Berlin hücumu ilə bağlı "tunisli şübhəli axtarılır"

Yük maşını Fotonun müəllifi AFP
Image caption Hücumda şübhəli bilinən şəxs çərşənbə axşamı günü azad olunub.

Almaniya polisi Berlində Milad bayramı ilə bağlı təşkil edilmiş bazarda törədilən hücumla əlaqədar tunisli şəxsi axtarır, media bildirir.

Berlin bazarındakı kütləyə sürülərək 12 adamın ölümünə səbəb olmuş yük maşınında aşkar edilən müvəqqəti vəsiqə Anis A. adlı şəxsə verilib. Sənədə əsasən o, 1992-ci ildə Tunisin Tatauin şəhərində doğulub.

Vəsiqənin verildiyi deyilən Şimali Reyn-Vestfaliya vilayətində polis əməliyyatının həyata keçirildiyi bildirilir.

Məlumatda bildirilir ki, hücumdan əvvəl yük maşınının sürücüsü ilə yaranmış davada şübhəli xəsarət almış ola bilər.

Allgemeine Zeitung və Bild nəşrləri 21-23 yaşında olan şübhəlinin başqa saxta adlarla tanındığını da bildirir.

Aprel ayında sığınacaq üçün müraciət edən şəxsə müvəqqəti yaşama vizası verilib, Sueddeutsche Zeitung nəşri bildirir.

Rəsmilər mediadakı məlumatları təsdiq etməyiblər.

Çərşənbə axşamı günü hücumla bağlı saxlanılan yeganə şübhəli azad olunub. Media həmin şəxsin Pakistan əsilli Naved B. olduğunu xəbər verir.

Bazar ertəsi Berlinin mərkəzindəki meydanda Milad bayramı ilə bağlı təşkil edilən bazara yük maşınının sürülməsi nəticəsində 12 adam həlak olub.

Daha 49 nəfər xəsarət alıb. Onlardan 18 nəfərin vəziyyəti ağırdır, Almaniya mediası bildirir.

Bundan əvvəl istintaq hücumu törədən şəxs və yaxud da şəxslərin azadlıqda olduğunu bildirib.

Fotonun müəllifi AP
Image caption Frankfurt şəhərinin mərkəzində polislərin sayı artırılıb.

Hücumun ardından Berlinlə yanaşı Almaniyanın bir neçə şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib.

Almaniya kansleri Angela Merkel əhalini təşvişə düşməməyə səsləyib.

Çərşənbə axşamı günü özünü İslam Dövləti (İD) adlandıran qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürdüyünü bəyan edib. Hərçənd ki, qruplaşmanın adından yayılan bəyanatda bunu təsdiqləyən dəlillər verilmir.

Fotonun müəllifi PA
Image caption Berlində baş verən hücum yerində ölənlərin xatirəsi yad edilir.

İD bildirir ki, hücumu "koalisiya ölkələrinin vətəndaşlarını hədəfləmək cağırışına cavab olaraq" onların "əsgərlərindən biri" həyata keçirib.

Amaq agentliyi vasitəsilə yayılan qruplaşmanın iddiasını təsdiqləyən dəlil təqdim olunmayıb.

Federal prokuror, Peter Frank deyib ki, hücum tərzi və hədəfin seçimi İslam ekstremizmi amilinə işarə edir.

Almaniyanın daxili işlər naziri Thomas De Maiziere iddiaya ehtiyatlı reaksiya verib və deyib ki, "istintaqın bir neçə xətti üzrə araşdırmalar" davam etməkdədir.

Bu barədə daha geniş