ABŞ alimləri MRT-nin köməyilə autizm diaqnozu qoymağı öyrəniblər

Şəklin mənbəyi, AP
Autizm adətən 2 yaşdan yuxarı uşaqlarda müşahidə olunur
Nature jurnalında dərc edilən tədqiqata əsasən 148 uşaqdan ibarət nəzarət qrupu tomoqrafiyadan keçirilib. Tədqiqatda 6, 12 və 24 aylıq uşaqlar iştirak edib.
Autizmin əlamətləri ünsiyyətə cavab verən sahələrdə beyin qabığının böyüməsində müşahidə olunub. Bu tədqiqat autist spektr pozuntularının müalicəsində yeni yanaşmaların hazırlanmasına kömək edə bilər.
Cünki uşaq nə qədər balacadırsa, müalicə o qədər də yaxşı təsir göstərə bilər. Hesablamalara görə hər 100 adamdan biri autustik spektr pozuntusundan əziyyət çəkir.
Ekspertlərin fikrincə, yeni tədqiqat nəhayət autizmin yaranmasında qızılca, məxmərək kimi xəstəliklərə qarşı vurulan MMR peyvəndləri barədə məşhur yanlış fikirləri aradan qaldıracaq.
Onların sözlərinə görə, yanlış fikirlərin yaranmasına səbəb bu peyvəndlərin adətən eyni yaşda vurulmasıdır. Autizmin diaqnozu da 2 yaşdan sonra müəyyən olunur.
Tədqiqatın iştirakçıalrından biri, professor Yoseph Piven BBC-ə müsahibəsində eksperimentin nəticələrinin ümidverici olduğunu bildirib.
Lakin Beynəlxalq Autistik Cəmiyyətinin nəzdindəki Böyük Britaniya Autizm Mərkəzinin direktoru Carol Poveyin fikincə isə bu cür pozuntuların yaranmasının bir neçə səbəbi ola bilər.
"Bu MRT-nin autizm xəstəsi olan ailələrdə digər uşaqlarda vaxtından əvvəl diaqnozun qoyulmasına və xəstəliyə vaxtında müdaxilə edilməsinə yardım edəcəyi mümkündür. Lakin yalnızca bir testin hamıda autizmi aşkarlayacağı inandırıcı deyil ", - deyə Povey bildirib.
Autizmin inkişafının konkret səbəbi sonuna qədər məlum deyil. Lakin bu pozuntuların arxasında mərkəzi sinir sisteminin fəaliyyətinə mane olan genetik mexanizmlərin olduğu təsdiqlənib.
Autistik pozuntuları aradan qaldırmaq üçün psixoterapiyadan, xüsusi tərbiyəvi proqramlardan və hətta Pokemon Go kimi multimedia oyunlardan istifadə olunur.