Britaniya mətbuatı: Putin Snowden-i Trump-a "hədiyyə" etmək istəyir?

Bu həftəsonu Britaniya mətbuatında:

  1. Putin Snowden-i Trump-a "hədiyyə" etmək istəyir?
  2. Panama sənədləri yeni həbslərlə gündəmə qayıdır

"The Sunday Telegraph" qəzeti yazır ki, bəzi məlumatlara görə Rusiya prezidenti Vladimir Putin ölkəsində sığınacaq tapmış keçmiş qaçaq ABŞ kəşfiyyatçısını Trump-a təslim etmək məsələsini götür-qoy edir.

Donald Trump vaxtilə qaçaq kəşfiyyatçını "satqın" adlandırıb və onun edamına çağırıb.

NBC News kanalının verdiyi xəbərə görə, Birləşmiş Ştatların kəşfiyyatı Rusiya hökuməti daxilində Snowden-in ABŞ-a təslim edilməsinin potensial siyasi mənfəətləri məsələsinin müzakirə olunduğuna dair dəlillər ələ keçirib.

Edward Snowden Fotonun müəllifi Reuters
Image caption Snowden 2013-cü ildə ABŞ və Britaniya kəşfiyyatına aid məxfi sənədləri faş etdikdən sonra Rusiyada sığınacaq tapıb

Bu da xəbər verilir ki, ABŞ kəşfiyyatçıları habelə cənab Trump barədə Mİ6 casusunun hazırladığı ifşaedici dosyenin bir sıra hissələrinin həqiqət olduğunu təsdiq ediblər.

CNN xəbər verir ki, kəşfiyyatçılar daha xırda detalları açıqlamayıblar.

"The Sunday Telegraph" yazır ki, cənab Putinin Snowden-i alış-veriş predmeti kimi təslim etmək planının olduğu barədə söz-söhbət Trump-ın ABŞ prezident seçkisindəki qələbəsindən bəri cərəyan edir.

Qəzet yazır ki, Putinin müşavirlərinin fikrincə Snowden-in ABŞ-a "hədiyyə edilməsi" Moskvanın Trump-ın arxasında dayandığını nümayiş etdirərdi.

Cənab Snowden isə deyib ki, belə məlumatların dolaşması onun Rusiya agenti olmadığını bir daha sübut edir.

Snowden 2013-cü ildə ABŞ və Britaniya kəşfiyyatına aid məxfi sənədləri faş etdikdən sonra Rusiyada sığınacaq tapıb.

Cənab Trump keçmiş Milli Təhlükəsizlik Agentliyinin casusuna olan nifrətini heç vaxt gizlətməyib.

O 2014-cü ildə demişdi ki, "Snowden ABŞ-ı satıb və edam olumalıdır".

"The Sunday Telegraph" yazır ki, əgər Snowden ABŞ məhkəməsinin qarşısına çıxarılarsa, onun vəkilləri Trump-ın hədə dolu sözlərini yada salacaqlar.

Mərkəzi Kəşfiyyat İdarəsi başçısının keçmiş müavini və Hillary Clinton-un tərəfdarı Michael Morrell hələ yanvar ayında yazırdı ki, Snowden Rusiya liderindən ABŞ-ın yeni prezidentinə "mükəmməl hədiyyə" olardı.

"Bu prezident Putinin ən çox ürəyindən keçəni ona verərdi - o öz ölkəsində və xaricdə ABŞ-a bərabər bir şəxsiyyət kimi görünərdi" - yazmışdı Morrell.

Morrell yazırdı ki, beləliklə öz növbəsində Trump da Obama-nın bacarmadığını edə bilmiş prezident kimi qürrələnə bilərdi.

"Rusiya hökumətinin qonağı"

"The Sunday Telegraph" yazır ki, ABŞ casusunu Trump-a təslim etmək ideyasına Putinin necə baxması məsələsinə toxunulmayıb.

Məqalədə deyilir ki, cənab Snowden texniki olaraq Rusiya hökumətinin qonağıdır.

Bundan başqa Moskva və Vaşinqton arasında hüquqi yardım barədə razılaşma yoxdur.

Bununla belə, Morrell inanır ki, Putin casusu təslim etmək istəsə, öz ölkəsinin hüquqi sistemində bunu etməyin yolunu tapacaq qədər ağıllı adamdır.

Mariya Zaxarova Fotonun müəllifi RIA Novosti
Image caption Mariya Zaxarova Snowden-in təhvil verilməsi mümkünlüyünü inkar etməyib

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da Snowden barədə yayılmış məlumata çox müəmmalı cavab verib.

