Britaniya mətbuatı: Margaret Thatcher Almaniyanın birləşməsini istəmirmiş…

qəzetlər

Margaret Thatcher Almaniyanın birləşməsini istəmirmiş…

"The Daily Telegraph" yazır ki, Britaniya arxivlərində məxfiliyi qaldırılmış sənədlərə görə ovaxtkı baş nazir "Dəmir ledi" - Margaret Thatcher 1989-cu ildə iki Almaniyanın birləşməsi ideyasından bərk narahat imiş.

1989-cu ilin noyabrında Berlin divarının uçurulması Soyuq müharibənin sonu və kommunist şərqi Almaniyası ilə kapitalist Qərbi Almaniyasının birləşməsi demək idi.

Lakin Şərqi Avropada kommunizmin süqutu Qərbin təntənəsinə çevrilsə də, xanım Thatcher narahat imiş ki, dirçələn Almaniya qitədə dominant ölkəyə çevriləcək.

Məxfi sənədlər göstərir ki, iki Almaniyanın birləşməsi ərəfəsində, yəni 1990-cı ildə Qərbi Almaniya səfiri ilə şəkil çəkdirərkən müşavirləri Margaret Thatcher-i diplomatla görüşdə müsbət bəyanat verməsi üçün bir xeyli dilə tutmalı olmuşdular.

"Burda əsas məsələ "dost, müttəfiq və partnyor" kimi sözləri işlətməkdir" - yazırdı Dəmir ledinin xarici məsələlər üzrə müşaviri Charles Powell.

Sənədlərdən bu da bəlli olur ki, cənab Powell Thatcher-in tapşırığı ilə, Almaniya kansleri Helmut Kohl-un təşkil etdiyi "birləşmə mərasimini" ləğv etdirmək planları qururmuş.

Birləşmə mərasiminin ABŞ prezidenti ata Bush olmadan keçirilməsinin müşkül olacağını bilən müşavir Ağ Evə zəng edərək xanım Thatcher-in onun bu mərasimə qatılmasını istəmədiyini çatdırmışdı.

Cənab Powell Ağ Evə bildirmişdi ki, xanım Thatcher oktyabrın 3-də keçiriləcək mərasimə "heç cür" qatıla bilməyəcək və buna görə də ABŞ prezidentinin də oraya gəlməməsini istəyir.

Müşavir Bush administrasiyasını inandırmağa çalışırdı ki, Almaniyanın birləşmə mərasiminə xarici işlər nazirlərinin getməsi kifayətdir.

ABŞ Milli Təhlükəsizlik Şurasının vəzifəli rəsmisi Bob Blackwell Britaniya diplomatı Andrew Wood-a demişdi ki, "deyəsən, xanım Thatcher vahid Almaniyaya qarşı hətta Sovet İttifaqı ilə də müttəfiqliyə hazırdır".

Məxfiliyi qaldırılmış sənədlərdən aydın olur ki, 1989-cu ilin martında xanım Thatcher Britaniya tarixçilərinin gizli seminarını keçirmiş və burada bəzi alimlər Almaniyanın nasist keçmişi ilə bağlı narahatlıq ifadə etmişdilər.

"The Telegraph" yazır ki, Britaniya hökuməti bu seminarın həssas məsələ olmasını dərk edərək onun protokolunun məxfi saxlanması barədə qərar qəbul etmişdi.

Bu protokolda "almanlar kimdir", "onlar dəyişiblərmi", "birləşmənin nəticələri nə ola bilər" kimi suallar var idi.

Bu seminarda alimlərdən biri soruşmuşdu ki, "mədəni və yetkin bir xalq başının tovlanmasına və barbarizmə məcbur edilməsinə necə imkan verə bilərdi və bu, tarixdə bir dəfə baş veribsə, ikinci dəfə baş verməyəcəyinə kim təminat verə bilər?"

Alimlər deyirdilər ki, burada söhbət Almaniyanın təkcə nasist dövründən yox, bütün post-Bismark zəmanəsindəki davranışından gedir".

Powell bu seminarın hesabatında yazırdı ki, "alimlər Almaniyanın hazırkı liderlərindən narahat deyillər, amma on, on beş, iyirmi ildən sonra nələrin olacağını kim deyə bilər?"

Şəklin mənbəyi, ERIC PIERMONT/AFP/Getty Images

Şəklin alt yazısı,

George Soros

Soros: Amerika "dələduzu" seçib

"The Daily Mail" qəzetinin yazdığına görə milyarder maliyyəçi və xeyriyyəçi George Soros ABŞ-da prezident seçilmiş Donald Trump-ı "dələduz" adlandırıb və deyib ki, "gələcəyin diktatorunun" ölkə başçısı seçilməsi "dağıdıcı qüvvələrə" rəvac verəcək.

Macarıstanda doğulmuş maqnat ABŞ seçkilərində demokrat namizəd Hilalry Clinton-u dəstəkləyirdi.

O deyib ki, Trump-ın yüksəlişi və onun Rusiya prezidenti Vladimir Putin kimi rəhbərlərlə yaxınlığı Avropa İttifaqının açıq cəmiyyət modeli üçün təhlükə təşkil edir.

"Demokratiya böhran yaşayır" - yazır Soros, Project Syndicate məcmuəsində.

