Banqladeşli qız “ağac adam sindromlu” ilk qadın ola bilər

Həkimlər ümid edirlər ki, 10 yaşlı Sahana Xatunda xəstəliyin daha az aqressiv formasıdır (31 yanvar 2017)

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

Həkimlər ümid edirlər ki, 10 yaşlı Sahana Xatunda xəstəliyin daha az aqressiv formasıdır

4 ay bundan əvvəl 10 yaşlı Sahana Xatunun üzünə ağac qabığına bənzəyən ziyil çıxanda atası o qədər də narahat olmamışdı.

Lakin bu ziyillər böyüməyə başlayanda atanın da narahatlıqları artdı və o qızını müalicə etdirmək üçün öz kəndlərindən paytaxt Dəkkəyə gəldi.

İndi isə həkimlər narahatdırlar ki, Sahana dünyada "ağac adam sindromuna" tutulmuş ilk qadın ola bilər.

Əgər həkimlərin diaqnozu düz çıxsa, Sahana bütün dünyada epidermodysplasia verruciformis adlı xəstəliyin daşıyıcılarından ibarət kiçik qrupa daxil ediləcək.

Bu nadir genetik xəstəlik nəticəsində xüsusilə də əl və ayaqlarda ağac qabığına bənzəyən törəmələr inkişaf edir.

Bu xəstəliyi olanlar dünyada çox deyil və onların da hamısı kişilərdir.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

Keçən il bu vaxt Abul Bajandar bu sindromdan çox əziyyət çəkirdi (solda), amma bugün tamamilə sağalıb (sağda) və hətta uşağını qucağında saxlaya bilir

Bəzi xəstələr üçün bu sindrom əlillik deməkdir. Bu xəstəliyə tutulmuş bir kişi on il ərzində arvadına toxuna bilmirmiş.

Abul Bajandarın əllərində dəri törəmələrinin çəkisi 5 kiloqrama çatırdı. Ağac qabığına bənzəyən törəmələr onun ayaqlarına da keçmişdi və o ağaca bənzəyirdi.

Bu xəstəliyə tutulmuş ilk banqladeşli olan 27 yaşlı Bajandar Dəkkədəki Tibb Kolleci Xəstəxanasında 16 ayrı-ayrı cərrahiyyə əməliyyatından keçməli olmuşdu. Bu ona əllərini yenidən hərəkət etdirmək imkanı vermişdi.

Həkimlər AFP xəbər agentliyinə bildiriblər ki, Bajandar tezliklə xəstəxana palatasını tərk edə biləcək. İndi Sahananı həmin həkimlər müayinə edirlər.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

Sahananın atası Məhəmməd Şahcahan ümid edir ki, həkimlər onun qızına kömək edə biləcəklər

Bütün bunlar Sahananın atası Məhəmməd Şahcahana bir az ümid verir.

"Biz kasıbıq. Anası vəfat edəndə qızımın 6 yaşı vardı. Mən həqiqətən də ümid edirəm ki, həkimlər qızımın gözəl üzündəki qabığı götürə biləcəklər" - deyib ata AFP agentliyinə.

Həkimlərsə ümid edirlər ki, Sahanada bəlkə də sindromun daha yüngül formasıdır və onun müalicəsi daha tez başa çatacaq.