Fransa: Solçular prezidentliyə namizəd seçirlər

Sabiq baş nazir Manuel Valls sosalistlər arasında ən populyar namizəd hesab olunur Fotonun müəllifi Reuters
Image caption Sabiq baş nazir Manuel Valls sosalistlər arasında ən populyar namizəd hesab olunur

Fransa sosialistləri aprel ayında keçiriləcək prezident seçkisində onları təmsil edəcək namizədi seçmək üçün ümummilli səsvermədə iştirak edirlər.

Sosialist partiyası və onun müttəfiqlərini təmsil edən namizədlərdən səsvermənin ilk dövrəsindən sonra ikisi qalacaq.

Ən çox səs toplayan cütlük yanvarın 29-u keçiriləcək səsvermədə iştirak edəcək.

İştirak edən namizədlər arasında sabiq baş nazir Manuel Valls daxil olmaqla 6 kişi və bir qadın var.

Cənab Valls mərkəz-solçu namizəddir və aparıcı namizəd hesab edilir, lakin o sabiq təhsil naziri Benoit Hamon və keçmiş iqtisadiyyat naziri Arnaud Montebourgla yarışda çətinlik çəkə bilər.

Hazırki prezident Francois Hollande bu vəzifənin tarixində ən qeyri-populyar lider olaraq namizədliyini yenidən irəli sürməyib.

Fotonun müəllifi AFP
Image caption Keçmiş iqtisadiyyat naziri Emmanuel Macron müstəqil namizəd kimi iştirak edəcək.

Sosialistlərin namizəd seçimi həmçinin populyar müstəqil namizəd və xarizmatik keçmiş bankir Emmanuel Macron-un gələcəyinə təsir edə bilər. O Cənab Valls-la eyni mötədil seçiciləri hədəfləyir.

Rəy sorğuları göstərir ki, solçu namizədliyi qazanan kim olursa olsun, may ayında keçiriləcək prezident seçkilərinin son mərhələsinə çatmaq şansı azdır.