Ərəb kralları Trump-ın qadağasına reaksiya vermədilər

Şəklin mənbəyi, AFP
Səudiyyə Ərəbistanın kralı Salman bin Əbdüləziz
Körfəz ölkələrinin zəngin ərəb kralları ABŞ prezidenti Donald Trumpın 7 ölkəyə qoyduğu viza qadağası qarşısında susmağa üstünlük veriblər. Bu ölkələrdən yalnız Qətər qərarın yenidən nəzərdən keçirilməsinin lazım olduğunu açıqlayıb.
Səudiyyə Ərəbistan, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Qətər ABŞ-ın bu bölgədəki öndə gedən müttəfiqləri sırasındadır. Bu ölkələrin Barack Obama hakimiyyətindən sonra Trump administrasiyası ilə daha yaxşı münasibətlər qurmaq axtarışında olduqları bildirilir.
Trumpın bu qadağası Avropadakı müttəfiqləri Ərəb Birliyi və İslam İşbirliyi Təşkilatı tərəfindən sərt bir şəkildə tənqid olunsa da, ərəb krallıqları mövzuyla bağlı susmağa üstünlük veriblər.
Bu ölkələrdən yalnız Qətər sakit bir tərzdə etirazını bildirib. Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Cassim Al-Tani Serbiyaya səfəri zamanı Washingtonun bu qərarını bir daha nəzərdən keçirməsini arzuladığını ifadə edib.
Ötən həftənin bazar günü Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz ilə Trump arasında telefon görüşməsi baş tutub. Lakin görüş zamanı bu mövzunun müzakirə edilib-edilmədiyi barədə heç bir açıqlama verilməyib.
Şəklin mənbəyi, Getty Images
Trump kral Salman ilə telefon danışığında viza qadağasının gündəmdə olub olmadığı barədə açıqlama verməyib
BƏƏ: şəxsi qərarıdır, dini hədəf almayıb
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Şeyx Abdullah bin Zayad isə viza qadağasının ABŞ-n şəxsi qərarı olduğunu və hər hansı bir dini hədəfə almadığını deyib.
Bəzi nümayəndələr isə qərarı açıq-aşkar dəstəkləyiblər.
Belə ki, Dubayın təhlükəsizlik idarəsinin yüksək rütbəli nümayəndəsi Dahi Xalfan yazdığı tvitlə qərarı "tam dəstəklədiyini" açıqlayıb: "Hər bir ölkənin öz təhlükəsizliyini təmin etmək haqqı vardır. Trump - etdiyi hər şey doğrudur".
Reuters agentliyinə açıqlama verən "Brookings Doha Centre" analitik mərkəzinin direktoru Tarık Yusif Körfəz ölkələrinin "ABŞ-ın yeni Orta Şərq siyasətini görənə qədər gözləməyə üstünlük verdiklərini" söyləyib.
"İranı təcrid edərək regional hədəflərini həyata keçirməsinə mane olmaq, bu ölkələr üçün viza qadağasından daha əhəmiyyətlidir ".
Şəklin mənbəyi, Reuters
Misirin keçmiş prezidenti Məhəmməd Mursi
Müsəlman Qardaşları terror qruplaşması siyahısına daxil etmək iddiası
Son vaxtlar ABŞ mətbuatında Donald Trumpın Müsəlman Qardaşları terror qruplaşması siyahısına əlavə edəcəyi barədə iddialar səslənsə də, hələ ki, bununla bağlı açıqlama verilməyib.
Amma Trump hökumətinin bu istiqamətdə atacağı mümkün addımların Səudiyyə Ərəbistanı və Misiri məmnun edəcəyi gözlənilir.

Yəmən münaqişəsi: ABŞ Səudiyyə Ərəbistanına silah satışını məhdudlaşdırır
ABŞ Yəmənə etdiyi hava hücumlarının insan itkiləri ilə nəticələndiyi üçün Səudiyyə Ərəbistanına silah satışını məhdudlaşdırır.