Bazar ertəsindən Donbasda atəşkəs qüvvəyə minir

Şəklin mənbəyi, Getty Images
Yanvarın sonunda Donbasda vəziyyət gərginləşməyə başlayıb
Bazar ertəsindən etibarən Donbasda atəşkəs qüvvəyə minməlidir. Bu qərar şənbə günü "normand dördlüyü" ölkələrinin - Almaniya, Fransa, Rusiya və Ukraynanın xarici işlər nazirlərinin Münhen görüşündə qəbul olunub.
Görüşdən sonra Almaniyanın xarici işlər naziri bildirib ki, "normand dördlüyü" barışıq yaratmaq üçün bütün nüfuzundan istifadə edəcək.
O, həmçinin deyib ki, martın 1-də Minskdə keçiriləcək yeni görüşdə "Minsk-2" siyasi prosesi başladılacaq. Danışıqların əsas mövzusu əsirlərin dəyişdirilməsi olacaq.
Bundan əvvəl AFR kansleri Angela Merkel Münxen konfransındakı çıxışında bəyan edib ki, Minsk razılaşmaları yerinə yetirilmir və Donbasda tam barışıq yaratmaq lazımdır.
Donbasda yanvarın 29-a keçən gecə vəziyyət gərginləşib və həftə ərzində pisləşməyə davam edib.