"Hətta dünyanın aparıcı demokratiyası olan ABŞ da dələduzu və gələcəyin diktatorunu prezident seçib, - yazır Soros, - Trump seçiləndən bəri ritorikasının tonunu aşağı salsa da, nə davranışını, nə də müşavirlərini dəyişib".

Soros-un fikrincə, Trump-ın kabineti "bacarıqsız ekstremistlərdən və təqaüdçü generallardan ibarətdir".

"The Daily Mail" yazır ki, hazırda Trump-ın kabinetində üç təqaüdçü general var. Bunlar onun müdafiə nazirliyinə namizədi James Mattis, daxili təhlükəszilik naziri John Kelly və milli təhlükəsizlik müşaviri vəzifəsinə namizəd Michael Flynn-dir.

Məqalədə deyilir ki, bu komanda Trump-ın kabinetini 1940-cı illərdən bəri Amerikanın ən hərbiləşdirilmiş administrasiyası edəcək.

Soros inanır ki, Trump-ın seçilməsi bütün dünyada demokratiya üçün təhlükədir.

Xeyriyyəçinin fikrincə, bu administrasiya yaxın gələcəkdə yalnız daxili çəkişmələrlə məşğul olacaq, bu isə başqa ölkələrdə demokratiyanın təbliğatını əngəlləyəcək.

"Trump daha çox diktatorlarla yaxınlıq edəcək - yazır Soros, - Trump prinsiplərin müdafiəsi yox, sövdələşmələrlə məşğul olacaq".

George Soros yazır ki, Putin sosial media platformalarından və saxta xəbərlərdən istifadə etməklə Trump-ın seçki qələbəsinə köməklik göstərib.

Maliyyəçinin fikrincə, indi Putin eyni taktikadan istifadə etməklə Avropa İttifaqının demokratik hökumətlərini sarsıdır.

Məqalədə deyilir ki, 2004-cü ildə George W. Bush-un prezident seçilməsini bloklamağa çalışan Soros bu seçkidə Clinton-un kampaniyasına 25 milyon dollarlıq ianə vermişdi.

Belə şayiələr də var ki, Wisconsin, Pennsylvania və Michigan ştatlarında səslərin yenidən sayılması üçün uğursuiz cəhdi də Soros maliyyələşdirib.

Soros yazır ki, "açıq cəmiyyətlər təhlükədədir və faşist diktatorluqlarından tutmuş mafiya dövlətlərinə qədər qapalı cəmiyyətlərin yüksəlişi başlanıb".

"Bu necə baş verə bilərdi? - yazır Soros, - Bunun yeganə izahatı seçkili liderlərin seçicilərin legitim gözləntilərini və istəklərini doğrultmamasıdır. Bu isə elektoratların demokratiya və kapitalizmin üstün versiyalarından küskün düşməsinə gətirib çıxarıb".

"Sadəcə olaraq bir çox adamlar hiss ediblər ki, elitalar onların demokratiyasını oğurlayıblar" - yazır Soros.

Sevəndə adamın qarnı niyə ağrıyır?

"Daily Mail" qəzetinin qadınlar üçün əlavəsi olan FEMAIL məcmuəsində şəxsi münasibətlər eksperti Gary Amers aşiq olduğunuzu göstərən 10 əlamət barədə məlumat verir:

  • Siz Milad bayramında bağışlanmış hədiyyə qutusunu açmağa tələsən uşaq kimisiniz. Siz onu, yalnız onu sevdiyinizi beyninizdən əvvəl "ürəyinizlə" başa düşürsünüz.
  • Onun barəsində düşünən kimi işıq saçırsınız. Onu hər gördüyünüzdə "adrenalin" partlayışı baş verir.
  • Qarnınızda ağrı baş qaldırır. Bu ona görə belə olur ki, beyin orqanizm üzərində nəzarətini itirib.
  • Sizə elə gəlir ki, bu adamı çoxdan tanıyırsınız: Siz bu eşqi uzun müddətdir ki, tikirdiniz və indi onu görən kimi bu eşqin məhz O olduğunu dərk edirsiniz.
  • Sizin fikrinizi ondan heç nə yayındıra bilmir: Bu adam üçün bütün tədbirlərinizi ləğv edə bilərsiniz.
  • Bu şəxs sizin üçün həyatda mühüm olan hər bir şeylə əlaqəlidir: sizin ortaq dəyərləriniz var, birlikdə qarşı çıxdığınız dəyərlər də var.
  • Siz özünüzü tam təhlükəsizlikdə hiss edirsiniz: Sevdiyinizlə olduğunuz həmin yer sizin yerinizdir. Bu sizdə bir asayiş hissi yaradır.
  • Siz Onu məmnun edəcək hər şeyi etməyə hazırsınız. İnsan vurulanda hər bir işi Onun üçün etmək istəyir. Lap bunu etmək istəməyəndə də...
  • Sevərkən nəyiniz varsa verməyə hazırsınız: İnsan belə proqramlaşıb ki, əsl sevgi ilə qarşılaşanda nəyi varsa, verməyə hazır olsun.
  • Gələcək barədə fantaziyalar qurursunuz. İnsan sevərkən onun bütün düşüncəsi gələcəyə köklənir. Xəyalınızdan toy gününün sevinci və onu itirmək qorxuları keçir.