suriyadakı növbəti addımlarını müzakirə etməli idilər.
Erdoğan Andrey Karlovun qətli ilə bağlı vəziyyəti müzakirə etmək üçün Putinə zəng edib və tərəflər terrorizmə qarşı mübarizədə "əməkldaşlıq və həmrəyliklərini" daha da gücləndirmək barədə razılığa gəliblər.
Türkiyə təhlilçilərindən Mustafa Akyol deyib ki, Erdoğan və Putin ürəklərindəki düşmənlərini ittiham etməyə hazır kimi görünürlər.
"Hər iki tərəf inanır ki, Qərb onları bir-birindən ayırmaq üçün qəsd hazırlayır" - deyib politoloq.
Diplomatlar bildirilər ki, iki liderdən heç biri Suriyada hərənin öz hərbi maraqlarını sürdürməyə imkan verən kövrək razılaşmanı pozmaq fikrindı deyil.
Türkiyə əmin edib ki, onun Suriyanın şimalına müdaxilə etməsi, Rusiya və Əsəd qoşunlarının Hələbi mühasirəsini zəiflətmək məqsədi daşımır.
Şəklin mənbəyi, Getty Images
Sərgidə çıxış edən Rusiya səfiri arxa duran şəxs tərəfindən güllələnmişdi.
Belə görünür ki, Moskva da Türkiyənin Suriyanın şimalındakı əl-Bab şəhərini tutmaqla kürdlərin mini-dövləti olan Rojavanın konsolidasiyasını bloklaması ilə razılaşıb.
"Rusiya və Türkiyə bu böhranın cilovlanmasında son dərəcə maraqlıdırlar. Hələbin zorla təxliyə edilməsi Rusiyanın müharibə səylərinə xidmət edir, Türkiyənin əl-Babı tutması isə Ankaranın kürd ekspansionizmini cilovlamaq cəhdlərinə yardımçı olur" - deyib Atlantic Council analitik mərkəzindən Aaron Stein.
Təhlilçi bildirib ki, bu sui-qəsd Türkiyə və Rusiya arasındakı ikitərəfli münasibətləri indikindən daha artıq assimmetrik edəcək.
"Bu situasiyada Rusiya həmişə daha üstün mövqedədir və bu Moskvanı daha da güclü edir" - deyib Stein.
Türkiyə və Rusiya artıq indidən qətlin arxasında daha geniş qəsdin durduğuna işarə ediblər. Türkiyənin baş naziri Binali Yıldırım sui-qəsdçinin arxasında dayanan "qara qüvvələrdən" danışıb, Putin isə Karlovun qətlini Rusiya-Türkiyə yaxınlaşmasına qarşı "təxribat" kimi qiymətləndirib.
Qərb amili
Hər iki ölkədə siyasi şərhçilər qətlin arxasında gözəgörünməz Qərb əllərinin olması ehtimalını dilə gətirməklə Putin və Erdoğanın qəsd nəzəriyyəsinə söykənən dünya görüşünü əks etdiriblər.
Rusiyanın vəzifəli senatorlarından Frants Klintseviç deyib ki, "Karlovun qətlinin arxasında NATO-nun xarici məxfi xidmətlərindən birinin dayanması ehtimalı çox böyükdür".
Başqa bir rus senator Aleksey Puşkov bu qətlə görə Rusiyanın düşmənləri tərəfindən qızışdırılan "siyasi və media qaraqışqırığını" ittiham edib. O Twitter hesabından belə bir post edib: "İndi əsas sual budur ki, bu sui-qəsdin arxasında dayanan və beləliklə də Rusiyaya müharibə elan edən kimdir?"
Erdoğanın tərəfdarları qətlin arxasında ABŞ-da yaşayan Fethullah Gülenin dayandığına dair ehtimallar irəli sürüblər.
Keçmiş Türkiyə diplomatı, hazırda isə Carnegie Sülh Fondunda çalışan Sinan Ülgen deyib ki, bu qətl 2015-ci ildə vurulmuş Rusiya hərbi təyyarəsinə görə yaranmış böhrandan daha böyüyünə səbəb olmayacaq.
O deyib ki, bu saat heç bir tərəfin gərginliyi artırmaq niyyəti yoxdur.
Onun fikrincə, buna baxmayaraq Rusiya qətlin kimlər tərəfindən törədildiyinin aşkara çıxarılması üçün daha dərin təhqiqat tələb edəcək.
Bu qətlin tənha qəsdçi tərəfindən törədildiyi və ya söhbətin Türkiyənin hüquq-mühafizə orqanlarına sirayət etmiş cihadçı qrupdan getdiyi hələlik aydın deyil.
Rusiya Beynəlxalq İşlər Şurasında Yaxın Şərq üzrə ekspert Maksim Suçkov isə deyib ki, bu qətlin Ferdinandın öldürülməsi ilə müqayisə edilməsi düzgün deyil.
Onun fikrincə hazırda heç bir tərəf çəkişəcək halda deyil. Hər iki tərəfin itirə biləcəyi çox şeylər var.
