Netanyahu fələstinlini öldürən əsgərin əfv edilməsini istəyir

Elor Azaria (sağda)

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

Elor Azaria (sağda)

İsrailin baş naziri Benyamin Netanyahu çərşənbə günü keçirilmiş məhkəmə prosesində adam öldürməkdə təqsirli bilinən israilli əsgərin əfv edilməsinə çağırıb.

20 yaşlı çavuş Elor Azaria ötən ilin martında Hebronda artıq zərəsizləşdirilmiş 21 yaşlı Abdul Fatah əl-Şərifi başından güllələyib.

İsrail hərbi qüvvələri onun hökmünün bazar günü oxunacağını bildirib.

Bu iş İsraildə fikir ayrılığı yaradıb. Bir çoxları iddia edir ki, o, hərbi davranış kodeksi pozduğuna görə cəzalandırılmalıdır. Bəziləri isə onun hərəkətlərinə haqq qazandırır.

Əsgəri dəstəkləyən mitinqlər keçirilib, lakin yüksək rütbəli hərbi rəsmilər Azarianın hərəkətlərinin İsrail Müdafiə Qüvvələrinin (İDF) dəyərlərini əks etdirmədiyini deyib.

Şəklin mənbəyi, AFP

Cənab Netanyahu çağırışını Facebook-da edib: "Mən Elor Azarianın əfv edilməsini dəstəkləyirəm".

"Bu bizim hamımız üçün ağır və ağrılı bir gündür - və xüsusən Elor, onun ailəsi, mən də daxil olmaqla əsgərlərimiz və əsgərlərimizin ailələri üçün də."

Mart ayında baş nazir Azarianın ailəsinə zəng edərək onlarla rəğbətini paylaşıb.

Sağçı təhsil naziri Naftali Bennet daxil olmaqla hakim koalisiyanın başqa üzvləri də Azarianın əfv edilməsini dəstəkləyir.

Lakin mərkəz sol siyasətçi və keçmiş xarici işlər naziri Tzipi Livni hökmün qəbul edilməsinin lazım olduğunu deyib.

Prezident Reuven Rivlin əfv mövzusunu yalnız məhkəmə prosesi bitdikdən sonra müzakirə edə biləcəyini bildirib.