O deyib ki, Rusiya hələ də özünün ABŞ-a münasibətdə siyasətini formalaşdırmaqdadır və cənab Trump-ın cəhdlərinə onun Amerikadakı siyasi opponentləri mane olurlar.

Başqa sözlərlə, Zaxarova, bir növ Snowden-in təhvil verilməsi mümkünlüyünü inkar etməyib.

Bu arada CNN məlumat verib ki, ABŞ kəşfiyyatı Trump-a dair 35 səhifəlik dosyenin bəzi hissələrinin həqiqət olduğunu bildirib.

Bununla belə, xəbər verilir ki, həqiqiliyi təsdiq edilmiş informasiylardan heç biri dosyedəki "fahişələr insidenti" barədə iddialara aid deyil.

Ağ Evin sözçüsü Sean Spicer brifinq zamanı jurnalistlərə deyib ki, CNN-in "ürəkbulandıran reportajları" davam edir.

Panama sənədləri yeni həbslərlə gündəmə qayıdır

Mehriban Əliyeva, Arzu Əliyeva və Fazil Məmmədov Fotonun müəllifi president.az
Image caption Panama sənədlərindən belə çıxır ki, Azərbaycanın hazırkı vergilər naziri Fazil Məmmədov prezident İlham Əliyevin arvadı ilə partnyorluqda Panamada pul investisiyası ilə məşğul olubmuş

"The Guardian" yazır ki, Panama sənədləri qalmaqalının mərkəzində olan hüquq firmasının həbs olunmuş iki təsisçisini zaminə buraxmayıblar.

Mossack Fonseca hüquq firmasının iki yaradıcısı onların Braziliyada Lava Jato adı ilə tanınan korrupsiya qalmaqalında iştirak etdikləri iddia olunduqdan sonra həbs olunublar.


Həmçinin oxu:

Lava Jato qalmaqalı milyonlarla dollar çirkli pulların siyasi rüşvət formasında yuyulması ilə bağlı idi.


Jürgen Mossack və Ramón Fonseca-nın vəkilləri təsdiq ediblər ki, bu iki şəxs məhkəməyədək zaminə buraxılmayacaqlar.

Cənab Fonseca-nın vəkili Elías Solano müştərisinə qarşı gətirilən dəlilləri "zəif" adlandırıb.

Panamanın La Prensa qəzeti yazır ki, firmanın təsisçilərinə qarşı iqtisadi cinayət ittihamları irəli sürülə bilər.

Bu iki nəfər, onların Latın Amerikası boyunca siyasətçilərə rüşvət verən Braziliya tikinti şirkəti ilə əlaqəli olduqları iddia ediləndən sonra həbs olunublar.

Qalmaqalı araşdıran istintaq əməliyyatı Lava Jato - "Pul yuyulması əməliyyatı" adı ilə tanınır.

"The Guardian" yazır ki, bu işə 2014-cü ildə çirkli pulların yuyulmasının təhqiqatı kimi başlanmışdı, lakin sonradan bu təhqiqat dövlət neft şirkəti Petrobrası da içinə alan daha geniş araşdırmaya çevrilib.

Panamanın baş prokuroru Kenia Porcell mətbuat konfransındakı çıxışında deyib ki, onun əlində Mossack Fonseca-nın şübhəli mənşəyə malik pulları gizlətməklə məşğul olan "cinayətkar təşkilat olduğunu iddia edən" dəlillər var.

O həm də bəyan edib ki, rüşvəti transfer edən ofşor şirkətlər şəbəkəsinin içində Mossack Fonseca firmasının qurduğu bir neçə şirkətlər var.

Mossack Fonseca firması Tvitter vasitəsilə əks-hücuma keçərək bildirib ki, ədliyyə nazirliyinin dəlilləri internetə sızdırılmış sənədlərdən götürülüb və bu sənədləri "oğurluq məhsulu" kimi də qiymətləndirmək olar.

"The Guardian" yazır ki, diqqət mərkəzinə keçən il gəlmiş Mossack Fonseca dünyanın dördüncü ən iri hüquq firmasıdır.

2016-cı ildə bu firmaya aid 11, 5 milyon sənəd internetə sızdırıldıqdan sonra bunlardan bir çoxlarının dünyanın ən zəngin insanları, rəsmiləri və məşhurları ilə əlaqəli olduğu ortaya çıxmışdı.

Bu sənədlər Almaniyanın "Süddeutsche Zeitung" qəzeti tərəfindən əldə olunmuş və "The Guardian", Təhqiqat Jurnalistlərinin Beynəlxalq Konsorsiumu və BBC arasında paylaşılmışdı.