Trump ordunu da milyarderə tapşırdı
"The İndependent" yazır ki, Donald Trump ABŞ ordusuna rəhbərlik edəcək nazir postuna da milyarder biznesmen gətirir.
Şəklin mənbəyi, Drew Angerer/Getty Images
Vincent Viola ordunun planları, vəziyyəti və büdcəsi barədə müdafiə naziri, James Mattis-ə, habelə Konqres komitəsinə məruzə edəcək.
Söhbət məşhur Virtu Financial şirkətinin və Florida Panthers xokkey klubunun sahibi, sərvəti 1, 8 milyard dollar civarında qiymətləndirilən Vincent Viola-dan gedir.
Cənab Trump bəyan edib ki, istər müstəsna hərbi xidmət olsun, istərsə də dünya biznesi təcrübəsi Vinnie bütün həyatı ilə lider olduğunu isbat edə bilib.
"The İndependent" yazır ki, cənab Trump-ın donorlarından olan "Vinnie" - Viola Brooklyn-də italyan miqrant ailəsində dünyaya gəlib və milyarder olub.
Bunları dilə gətirən Trump deyib ki, Viola "Amerika arzusunun canlı təcəssümüdür".
Silahlı Qüvvələr naziri kimi Viola ordunun planları, vəziyyəti və büdcəsi barədə müdafiə naziri, təqaüddə olan general James Mattis-ə, habelə Konqres komitəsinə məruzə edəcək.
"The İndependent" yazır ki, cənab Viola həm maliyyə, həm də təhlükəsizlik dairələrində yaxşı əlaqələrə malikdir.
O, 1977-ci ildə West Point hərbi akademiyasından, hərbi hava piyadaları zabiti kimi məzun olub. O hazırda ordu kibernetika institununun məşvərət şurasının üzvüdür.
Biznesmen həm də New York Hüquq Məktəbində təhsil alıb. Viola 2003-cü ildə West Point-də Antiterror Mərkəzinin maliyyələşdirilməsinə dəstək verib.
Cənab Viola New York Ticarət Birjasının sədri olub.
O Panthers klubunu 2013-cü ildə 250 milyon dollara alıb və Virtu Financial şirkətini 2008-ci ildə təsis edib.
Vincent Viola Forbes jurnalının 400 nəfərlik zənginlər siyahısında 374-cü yeri tutur.
O deyib ki, yeni vəzifədə Amerika əsgərlərinin döyüşmək və qalib gəlmək üçün hər şeylə təmin olunmasına çalışacaq.
"Süni zəka" ilə seks
"The Telegraph" qəzeti yazır ki, yaxın gələcəkdə ər və arvad arasında cinsi əlaqə yalnız xüsusi hallarda baş verəcək, qalan vaxtlarda bu ehtiyacları robotlar təmin edəcək.
Məqalədə deyilir ki, yataq otağında "süni zəkanın" olması yaxın 25 ildə ictimai baxımdan normal hal sayılacaq.
Cinsi əlaqənin texnolgiyalaşması üzrə ekspert doktor Trudy Barber bu texnolgiyanın sürətli yüksəlişini e-kitabların populyarlaşması ilə müqayisə edib.
Rocky və ya Roxxxy True Companion adlı seks robotunun qiyməti hazırda 7 min dollardır, lakin bu "cihazların" sayı artdıqca, qiymətlərin də daha münasib olacağı düşünülür.
Sevgi və Seks Robotları beynəlxalq konfransında çıxış edən doktor Barber deyib ki, yeni texnologiyalar uzaq məsafədən seksual əlaqəni reallığa çevirəcək.
Ekspertin fikrincə, robotlardan istifadə insanlara təbii seksin qədrini bilməyi öyrədəcək.
Lakin süni zəka ekspertləri seks robotları ilə bağlı bir sıra narahatlıqlarını ifadə ediblər.
Onlar bildirirlər ki, seks robotlarının geniş yayılması yeniyetmələrin öz bakirəliklərini humanoid cihazlarla əlaqədə itirməsinə və təbii seks haqqında yanlış təsəvvürlərə malik olmalarına səbəb ola bilər.
Doktor Noel Sharkley deyib ki, seks robotlarının seks sənayesinin ixtiyarına keçməsi də yolverilməzdir.
Lakin doktor Barber israr edir ki, robotlar "əlavə insan irqi" sayılacaqlar.
"Söhbət bunun nə vaxt məqbul sayılacağından yox, bizim onlara inteqrasiya olunmağımızdan gedəcək" - deyib Barber.
Bəzi alimlər düşünürlər ki, bəzi robotlar insan partnyorun seksual imkanlarına uyğun adaptasiya olunmağı bacaracaqlar.
Pepper tipli robotlardan hazırda Asiya ölkələrində yaşlı adamlara xidmət göstərilməsi üçün istifadə edilir.
İki il bundan əvvəl yaradılmış bəzi seks robotları insanın emosiya və əhvalını hiss etməyə proqramlaşdırılıb.