Britaniya mətbuatı: Qətər böhranı niyə "Şekspir komediyasına" bənzəyir?

Qatar

Şəklin mənbəyi, Getty Images

Qətər böhranı niyə "Şekspir komediyasına" bənzəyir?

"The İndependent"qəzeti və "The Dawn" portalında dərc edilmiş məqalədə Robert Fisk yazır ki, Qətər böhranı iki məsələni təsdiq edir: Ərəb dövlətlərinin davam edən "uşaqlığını" və Donald Trump-ın Səudiyyəyə səfəri zamanı nümayiş etdirilən sünni müsəlman birliyinin iflasını.

Məqalədə deyilir ki, bu sammitdə ölənədək şiə İranının "terroruna" qarşı döyüşməyi vəd edən Səudiyyə və onun satellitləri əvvəlcə özlərinin ən varlı ərəb soydaşlarından birinin üstünə tökülüşüblər.

"Belə müxəmmətliyi yalnız Şekspirin komediyalarında görmək olar", yazır müəllif.

Məqalədə deyilir ki, "Qətər vətəndaşları heç şübhəsiz İD-ə müəyyən töhfə veriblər. Amma bunu Səudiyyə vətəndaşları da ediblər axı... 11 sentyabrda təyyarələri New York və Washington-un binalarına çırpanların arasında qətərlilər olmayıb. Amma bunu edənlərin dördünü çıxmaq şərtilə 19-u Səudiyyə Ərəbistanından olub. Bin Laden qətərli yox, səudiyyəli idi…"

Amma buna baxmayaraq Bin Laden Qətərin Əl-Cəzirə telekanalına üstünlük verirdi. Öz növbəsində Əl-Cəzirə də Əl-Qaeda/Cəbhət ən-Nüsraya rəğbətli idi.

Müəllif yazır ki, "gəlin əvvəlcə bu əhvalatın son dərəcə məzəli təfərrüatlarından çəkinək. Yəmən Qətərlə hava rabitəsini kəsir. Bu yəqin ki, "yazıq" Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Tanini əməlli-başlı məyus etməlidir. Amma Səudiyyənin və Əmirliklərin daimi bombardmanı altında olan Yəmənin adam arasında çıxarılası təyyarəsi yoxdur axı... O ki qaldı hava nəqliyyatı ola.

Maldiv adaları da Qətərlə əlaqələrini kəsib. Bu yaxınlarda Səudiyyə Maldiv adalarına 5 il müddətində 300 milyon dollarlıq kredit vəd edib. Bunun 100 milyon dolları Maldivdə "dünya səviyyəli" 10 məscidin tikintisinə xərclənməlidir.

Müəllif bir qədər də ironiya ilə yazır ki, Qətər əmirinin öz qoşunu olmadığına görə, o ölkəsində sabitliyin təminatı üçün səudları dəvət edə bilərmi? Çünki 2011-ci ildə Bəhreyn kralı məhz bu cür hərəkət etmişdi.

"Amma şeyx Təmim rahatdır ki, Qətərdə ABŞ-ın nəhəng hərbi bazasının olması səudları belə lütfkarlıqdan məhrum edəcək" - deyilir məqalədə.

Müəllif daha sonra ayzır: "Mən bir dəfə şeyx Təmimin (elə onun tərəfindən devrilmiş) atası şeyx Həməddən soruşdum ki, nə əcəb amerikalıları Qətərdən qovmur? O belə cavab verdi: "Çünki mən belə etsəm, ərəb qardaşlarımız bizi işğal edərlər".

Məqalədə deyilir ki, böhran Qətər Xəbər Agentliyinin saytında peyda olmuş bir neçə qeydlərə görə başlanıb. Qətər əmirinə aid edilən bu qeydlərdə İranla yaxşı münasibətlərin zərurətindən söz gedirdi.

Qətər sonradan bu xəbəri təkzib etdi. Müəllif yazır ki, öz dövlət telekanalları kifayıt qədər sabit və "cansıxıcı" olan Səudiyyə bu təkzibə inanmayıb.

Müəllifin fikrincə indi Qətər əmirinə xəbərdarlıq edirlir ki, Körfəzdəki siyasəti cırtdan Qətər yox, səudlar müəyyən edirlər. Səudlar hesab edirlər ki, Trump-ın səfəri məhz bunun təsdiqidir.

