Britaniya mətbuatı: Trump "əsl kişi" nümunəsini necə göstərir?

700 min insanın ölümünə bais 40 min insanın siyahısı

"The Guardian" yazır ki, Andrey Jukov 1993-cü ildən bəri həftədə üç dəfə saatlarla ömrünü Moskva arxivlərində keçirib və Stalinin gizli polisi - Xalq Daxili İşlər Komissarlığının və ya rusca və qısaca NKVD-nin verdiyi sanksiyaları və onları imzalayanların adlarını araşdırıb.

Bu ağır zəhmətin bəhrəsi olaraq NKVD-nin böyük terror illərində, daha dəqiq deyilsə, 1937 və 1938-ci illərdə repressiya edilmiş 1,5 milyon insanın həyatını alt-üst edənlərin adları faş olub. Bu iki il ərzində 1,5 milyon həbs edilmiş "xalq düşmənindən" 700 mini güllələnib və onlara ölüm hökmü çıxaran müstəntiqlər və edam icraçılarının da adları və sayı bəlli olub. Bu siyahıda 40 mindən artıq çekistin adı var.

Moskva ətrafında yaşayan 64 yaşlı Jukov "The Guardian" qəzetinə deyib ki, onun araşdırmasının arxasında heç bir siyasi motiv və məqsəd durmur.

"Mən sadəcə olaraq məxfi şeyləri aşkar etməyi həmişə xoşlamışam" - deyib Jukov.

Lakin tarixçilər dərhal başa düşüblər ki, Jukov olduqca böyük bir iş görüb. Memorial təşkilatı Jukovun aşkara çıxardığı adların siyahısını ötən yay CD-lərə yazıb və ötən noyabrda bu adlar internetə yüklənib.

Memorial təşkilatının həmsədri Yan Raçinski deyib ki, belə möhtəşəm işin öhdəsindən adətən təhqiqatçılar qrupu gəlir.

Jukov öz evində bu adlardan ibarət kartoteka yaradıb.

Raçinski deyir ki, bu siyahıda olanların hamısı ucdantutma cəllad deyil. Onların arasında elələri də var ki, adam güllələmək istəmədiyinə görə özünü güllələyiblər. Amma siyahıdakıların böyük əksəriyyəti bu və ya digər şəkildə yarım milyondan artıq insanın qətlində iştirak edib.

Memorialın başqa bir tarixçisi, Nikita Petrov deyir ki, NKVD əməkdaşları arasında entuziastlar da, karyeristlər də vardı. 1930-cu illərdə, bütün SSRİ boyunca yoxsulluq və aclıq yaşananda bu təşkilat öz işçilərinə yaxşı baxır, onları yedizdirib-içizdirir, əyinlərini geyindirirdi. Amma bu adamlar bilmirdilər ki, bir neçə ildən sonra minlərlə insanın qətlinə hökm verəcəklər.

Memorial təşkilatı əvvəllər yalnız repressiya qurbanları ilə maraqlanırdı. Onların siyahısında artıq 2 milyon 700 min repressiya olunmuş insanın adı var. Bu il bu siyahıya daha 600 min nəfərin adları əlavə olunacaq.

Raçinski deyir ki, bura hələ sürgün olunanların və ya deportasiya edilənlərin adları daxil edilməyib. Repressiya olunanların sayı təxminən 12 milyon nəfərə çatmalı idi.

Bu da qeyd olunmalıdır ki, NKVD-nin bəzi arxivləri hələ də bağlıdır.

Rusiyada həyata keçirilən daha bir layihə "Son ünvan" adlanır. Bu layihəyə görə, qurbanların qohumları onların adları yazılmış lövhələrin vaxtilə yaşadıqları binalara vurulması üçün müraciət edə bilərlər.

Bu layihənin təşəbbüsçüsü, jurnalist Sergey Parxomenko deyir ki, indiyədək 1500 müraciət daxil olub və 300 lövhə artıq binaların divarlarına vurulub.

Jukov xatırlayır ki, internetdəki tarix forumlarından birində bir nəfər babasının müharibə zamanı göstərdiyi qəhrəmanlıqlara görə aldığı orden-medallarla öyünürmüş. Sonradan bəlli oldu ki, bu adamın babası NKVD adamgüllələyənlərin vzvod komandiri olub.

"The Guardian" yazır ki, elə tək bu əhvalat bu mövzunun Rusiyada nə qədər həssas olduğunu göstərir.

Buna görə də indiyədək 1930-cu illərin repressiyalarından vaxtaşırı bəhs olunub. Məsələn, elə ötən il Moskvada Gulag adlı muzey də açılıb. Lakin hələ indiyədək Rusiyada bircə dərslikdə də bu repressiyalar "cinayət" adlandırılmır.

Petrov deyir ki, yaxın gələcəkdə Moskvada repressiya qurbanları üçün abidənin ucaldılması planlaşdırılır. Buna baxmayaraq elə bir təəssürat oyanır ki, bu adamlar sunami və ya hər hansı başqa təbii fəlakətin qurbanları olublar və burada nə cani olub, nə də cinayət.

"Problem onda deyil ki, Putin Stalini dəstəkləyir. Yox, əslində dəstəkləmir. Hətta yeri gələndə onu pisləyir də, - deyir Raçinski, - Problem ondadır ki, Putin dövlətin cinayətkar olmasını qəbul edə bilmir. Elə buna görə də Sovet repressiyalarının qurbanları anılsa da, onların zülmkarlarına indiyədək az diqqət yetirilib".

Fotonun müəllifi Getty Images

Trump "əsl kişi" nümunəsini necə göstərir?

"The Telegraph" qəzetinin müxbiri Guy Kelly ABŞ-ın yeni prezidenti Donald Trump-ın əl jestləri və vücud dilinə diqqət yetirib.

