Beynəlxalq Qızıl Xaç Komitəsi Əfqanıstanda işini dayandırıb

Əfqanıstan Fotonun müəllifi Reuters

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara təşkilatı Əfqanıstanda fəaliyyətini dayandırıb. Qərar təşkilatın əməkdaşlarının hücuma məruz qalmasından sonra qəbul edilib.

Çərşənbə günü Qızıl Ayparanın altı əməkdaşı ölkənin şimalında silahlı şəxslərin hücumu nəticəsində həyatını itirib. Daha iki əməkdaş itkin düşüb.

Beynəlxalq Qızıl Xaç təşkilatı baş verənlərə aydınlıq gətirmək üçün müvəqqəti olaraq öz humanitar missiyasını dayandırdığını bildirib.

Əməkdaşlarının Əfqanıstanda öldürülməsi hallarının artdığını qeyd edən təşkilat bunun "qəbuledilməz" olduğunu vurğulayıb.

Beynəlxalq Qırmızı Xaçın humanitar yardım daşıyan 3 sürücü və 5 əməkdaşdan ibarət humanitar konvoyu fevralın 8-də Cauzcan əyalətində qəfil hücuma məruz qalıb.

Polis hesab edir ki, hücumu özünü İslam Dövləti adlandıran qruplaşmasının silahlıları həyata keçirib.