Lakin səudların narahatlıq üçün başqa əsasları da var. Küveyt Qətərlə münasibətləri kəsməsinə baxmayaraq indi qətərlilər, səudlar və Əmirliklər arasında vasitəçilik edir. Dubay Əmirliyi İranla yaxın ölkədir və burada on minlərlə iranlı işləyir. Bu əmirlik Abu Dabinin Qətərə olan hiddətini bölüşmür.

Oman cəmi bir neçə ay bundan əvvəl hətta İranla birgə dəniz donanması manevrləri keçirmişdi. Pakistanlılar Səudiyyənin sözünü yerə salaraq Yəmənə qoşun göndərməyiblər.

Çünki Səudiyyə yalnız sünni hərbçilərin göndərilməsini istəmişdi, amma Pakistan öz ordusunun məzhəbləşdirilməsini istəmir.

Müəllif yazır ki, Misir prezidenti, feld-marşal Abdel Fəttah əs-Sisi Qətərə qarşı qəzəblə kükrəyir, çünki Qətər Misirin Müsəlman qardaşlığı təşkilatını dəstəkləyib. Amma buna baxmayaraq səudlardan milyonlarla dollarlıq yardım alan Misir də fəlakətli Yəmən müharibəsinə qoşun göndərməyə tələsmir. Misirin başı İsraillə birlikdə Fələstinin Qəzza zolağını mühasirə etməyə qarışıb.

"Amma bir qədər diqqətlə baxanda səudları əslində nəyin narahat etdyiyi aydın görünür, - yazır jurnalist, - Qətər həm də məxfi bağlarla Əsəd rejimi ilə münasibətlər qurub. Qətər Suriyada xristian rahibələrin Cəbhət ən-Nüsranın əsirliyindən azad edilməsində, livan əsgərlərinin qərbi Suriyada İD-in girovluğundan qurtarılmasında xüsusi rol oynayıb. Rahibələr əsirlikdən azad olan kimi həm Əsədə, həm də Qətərə təşəkkür bildirmişdilər".

Körfəzdə getdikcə böyüməkdə olan şayiələrdən biri də budur ki, Qətər müharibədən sonrakı Suriyanın bərpasını maliyyələşdirmək ambisiyalarına malikdir. Bütün bunlar Suriyanı gələcəkdə Qətərin iqtisadi hegemonluğu altına sala bilər.

Bu hadisə balaca Qətərə iki qızıl mükafat verərdi.

"Qətərin ərazisi Əl-Cəzirə media imperiyası qədər genişlənərdi" - deyilir məqalədə.

Müəllif qeyd edir ki, bir çox ölkələr kimi Qətər də Suriyaya neft kəmərlərinin keçdiyi məkan kimi baxır. Buradan çəkiləcək kəmərlər Körfəzin enerji daşıyıcılarını Türkiyə vasitəsilə Avropaya nəql etməlidir.

Avropalılar üçün belə bir marşrut çox sərfəli olardı. Kəmərlər Rusiyadan və Hörmüz boğazından yan ötərdi.

Belə bir şəraitdə Qətərin sözün əsl mənasında kəsilmiş yeganə rabitə qolu hələlik Qətər Hava Yollardır.

Şəklin mənbəyi, Reuters

Facebook-da küfrə görə edam cəzası

"The Guardian" yazır ki, Pakistanda antiterror məhkəməsi Facebook-da küfr yazmaqda ittiham olunan bir nəfəri ölüm cəzasına məhkum edib.

İnsan haqları təşkilatları Pakistanı sosial mediada söz azadlığı üzərinə hücumda ittiham edirlər.

Bahavalpur şəhərinin məhkəməsi 30 yaşlı Taymur Razanı Məhəmməd peyğəmbəri təhqir etməkdə təqsirli bilib. Bu, Pakistanda belə bir hərəkət üçün indiyədək verilən ən ağır cəzadır.

Raza ötən il Facebook-da bir nəfərlə İslam dininə dair debata girişmişdi. Sonradan məlum olub ki, həmin adam antiterror polisinin xəfiyyəsi imiş.

Pakistanın İnsan Haqları Şurası bildirib ki, Raza ötən il küfr ittihamı ilə həbs edilmiş 15 nəfərdən biridir.

İnsan haqları qrupları bildirirlər ki, Paksitanda küfr ittihamı ilə hədslər ümumilikdə söz azadlığı üzərinə hücumun tərkib hissəsidir.

