Britaniya mətbuatı: Kişi və qadınların maaş fərqi, oğlan və qızlara verilən cib xərcinin fərqindən başlanır

Britaniya mətbuatı

Rusiya hərbiyyəsi Suriyada azı 75 il qalmaq fikrindədir

"The İndependent" yazır ki, Rusiya Suriyadakı hərbi qüdrətini əhəmiyyətli dərəcədə artıracaq saziş imzalayıb.

Halbuki Moskva bundan əvvəl verdiyi bəyanatda bildirmişdi ki, Suriyadakı Rusiya hərbçilərinin və texnikasının sayı azaldılacaq.

Hazırda Rusiyanın Suriya hökumətinin nəzarətində olan ərazisində iki ordu bazası var.

"The İndependent" yazır ki, Moskva və Dəməşq arasında ötən cümə günü imzalanmış yeni sazişə əsasən, Tartus limanında Rusiya gəmiləri üçün ayrılan ərazi iki dəfə genişləndiriləcək və beləliklə, gəmi dayanacağı körpülərinin sayı 11-ə çatdırılacaq.

Rusiya hərbi-hava qüvvələrinin yerləşdiyi hərbi bazada isə ikinci uçuş-eniş xəttinin tikintisi planlaşdırılır.

Rusiyanın rəsmi TASS xəbər agentliyi bildirir ki, sözü gedən torpaq ərazilərinin icarə müddəti 49 il olaraq nəzərdə tutulub və bu müddətdən sonra icarə daha 25 il uzadıla bilər.

Maraqlıdır ki, bundan əvvəl Rusiya prezidenti Validmir Putin 30 dekabr atəşkəs sazişinə uyğun olaraq Suriyadakı Rusiya qüvvələrinin azaldılmasına razılaşmışdı. Ötən ay bildirilimişdi ki, təyyarədaşıyan Kuznetsov gəmisi və bir neçə başqa döyüş gəmiləri Murmanskdakı daimi bazalarına qaytarılır.

Beləliklə, prezident Əsəd gücləndikcə Suriyadakı Rusiya hərbi mövcudiyyətinin azalacağı barədə proqnozlar özünü doğrultmur.

"The İndependent" yazır ki, bu xəbərlər Astanada Rusiyanın təşəbbüsü ilə keçirilən sülh danışıqları ilə eyni vaxta təsadüf edir.

Məqalədə deyilir ki, ABŞ bu danışıqlara rəsmi nümayəndə heyəti göndərməyəcəyini bildirib.

Qəzet yazır ki, cənab Trump-ın Suriya siyasəti hələlik naməlum qalır. Bundan əvvəl ABŞ Suriyada Əsədi devirməyə çalışan müxalifəti dəstəkləyirdi.

Seçki kampaniyası zamanı Trump "Əsədi heç sevmədiyini, lakin onun rejiminin dəstəklənməsinin ekstremist qrupların qarşısının alınmasında ən yaxşı yol ola biləcəyini" söyləmişdi.

Şəklin mənbəyi, AFP

Ecclestone daha Formula 1-in rəhbəri deyil

"The Telegraph" yazır ki, Formula 1-in 40 illik rəhbəri Bernie Ecclestone vəzifəsini itirib.

Bu, ona görə baş verib ki, Formula 1-i Amerikanın qüdrətli Liberty Media şirkətlər birliyi alıb.

Məqalədə deyilir ki, Liberty Media hələ ötən sentyabrda Formula 1 şirkəti səhmlərinin 18, 5 faizini alanda vəd etmişdi ki, Ecclestone daha üç il müddətində avtoötüş yarışlarının rəhbəri olaraq qalacaq.

Lakin indi məlum olur ki, 86 yaşlı Ecclestone vəzifəsini qəflətən itirib.

Doğrudur, Ecclestone-a Formula 1-in "fəxri başçısı" adı verilib, amma onun baş icraçı direktor kürsüsünü 21st Century Fox şirkətinin rəhbəri Chase Carey tutacaq.

Liberty bu münasibətlə verdiyi bəyanatda Ecclestone-un idmanın bu növünə töhfələrinə görə tərifləyib, amma onun özü mətbuata sadəcə olaraq "işdən çıxarıldığını" deyib.

Formula 1-in alınmasına dair kontraktın qiyməti 8, 5 milyard dollardır, lakin bunun 4 milyard dollarını Formula 1-in borcları təşkil edir.

"The Telegraph" yazır ki, Ecclestone-un işdən uzaqlaşdırılacağı gözlənilsə də, bu hadisəni Formula 1-in tarixində "zəlzələ" kimi də qiymətləndirmək olar.

Şirkətin yeni amerikalı sahibinin Formula 1-in istiqamətini dəyişəcəyi gözlənilir.