Məqalədə deyilir ki, hətta əl jestləri də olmadan Trump-ın "əsl kişi" kimi görünmək niyyətindən xəbər verən əlamətlər var.

Məsələn, elə onun ucaltdığı və öz adını daşıyan göydələnləri göstərmək olar.

Müəllif belə bir xatırlama da verir ki, respublikaçı namizədlərin kampaniyası zamanı Trump tez-tez "kişiliklə bağlı probleminin olmamasını" dilə gətirirdi.

Məqalədə deyilir ki, kişilər "kişiliyinə" görə alfa (güclü) və beta (zəif) adlı iki qrupa bölünür və Trump birinci qrupa aid olduğunu daim vücud dili ilə vurğulamağa çalışır.

Bunu onun sümük sındıran əltutmalarından tutmuş xanımı Melania-ya az qala allergik münasibət sərgiləməsindək bir çox hərəkətlərindən sezmək olar.

Məsələn, ötən şənbə Trump Palm Beach-də xanımı ilə görüşərkən Melania əlini ərinə uzatdı, o isə xanımının əlini bir neçə saniyə ovcunda saxladıqdan sonra o biri əli ilə onun əlinin üstünü döyəcləyib daş kimi əlindən buraxdı.

Çünki Trump-ın nəzərində bir yerə gedərkən arvadı qabağa buraxmaq, onunla əl-ələ tutmaq beta kişilərin işidir. Prezident arvadının əlini yalnız özünə lazım olanda tutur.

Jurnalist belə bir məqama da diqqət yetirib ki, Trump bəzən əlini adamların kürəyinə qoyub yüngülcə döyəcləməyi xoşlayır. Keelly yazır ki, Trump adətən qalib gəldiyi adamlarla belə hərəkət edir. "Mitt Romney-nin kürəyinə əl qoydu və ondan sonra Romney-nin dövlət katibi olmaq arzusu gözündə qaldı".

Jurnalist yazır ki, Trump-ın əllə görüşləri kənardan çox cəfəng görünür. Məsələn Mike Pence-in əlini yüngülcə sıxır, amma Theresa May-in əlini elə sıxır ki, sanki gücünü göstərmək istəyir.

Hə, bir də Trump əllə görüşəndən sonra, ayrılmazdan əvvəl həmsöhbətinin kürəyinə bir əl də vurur. O bunu, məsələn Hillary Clinton-la etmişdi.

Məqalədə deyilir ki, Trump-ın britaniyalı heyranlarından ifrat sağçı Nigel Farage "ağzının seliyi axa-axa" onu tərifləmək üçün diqqəti Trump-ın cüssəli qorilla kimi yanlarını basa-basa yeriməsinə çəkmişdi.

Guy Kelly yazır ki, cüssəli olmağına qorilla cüssəlidir, amma yeri gəlmişkən bu heyvanın erkək cinsi orqanı cüssəli bədəninə o qədər də mütənasib deyil.

Bir də baş barmağını qaldırmaq jesti var Trumpda, yəni "əla", "hər şey qaydasındadır" mənasında.

Kelly yazır ki, fotolara diqqətlə baxdıqda Trump-ın baş barmağının çox gödək olduğu, axıradək açılmadığı və həddən ziyadə arxaya qanrıldığı diqqəti çəkir.

Amma prezident bütün hallarda orta yaşlı kişilərə xas bu şux jesti sevir.

"Yəni baxın ha, mənim də bütün böyük primatlar kimi güclü baş barmağım var" - yazır Kelly.

Fotonun müəllifi Thinkstock

Siz yaşınıza görə gümrahsınızmı?

"The Telegraph" qəzetinin başqa bir məqaləsində sağlamlıq eksperti Tim Wright qeyd edir ki, idman və gümrahlıq təkcə sağlamlığa xidmət etmir, o həm də qocalmanı ləngidir.

Lakin bununla belə hər yaşın öz "gümrahlıq normativləri" var, deyir ekspert.

20 yaşlarında olanlar 5 kilometrlik məsafəni 30 dəqiqəyə qaça bilməli, bir dəfəyə 20 dəfə pres etməyi bacarmalıdırlar.

30 yaşdakılar 1,6 kilometr məsafəni 9 dəqiqədən də az vaxtda qaçmağı bacarmalıdırlar. Bundan başqa, bu yaşda olanların 45 saniyə müddətində "plank" saxlaya bilməsi vacibdir. İngilislər ayaq barmaqlarının ucu və qol dirsəklərinin üstündə qarın yerə dəymədən uzanmağı "plank" adlandırırlar. Bu yaşda çəkinizin 50 faizi ağırlığında olan ştanqı qaldıra bilməlisiniz.

40 yaşlarında dayanmadan 60 saniyə qaça, on dəfə pres edə bilməlisiniz.

50 yaşlarında da 60 saniyə dayanmadan qaçmaq lazımdır, amma bir qədər yavaş sürətlə.

5 dəfə pres etmək kifayətdir.

60 yaşlarınızda günə 10 min addım atmalısınız. Bundan başqa bir qolunuzu çiyninizin üstündən aşırmaqla, o birini belinizin arxasında tutmaqla barmaq uclarını birləşdirə bilməlisiniz.

70 yaşlarında 1,6 kilometri 16 dəqiqəyə qət edən şəxsi "cavan oğlan" hesab eləmək olar. Bir şərtlə ki, o həm də 10 pillələni 30 saniyədə rahatca qalxa bilsin. Bundan başqa əlinizin köməyi olmadan stuldan ayağa qalxıb təkrar oturmalısınız. Bunu 30 saniyədə 12 dəfə edə bilsəniz, deməli işlər o qədər də pis deyil.

Əlaqəli mövzular