Iranlı rejissor Fərhadi “Oscar” mükafatlandırma mərasimini boykot edir

Asghar Farhadi Cannes

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Əsgər Fərhadi "Satıcı" filmiylə Cann Kino Festivalında "ən yaxşı ssenari" mükafatını qazanmışdı

İranda daxil olmaqla 7 ölkəyə qoyulan viza qadağasından sonra Oscar-ın "ən yaxşı əcnəbi film" nominasiyasında mükafat almaq üçün mübarizə aparacaq "Satıcı" filminin rejissoru Asghar Farhadi mərasimi boykot etmək qararına gəlib.

Filmin baş rol ifaçısı 33 yaşlı aktrisa Təranə Əlidusti də mükafatlandırma mərasiminə qatılmayacağını bildirmişdi.

İranlı rejissor Fərhadi ABŞ-a səfər ilə bağlı qeyri-müəyyənliyin qəbul edilməz olduğunu bildirərək, onun üçün xüsusi istisna edilsə belə, mərasimdə iştirak etməyəcəyini bildirib.

2011-ci ilə "Ayrılıq" filmi ilə Oscar qazanan Fərhadi ABŞ və İrandakı "aqressiv mühafizəkarları" bir-birinə bənzədərək bunları söyləyib: "Onlar, ölkələrindəki insanlara başqa mədəniyyətlər haqqında qorxuducu şəkillər göstərərək fərqliliklərini anlaşılmazlıqlara, anlaşılmazlıqları düşmənçiliyə, düşmənçiliyi isə qorxuya çevirmək istəyirlər. Ümid edirəm ki, bu vəziyyət toplumlar arasında yeni bölünmələrə yol açmaz".

Oscar Akademiyasının verdiyi açıqlamada isə Fərhadi və heyətinin mənşələri səbəbiylə mərasimə qatılmamaq ehtimalının son dərəcə narahatlıq doğurduğu ifadə edilib.

Açıqlamada Oscar mükafatlarının milli, etnik və ya dini mənşəyindən asılı olmayaraq film çəkənlərin təbrik etmək üçün verildiyi bildirilib.

2017-ci ilin Oscar mükafatlandırma mərasimi 26 fevralda baş tutacaq. Bu tarix İran vətəndaşlarına qoyulan 90 günlük səyahət qadağası gətirən tarixlə üst-üstə düşür.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Ağ dəbilqəlilər Suriyanın vətəndaş müharibəsində minlərlə insanı xilas edib

Viza qadağası "Ağ dəbilqəlilər" sənədli filmindən də yan keçməyib

Bu arada Oscar namizədləri arasında olan "Ağ dəbilqəlilər" sənədli filminin heyəti də mərasimə qatılmayacaqlarını bəyan ediblər.

Film Suriyadakı insanlara yardım təşkilatı olan "Ağ dəbilqəlilər"in fəaliyyətindən bəhs edir.

ABŞ-ın yeni prezidenti Donald Trumpın imzaladığı yeni qərar Suriya vətəndaşlarına "müddətsiz viza qadağasını" nəzərdə tutub.