Trump-dan ABŞ kəşfiyyatına və öz partiyasına hücum

Donald Trump

Şəklin mənbəyi, AFP

ABŞ-ın gələcək prezidenti Donald Trump ABŞ kəşfiyyatına yenidən sözlə hücum edib.

O Twitter-də yazıb ki, 2016-cı il ABŞ prezident seçkisinə Rusiyanın müdaxiləsi barədə onun üçün təşkil edilən kəşfiyyat brifinqi təxirə salınıb.

"Bəlkə arqumentlərini toplamaq üçün onlara daha çox vaxt lazım olub. Çox qəribədir", o yazıb.

Lakin ABŞ kəşfiyyat rəsmiləri brifinq cədvəlinə heç bir dəyişikliyin edilmədiyini israr ediblər.

Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) və Federal Təhqiqat Bürosu (FBI) daxil olmaqla bir neçə ABŞ kəşfiyyat orqanı Donald Trump-ın prezident seçkisini qazanması üçün Demokrat Partiyası və onun namizədi Hillary Clintona yönəlik kiberhücumların Rusiya tərəfindən idarə edildiyinə inanır.

Cənab Trump əvvəl bu iddiaların "cəfəngiyyat" olduğu desə də, daha sonra "vəziyyətlə bağlı faktlar barədə məlumatlandırılmaq" üçün ABŞ kəşfiyyat rəhbərləri ilə görüşəcəyini deyib.

Çərşənbə axşamı Demokrat Partiyası və Hillary Clintona kiberhücumlar nəticəsində əldə edilən məlumatı seçkiqabağı dərc edən Wikileaks-ın təsisçisi Jualian Assange bu məlumatın mənbəyinin Rusiya olmadığını təkrarlayıb.

Digər yeni xəbərdə isə, cənab Trumpın dövlət katibliyinə namizədi rəhbərlik etdiyi Exxon Mobil enerji şirkəti ilə bütün əlaqələrini kəsməyə və maraq toqquşmasına yol verməmək üçün tələblərə riayət etməyə vəd edib.

Etika davası

Eyni zamanda Respublikaçılar nalayiq siyasi hərəkətləri araşdıran azad qurumu zəiflədəcək planları təxirə salıblar.

Respublikaçı millət vəkillərinin Konqresin Əxlaq İdarəsinin səlahiyyətini və azadlığını azaltmağa yönəlik gözlənilməmiş səs vermə keçirməsi cənab Trump və ictimaiyyətin tənqidləri ilə nəticələnib.

Gizli addım 115-ci konqresin ilk günündə təşkil edilən təcili iclasda ləğv edilib.

Etika qurumu 2008-ci ildə bir neçə millət vəkilinin həbsilə nəticələnən qalmaqaldan sonra təsis edilib.

Cənab Trump-ın seçki qabağı vədlərindən biri, Washington-u (ABŞ-ın siyasi mərkəzi) təmizləmək olub.

Respublikaçı Nümayəndələr Palatasının Spikeri Paul Ryan dəyişikliyə qarşı çıxış etsə də, qayda dəyişikliyi bazar ertəsi günü gecə saatlarında qapalı iclasda qəbul edilmişdi.

Lakin qərarlarına görə tənqidlərlə üzləşmiş Respublikaçı Nümayəndələr Palatası üzvləri təcili iclas təşkil edərək dəyişikliyi ləğv ediblər.

Həmkarları tərəfindən yenidən spiker seçilən cənab Ryan, Respublikaçı millət vəkillərinə dəyişikliyə cəhd etmədən öncə Demokrat millət vəkillərinin dəstəyini qazanmağı və səbirli olmağı tövsiyə edib.