Berlin hücumu: "daha bir tunisli saxlanılıb"

Berlin Milad bazarına hücum

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

Yük avtomobilinin avtomatik əyləc sisteminin daha çox insan itkisinin baş verməsinin qarşısını aldığı deyilir

Ötən həftə Berlində Milad bazarına edilən hücumla bağlı 40 yaşlı tunisli kişi saxlanılıb, Alman dövlət ittihamçıları məlumat verib.

Onların sözlərinə görə, şəxsin mobil nömrəsi Milad bazarına yük maşını ilə hücum edərək 12 nəfərin ölümünə səbəb olmuş Anis Amri-nin telefonunda tapılıb.

Polis Berlinin Tempelhof ərazisində həmin şəxsin ev və iş yerində axtarış aparıb, Almaniya kütləvi informasiya vasitələri yazır.

Rəsmilər cümə axşamına qədər həmin şəxsin həbs edilib-edilməməsi barədə qərar verməli olublar.

24 yaşlı tunisli Anis Amri ötən cümə günü hücumdan 4 gün sonra İtaliyanın Milan şəhərində yoxlama zamanı atəş açaraq zabiti yaralayıb və polis tərəfindən güllələnib.

Bu arada hökumət rəsmiləri bəyan edib ki, yük avtomobilinin avtomatik əyləc sistemi daha çox insan itkisinin baş verməsinin qarşısını alıb, Alman mətbuatı məlumat verib.

Dekabrın 19-də Berlində yük maşınının Milad bazarına daxil olması 12 nəfərin həlak olması, daha 49 nəfərin xəsarət alması ilə nəticələnib.

Hadisəyə görə məsuliyyəti üzərinə özünü İslam dövləti adlandıran qruplaşma götürüb.