ABŞ: Oklahoma-da qadınlara abort icazəsi lazım ola bilər

ABŞ-ın Oklahoma ştatında abort etmək üçün qadınlardan cinsi əlaqə partnyorlarından icazə almalarını tələb edən yeni qanun layihəsi ilkin mərhələni keçib.
Layihə qadınlardan kişinin imzalı icazəsini abort əməliyyatını keçirəcək həkimə təqdim etmələrini tələb edir.
Layihənin müaəllifi, ştat millət vəkili Justin Humphreys, qadınları "daşıyıcı" kimi təsvir edib və təklifinin kişilərə də "qərar verməyə" imkan yaratdığını deyib.
Tənqidçilər layihənin qadınları alçaltdığını deyirlər.
Oklahoma millət vəkillərinin layihəni ştat məclisində səsverməyə irəli sürmə qərarı prezident Donald Trump-ın rəhbərliyi altında anti-abort hərəkatının ruhlanması dövrünə təsadüf edib.
Seçkiqabağı kampaniyada cənab Trump abort edən qadınların cəzalandırılmalarını təklif etmişdi və Ali Məhkəməyə aborta qarşı hakim təyin etməyi vəd etmişdi.
Onun namizədi Neil Gorsuch-un abortla bağlı mövqeyi aydın deyil.
Associated Press agentliyi bildirir ki, bu sessiyada Oklahoma ştatında ən azı 11 anti-abort qanun layihələri təklif edilib. Onlardan biri abortu qətl kimi təsnif edir, lakin layihələrin əksəriyyəti ştatın qubernatorunun masasına çatması gözlənilmir.
Bu layihə təcavüz qurbanları olan qadınlar və ya yaxın qohumlarla cinsi əlaqə nəticəsində hamilə olan qadınlar istisna olaraq, abortdan əvvəl kişilərə atalıq testi tələb etmək haqqını təklif edir.
Abortda qadının azad seçimi tərəfdarları layihənin təklif edilməsindən qəzəbləniblər.
Oklahoma qaydası bu il ərzində tam səsverməyə çıxarılacaq.