Trump ABŞ kəşfiyyatı ilə Rusiyaya qarşı sanksiya və ittihamları müzakirə edəcək

Şəklin mənbəyi, AFP
Trump bildirib ki, bu vəziyyət barədə yeni məlumatlar əldə etmək məqsədilə növbəti həftə kəşfiyyat birliyinin liderləri ilə görüşəcək
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trump indiki administrasiyanın Kremlin ünvanına olan ittihamlarını Amerika kəşfiyyatının nümayəndələri ilə müzakirə edəcəyinə söz verib.
Cümə axşamı prezident Obama rəsmi Vaşinqtonun Moskvanı günahlandırdığı ABŞ-da seçkiqabağı kampaniya zamanı edilən kiberhücumlarla bağlı Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ediləcəyini elan edib.
Trump bəyənatında bildirib ki, ölkəsinin və onun böyük xalqının marağından çıxış edərək bu vəziyyət barədə yeni məlumatlar əldə etmək məqsədilə növbəti həftə kəşfiyyat birliyinin liderləri ilə görüşəcək.
O əlavə edib ki, ABŞ irəli getməli və "daha vacib işlərlə məşğul olmalıdır".
Cümə axşamı axşam saatlarında hazırkı prezident Barack Obama seçki kampaniyası zamanı ABŞ Demokrat partiyasının serverlərinə rus hakerləri tərəfindən edilən kiberhücumlarla bağlı Vaşinqton və San-Francisco-dan 35 rus diplomatının ölkədən çıxarılması barədə elan edib.
Moskva bu ittihamları inkar edir və artıq Birləşmiş Ştatlar tərəfindən qəbul edilən tədbirlərə adekvat cavab verəcəyini vəd edib.
ABŞ, həmçinin, bir neçə Rusiya vətəndaşı və şirkətlərinə qarşı sanksiya tətbiq edib.
Amerika maliyyə nazirliyi isə Maryland və New York-dakı Rusiya diplomatik missiyalarına məxsus diplomatik bağ evlərinin bağlanması barədə məlumat verib.
Amerika hökumətinin fikrincə, bu komplekslər kəşfiyyat məqsədilə istifadə olunub.
Şəklin mənbəyi, AFP
Moskva artıq Birləşmiş Ştatlar tərəfindən qəbul edilən tədbirlərə adekvat cavab verəcəyini vəd edib
Donald Trump-ın müşaviri və onun seçki qərargahının sabiq başçısı Kellyanne Conway CNN-ə müsahibəsində bildirib ki, Obama administrasiyası sanksiyalar tətbiq edərək seçilmiş prezidenti "küncə sıxışdırmaq" və onun Rusiyaya münasibətdə fəaliyyət azadlığını məhdudlaşdırmağa çalışır.
Cənab Trump daha əvvəllər Amerika kəşfiyyatının Demokrat partiyasının serverlərinə məhz rusiyalı hakerlərin hücum etməsi barədə iddialarına şübhə ilə yanaşıb.
Bununla belə, ABŞ konqresindəki bir çox yüksək vəzifəli respublikaçılar sanksiyaların tətbiqini dəstəkləyib.
Moskvanın cavabı
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva Birləşmiş Ştatlarla Rusiya əleyhinə yeni sanksiyaların tətbiq edilməsinə adekvat cavab verəcək.
Washington-dakı Rusiya səfirliyi bəyan edib ki, yeni sanksiyalar" birbaşa olaraq Rusiya-Amerika ikitərəfli münasibətlərinin sarsıdılmasına yönəldilib".
Səfirlik vəd edib ki, sanksiyalar cavabsız qalmayacaq.
CNN Amerika məmurlarına istinadən xəbər verir ki, Rusiya hakimiyyəti artıq Moskvada yerləşən ABŞ, Böyük Britaniya, Kanada səfirliyinin əməkdaşlarının övladları təhsil aldığı məktəbi bağlamaq niyyətindədir.