Bosniya Serbiyanı soyqırım məsuliyyətindən azad edən qərardan şikayət edəcək

An elderly woman is comforted as she cries at an open grave in Memorial Centre in Potocari, near Srebrenica. File photo Fotonun müəllifi Reuters
Image caption Bosniyanın köhnə yaraları hələ də göynəyir

Bosniyanın müsəlman lideri bildirib ki, gələn həftə BMT-nin ali məhkəməsindən Serbiyanı 1990-cı illərin soyqırımı məsuliyyətindən azad edən qərarına yenidən baxmasını rica edəcək.

Bosniya üçər prezidentliyinin üzvlərindən biri - Bakir Izetbegovic deyib ki, o bu barədə rəsmi müraciəti bu il fevralın 26-da, 10 illik möhlət başa çatmadan edəcək.

Bosniyanın serb rəhbərləri isə deyirlər ki, belə bir müraciət siyasi böhranın yaranmasına yol aça bilər.

2007-ci ildə Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) Serbiyanı soyqırımı üçün birbaşa cavabdehlikdən azad edib.

BƏM Bosniyada 1992-1995-ci il müharibəsi zamanı yalnız bir soyqırım hadisəsini təsdiqləyib. Bu, 1995-ci ildə, Srebrennitsa şəhərində 8 min müsəlman kişi və oğlanın (boşnakların) Bosniya serb qüvvələri tərəfindən qətliam edilməsi hadisəsidir.

Bu, bütün Avropada İkinci Dünya Müharibəsindən bəri ən dəhşətli qırğın olmuşdu.

BƏM-in ovaxtkı qərarında deyilirdi ki, Serbiya bu qətllərin qarşısını almamaqla beynəlxalq qanunları pozub.

'Pis' hərəkət

Cümə günü cənab Izetbegovic deyib ki, apellyasiya ərizəsini Bosniya-Herseqovinanın hüquq nümayəndəsi təqdim edəcək.

"Hər bir kəsin, hətta ona qarşı çıxanların da həqiqətə ehtiyacı var. Elə bir həqiqət kimi təcrübəli və neytral beynəlxalq hakimlər tərəfindən yazılacaq" - deyib müsəlman prezident.

Lakin Bosniya serblərinin rəsmiləri deyirlər ki, belə bir addım üçər prezidentliyin digər iki üzvünün - Bosniya serbinin və Bosniya xorvatının razılığı olmadan atıla bilməz.

Bosniya serblərinin lideri Milorad Dodik bütün etnik serbləri belə bir apellyasiyaya qarşı çıxmağa çağırıb.

Serbiyanın baş naziri Aleksandar Vucic cənab Izetbegovicin bəyanatının iki ölkə arasındakı münasibətlər üçün "pis" hərəkət olduğunu söyləyib.

Bu barədə daha geniş