N!DA-çı fəal 30 sutka müddətinə həbs edilib

Rəhim Vəliyev Fotonun müəllifi Courtesy photo

N!DA Vətəndaş Hərəkatının fəalı Rəhim Vəliyev polisin qanuni əmrinə tabe olmamaq ittihamı ilə 30 sutka inzibatı həbs edilib, vəkil Cavad Cavadov BBC Azərbaycancaya deyib.

"[Bu maddə] son dövrlərdə standart tendensiyadır", - deyən vəkil çərşənbə günü müvəkkili ilə görüşdükdən sonra hadisənin detallarını öyrənəcəyini bildirib.

Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov BBC Azərbaycancaya Rəhim Vəliyevin həbsindən xəbərsiz olduğunu deyib.

Bazar ertəsi Rəhim Vəliyevin ailəsi dostlarına məlumat verib ki, o, "səhər saat 11-də çörək almağa çıxıb və evə qayıtmayıb", hərəkat üzvü Samir Əsədli BBC Azərbaycancaya bildirib.

Cənab Əsədli deyir ki, fəalın ailəsi Daxili İşlər Nazirliyinin 102 - Qaynar Xəttinə zəng etdikdən sonra təxminən axşam 6-dan sonra evə polis gəlib.

"Biz də getdik ora, 4 polis nəfəri idi, Rəhimin telefonunu və noutbukunu götürdülər. Soruşduq, dedilər ki, 102-ə məlumat vermisiniz, onu tapmaq üçün lazımdır."

Daha iki saat sonra isə Vəliyev ailəsinə zəng edərək Nərimanov rayonunun 18-ci polis idarəsində olduğunu və ona 15 sutka həbs verildiyini deyib, Samir Əsədli qeyd edib.

Rəhim Vəliyevin nə üçün bu maddə ilə ittiham olunduğu hələlik bəlli deyil, hərçənd cənab Əsədli fəalın son yazdığı Facebook statusunda hakimiyyəti tənqid etdiyini deyir.

Fəal barəsində qərardan çərşənbə axşamı şikayət verəcəyini deyən vəkil Cavadov da həbs səbəbi kimi tənqidi status barədə deyilənləri istisna etmir.

1992-ci ildə doğulmuş Rəhim Vəliyev tələbədir, Türkiyədə təhsil alır.

N!DA Vətəndaş Hərəkatının məlumatına görə, hazırda təşkilatın 5 üzvü cinayət, 1 üzvü isə inzibati ittihamla həbsdədir.