Razanın qardaşı Vasim Abbas deyib ki, ailələri yoxsul olsa da, savadlıdır və onlar ölkənin şiə icmasına mənsubdurlar.

Razanın vəkili bildirir ki, onun müştərisi cinayət məcəlləsinin iki bir-birilə əlaqəsi olmayan bölümü ilə təqsirli bilinib. Onun fikrincə bu ona görə edilib ki, müttəhimə ölüm hökmü çıxarmaq mümkün olsun.

Razaya qarşı əvvəlcə təriqət zəminli təhqir maddəsini irəli sürmüşdülər. Bu maddə başqa dini təriqətə aid şəxsin təhqirini nəzərdə tutur. Bundan sonra Razaya qarşı CM-nin başqa bir maddəsi - peyğəmbərin təhqiri maddəsi üzrə ittiham irəli sürülüb.

"The Guardian" yazır ki, sosial media Pakistan hakimiyyətinin küfrlə mübarizə üçün yeni meydanına çevrilib. Bu da xəbər verilir ki, hakimiyyət Facebook və Tvitterdən istifadəçilərin şəxsiyyətini tələb edib. Digər tərəfdən hökumət sosial media istifadəçilərini küfr halları barədə xəbərçilik etməyə dəvət edir.

İnsan haqları fəalları bildirirlər ki, ölkənin küfr qanunları və onlardan ittiham irəli sürmək üçün istifadə tərzi şəxsi zəmində qisasçılığa rəvac verir. Başqa sözlərlə kiminləsə düşmənçiliyi olanlar həmin adama, peyğəmbərə küfr etdiyi barədə şər də ata bilirlər.

Başqa bir narahatlığı doğuran da küfr işləri üzrə mühakimələrin adi mülki məhkəmələrdə deyil antiterror məhkəmələrində aparılmasıdır.

Tənqidçilər bidlirirlər ki, dini məsələlərlə ölkənin milli təhlükəsizliyinin eyniləşdirilməsi ədalətsiz hökmlərə yol açır.

Şəklin mənbəyi, EPA

Pakistanda onsuz da hökumətə qarşı müxaliflik cinayət əməli sayılır.

Məsələn bu yaxınlarda, Federal İstintaq Agentliyi "antihərbiyyə" postları yazan onlarca jurnalisti və Pakistanın Təhrike-İnsaf siyasi partiyasının tərəfdarlarını həbs edib. Buna səbəb postlarla yanaşı baş nazir Nəvaz Şərifin karikaturasının verilməsi idi.

Onlara qarşı ötən il qəbul edilmiş Elektron Cinayət Aktı maddəsi üzrə ittiham irəli sürülüb. Bu maddə faktiki olaraq insan haqlarının boğulması üçün şərait yaradır.

Federal İstintaq Agentliyinin nümayəndəsi "The Guardian" qəzetinə deyib ki, Daxili İşlər Nazirliyi agentliyə noutbukların və telefonların sanksiya olmadan müsadirəsinə icazə verib.

İnsan haqları fəalı Qürrət əl-Eyn Zəman deyib ki, hazırda sosial media istifadəçiləri üzərinə misilsiz təqib var və bu, sosial medianın ictimai şüuru təsirləndirmək gücünün olduğunu bir daha sübut edir.

Bununla belə, Raza sosial mediada küfrə görə ölüm hökmünə layiq görülmüş ilk vətəndaşdır. Amma ictimai yerlərdə küfrə görə ölüm cəzası verilənlərin sayı daha çoxdur. Bunlardan biri də 2010-cu ildə Puncab şəhərində iki müsəlman qadınla mübahisə etmiş xristian qadın Asiya Bibidir.

Pakistanda küfr o qədər həssas bir məsələdir ki, buna görə kütləvi hiddət partlayışları ola bilər. Aprel ayında qəzəblənmiş qaragüruh 23 yaşlı tələbə Məşəl Xanı yataqxanadan götürərək İslamı təhqirə görə linç etmişdi.

Sonradan məlum olmuşdu ki, tələbəyə başqa tələbələr şər atıblar.

May ayında Bəlucistanda 10 yaşlı bir uşaq polis məntəqəsində küfr ittihamı ilə saxlanan kişiyə görə ora hücum edən kütlənin ayaqları altında qalaraq ölüb.

Ötən il Pakistanda 4 nəfər küfr ittihamı ilə ölüm cəzasına məhkum edilib.