İraq ordusu: Mosulun şərqini aldıq, qərbini də almağa hazırlaşırıq

Irak askeri

Şəklin mənbəyi, AFP

İraq ordusu Mosulun şərqini özünü İslam Dövləti (İD) adlandıran qruplaşmadan geri aldığını və şəhərin qərb hissəsini də ələ keçirməyə hazırlaşdığını bəyan edib.

Terrola Mübarizə İdarəsinin nümayəndəsi Talib Şaqhati KİV-lərə verdiyi açıqlamada şəhəri ikiyə bölən Dəclə çayının şərq hissəsinin ələ keçirildiyini bildirib.

Hökumət ordusu ötən ilin son ayında yeni hücumlara başlayaraq Mosulun şərqi istiqamətində sürətlə irəliləməyə başlayıb.

İraqın ikinci ən böyük şəhəri sayılan Mosul İD-nin nəzarətində qalan sonuncu iri istehkam sayılır.

Şaqhati Mosulun şərqinin azad edilməsi xəbərini Bartallada keçirilən mətbuat konfransında acıqlayıb.

Mosulun ələ keçirlməsi istiqamətində əməliyyatlar ötən ilin oktyabrında, İD-nin şəhərin şimal və qərb hissəsini ələ keşirməsindən iki il keçmiş başlanıb.

Mosul əməliiyatı ilk əvvəllərdə İD-nin güclü müqaviməti qarşılığında ləng aparılırdı, amma sonradan əməliyyatların sürəti artdı.

İraq ordusu ötən həftənin cümə günü İD döyüşçülərinin qərargahı sayılan Mosul Univeristetinin binasında əməliyyatlara başlayıb.

İraqın ordu nümayəndələrinin fikrincə İD bu binada həm də kimyəvi silah istehsalıyla məşğul olur. Mosulun köhnə şəhər sayılan qərb hissəsi hələ də İD-nin nəzarətindədir.

Bu günə qədər Mosul və onun ətrafında yaşayan 100 min insan evlərini tərk etmək məcburiyyətində qalıb. Əməliyyat gedişatında bu rəqəmin artacağı ustisna olunmur.