Ecclestone-nun Formula 1 epopeyası o, 1972-ci Brabham komandasını alanda başlanmışdı. Elə həmin onillikdə Ecclestone avtomobil yarışları idmanına tamamilə sahiblənə bilmişdi.

Bundan sonra Ecclestone Formula 1-i çoxmilyardlıq "əjdahaya" çevirmişdi.

Ecclestone-a ünvanlanan təriflərə baxmayaraq, Liberty Formula 1-in təbiətini tamamilə dəyişəcəyi barədə planlarını açıqlayıb.

Formula 1-in sahibi olan şirkətə 75 yaşlı amerikalı John Malone rəhbərlik edir. O xasiyyətinin sərtliyinə görə Darth Vader ləqəbini qazanıb. Malone-nin Formula 1-i Amerikaya doğru ekspansiya etdirəcəyi gözlənilir. Bununla belə yeni rəhbər Formula 1-in ənənəvi məkanlarını da itirmək fikrində deyil.

Şəklin mənbəyi, Chaloner Woods

Qızların cibi yoxdursa…

"The Guardian" yazır ki, qadınların kişilərdən az maaş alması kimi qeyri-bərabərlik uşaqlıdan başlanır.

Britaniyada açıqlanmış yeni hesabata görə erkən uşaqlıq illərindən oğlanlara qızlardan 20 faiz çox "məktəbpulu" və ya "cibpulu" verirlər.

Hesabatda deyilir ki, qızlara nəinki daha az cib xərci verilir, onlar həm də oğlanlarla müqayisədə daha az maliyyə müstəqilliyinə malik olurlar.

Oğlanlardan fərqli olaraq qızlar xoşlarına gələn şeylərin onlar üçün çox vaxt başqaları tərəfindən alınacağına ümid etməli olurlar.

Məsələn, Britaniyada 5 yaşından 16 yaşınadək oğlan uşaqlarına həftəyə 10 funt 70 pens cib xərcliyi verilirsə, qızlar üçün bu rəqəm 8 funt 50 pensdir.

Hesabatda deyilir ki, qızlar və oğlanlar arasında bu "imkanlar fərqi" illər keçdikcə daha da böyüyür.

Childwise bazar araşdırmaları firmasının hazırladığı hesabata görə, 11 və 16 yaşlar arasında bu fərq artıq 30 faizə çatır.

Bu yaşlarda oğlanlara həftədə 17 funt 80 pens, qızlara isə 12 funt 50 pens pul verilir.

Hər il təzələnən bu hesabat 2000 məktəbli arasında aparılmış sorğu əsasında tərtib edilir. Hesabatda deyilir ki, oğlan və qız uşaqlarına fərqli cib xərcliyinin verilməsi bir yana, valideynləri onlara həm də fərqli maliyyə menecmenti mesajları verirlər.

Araşdırmanı aparanlar başqa bir meyllə də rastlaşıblar. Hesabata görə, oğlan uşaqlarına cibpulu müntəzəm olaraq hər həftə verildiyindən onlar maliyyə baxımından daha müstəqil olurlar, halbuki valideynlər qız uşaqlarının pulunu "lazım olan vaxtadək" saxlayırlar.

Childwise firmasının araşdırma meneceri Jenny Ehren deyir ki, beləcə kiçik yaşlarından oğlan və qız uşaqlarının pula və maliyyə problemlərinin həllinə münasibəti haçalanır.

"Oğlanlara daha çox nəğd pul verirlər, qızlara isə yalnız istədiklərini alırlar" - deyir Ehran.

Araşdırmaçıların fikrincə, qız uşaqlarına zinət əşyaları və paltarlar kimi bahalı şeylərin alınması cibpulunda fərqi nisbətən azaltsa da, belə hal qızların maliyyə müstəqillyini cilovlayır.

Ekspertlər valideynlərə məsləhət görürlər ki, real həyatda onsuz da mövcud olan gender fərqinə bu sayaq "töhfə" verməsinlər.

Son statistika məlumatlarına görə, hazırda Britaniyada qadın və kişilərin maaşları arasındakı fərq orta hesabla 13, 9 faizdir.

Maaş və gəlirlərdə gender fərqinə qarşı kampaniya aparan Fawcett Society cəmiyyətinin baş icraçı direktoru Sam Smethers bu hesabatda yazılanları kinayə ilə qarşılayıb: "Yaxşıdır da! Qızlarınıza oğlanlarınızdan az pul verin ki, onları daha çox əməkçi həyata alışdırasınız".

"Belə çıxır ki, maaşlardakı gender fərqi evlərdən başlayır. Bu onu göstərir ki, qızlara sözün əsl mənasında erkən yaşlarından az dəyər verilir. Belədirsə, onlara işdə qoyulan fərqə təəccüblənməyə dəyərmi?"