MOAB Əfqanıstanda "azı 90 İD döyüşçüsünü öldürüb"
GBU-43/B ABŞ tərəfindən münaqişələr zamanı atılan ən böyük qeyri-nüvə bombasıdır. (Video 2003-cü ildə bombanın sınaqdan keçirilmə görüntüsüdür.
ABŞ-ın Əfqanıstanda özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın yaraqlıları tərəfindən istifadə olunan tunel kompleksinə endirdiyi hava zərbəsində ölən İD döyüşçülərinin sayı 90-a çatıb.
Əfqanıstan Müdafiə Nazirliyi bundan əvvəl onlarla İD döyüşçüsünün öldüyünü və İD-in bazasının məhv edildiyini təsdiqləyib.
9,800 kq-lıq GBU-43/B (MOAB) bombası 9 metr uzunluğundadır və ona "bütün bombaların anası" adı verilib.
Bu, ABŞ tərəfindən münaqişələr zamanı atılan ən böyük qeyri-nüvə bombasıdır.
Əfqanıstanın sabiq prezidentli Həmid Kərzai hücumu "ölkəmizin qeyri-insani və son dərəcədə mərhəmətsiz istifadəsi" adlandıraraq tənqid edib.
Əfqanıstanın Baş icraçısı Abdullah Abdullah hücumun Əfqanıstan və ABŞ arasında koordinasiya ilə edildiyini və "dinc sakinlərə xəsarət yetirməmək üçün böyük diqqət verildiyini" deyib.
Əfqanıstan Müdafiə Nazirliyi bombanın bir kəndin yanında, Momand dərəsində yerləşən və İD döyüşçüləri tərəfindən istifadə edilən 300 metrlik mağara və tunel şəbəkəsini hədəflədiyini deyib.
Nazirlik həmçinin bombanın böyük silah anbarını məhv etdiyini bildirib.
Şəklin mənbəyi, EPA
Artıq iki həftədir ki, Əfqan qüvvələri İD-i Nanqərhar əyalətini hədəfləyiblər
Əfqanıstan prezidentinin sözçüsü Şah Hüseyin Murtazavi BBC-ə İD komandiri Siddiq Yarın ölənlər arasında olduğunu deyib.
Cənab Murtazavi İD döyüşçülərinin Pakistandan gəldiklərini və yerli əhalini təqib etdiklərini əlavə edib.
Pentaqon bildirib ki, ilk dəfə 2003-cü ildə sınaqdan keçirilən, lakin döyüş şəraitində indiyədək tətbiq olunmayan GBU-43/B bombası cümə axşamı yerli vaxtla axşam saatlarında Açin rayonunda atılıb.
Açin rayon qubernatoru İsmayıl Şinvari BBC-ə bildirib ki, bombanın atıldığı ərazidə yaşayış olmadığı üçün mülki əhali arasında itki olmayıb.
O, ABŞ və Əfqanıstan qüvvələrinin ərazidə İD-ə qarşı birgə hərbi əməliyyatının 13 gün əvvəl başladığını deyib.
Nanqərhar əyalətinin qubernatoru Qulab Manqal tunellərin İD tərəfindən insanları öldürmək və görüşlər keçirmək üçün istifadə edildiyini bildirib.
ABŞ hadisənin nəticələri barədə detallı məlumatı təsdiqləməyib.
ABŞ Prezidenti Donald Trump baş verənləri "daha bir uğurlu iş" adlandırıb.
Suriya səhvi
Şəklin mənbəyi, USAF/Getty Images
Bu xəbər Pentaqonun Suriyada aviazərbə zamanı səhvən 18 üsyançının öldürülməsini etiraf etməsindən sonra yayılıb.
Qurum bildirib ki, tərəfdaşlıq qrupu səhvən hədəf yerini İD mövqeyi kimi müəyyənləşdirib.
Nəticədə aprelin 11-də baş tutan hücum zamanı Vaşinqton tərəfindən dəstəklənən Suriya Demokratik Qüvvələri qrupuna aid üsyançılar öldürülüb.
Əfqanıstana edilən hücum isə ötən həftə Nanqərhar əyalətində döyüşən ABŞ xüsusi qüvvələrinin əsgərinin həlak olmasından sonra baş tutub.
İD 2015-ci il yanvarında Xorasan (Əfqanıstan və ətraf rayonlarının köhnə adı) filialının yaradılmasını elan edib. Bununla qrup ilk dəfə Ərəb dünyasından kənarda yayılmasını rəsmi təsdiq edib.