Biden Trump-a "böyüməyi" tövsiyə edib

Joe Biden

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı,

Cənab Biden bildirib ki, yeni seçilmiş prezident üçün xüsusi xidmət orqanlarına inanmamaq "tamamilə dəlilikdir"

ABŞ-ın vitse-prezidenti Joe Biden ölkənin yeni seçilmiş prezidenti Donald Trump-ın kəşfiyyat birliyinə olan hücumlarını tənqid edib və onu "böyüməyə" çağırıb.

Cümə günü cənab Trump-a noyabrda baş tutmuş president seçkilərinə Rusiyanın qarışması iddiaları ilə bağlı məlumat veriləcək.

Amma Donald Trump Rusiyanın seçkilərə qarışması iddialarını şübhə ilə qarşılayır və Twitter hesabında kəşfiyyat ictimaiyyətini tənqid edib.

Cənab Biden bildirib ki, yeni seçilmiş prezident üçün xüsusi xidmət orqanlarına inanmamaq "tamamilə dəlilikdir".

PBS-ə müsahibə verən cənab Biden deyib ki, "kəşfiyyat ictimaiyyətindən daha çox bilmək, mən fizikanı professorumdan daha çox bilirəm. Kitabı oxumamışam, amma daha çox bildiyimi bilirəm kimi bir şeydir".

O, Donald trump-ın Twitter-də mütəmadi hücumları ilə bağlı suala cavab verib ki:

"Böyü, Donald, böyü, böyük olmaq vaxtıdır, sən prezidentsən. Nəsə etmək vaxtıdır. Nəyin varsa bizə göstər."

Joe Biden, həmçinin, cənab Trump-ı "yaxşı adam" adlandırıb.

Cənab Biden-in sözlərinə görə, o, ABŞ president seçkilərinin quruculuğu prosesində Rusiyanın iştirakının miqyasını şərh edən ABŞ kəşfiyyat orqanlarının məruzəsini oxuyub.

Donald Trump-a bu barədə cümə günü məlumat veriləcək. Gizli olmayan versiya isə gələn həftə ictimaiyyətə açıqlanacaq.

Joe Biden deyib ki, Rusiyanın ABŞ prezident seçkilərinə təsir etmək cəhdi barədə hesabatda təfərrüatlar var.

Onun sözlərinə görə, haker hücumu sistemli şəkildə Donald Trump-un rəqibi Hillary Clinton-un prezident seçkilərindəki kampaniyasını sarsıtmağın tərkib hissəsi olub.

O, əlavə edib ki, haker hücumu şübhə edildiyinindən daha geniş olub. Hücuma məruz qalanlar arasında Clinton-un kampaniyasının meneceri John Podesta və Demokratik Milli Komitənin serverləri də olub.

Sənədlər Wikileaks saytı tərəfindən dərc olunub.

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı,

Ötən həftə Donald Trump "çərşənbə axşamı və ya çərşənbə günü" haker hücumu barədə məlumat verəcəyini deyib

Cümə axşamı ABŞ Milli Kəşfiyyatının Direktoru, general James Clapper Senatın Silahlı Xidmətlər Komitəsinin dinləmələrində bildirib ki, Rusiya prezidenti Vladimir Putin haker hücumunun əmrini verib. Onun sözlərinə görə, motiv gələn həftə açıqlanacaq.

Rusiya ona qarşı olan bu ittihamları inkar edir, lakin ABŞ Rusiya rəsmilərinə qarşı sanksiyalar elan edib.

Cənab Trump dəfələrlə Rusiya hökumətinin cənab Podesta-nın kompüterləri və ya Demokratik Milli Komitənin serverlərinə haker hücumu təşkil etməsi iddialarını rədd edib.

Ötən həftə Donald Trump deyib ki, o, "çərşənbə axşamı və ya çərşənbə günü" haker hücumu barədə məlumat verəcək, amma heç bir açıqlama edilməyib.

Cənab Trump-ın andiçmə mərasimi yanvarın 20-də keçiriləcək.