Madonna intim əşyalarının hərracda satılmasını bloklayıb

Tupac (R) and Madonna Fotonun müəllifi Getty Images
Image caption Madonna iki il əvvəl təsdiqləyib ki, Tupac-la münasibətləri olub

Madonna, özünə aid şəxsi məxviliyin pozulduğunu bildirəndən sonra ABŞ hakimi Madonnanın şəxsi əşyalarının hərracını dayandırıb.

New York hakimi Gerald Lebovits məsələ ilə bağlı dinləməni sentyabrın 6-na təyin edib və Gotta Have Rock və Roll hərrac evinə həmin tarixədək pop ulduzun əşyalarına hərraca çıxarmağı qadağan edib.

Hərraca çıxarılan əşyalar arasında 58 yaşlı Madonnanın alt paltarı, çek kitabçası, darağı, fotosu və mərhum repçi Tupac Shakur-a, münasibətlərinin kəsilməsi barədə məktubu olub.

Pop superulduzu deyib ki, onun şəxsi əşyaları keçmiş dostu tərəfindən oğurlanıb.

Tupac Shakur-un $400,000-a satılacağı gözlənilən məktubunda müəllif Madonna ilə irq məsələsinə görə ayrıldığını bildirib.

Məktub 1995-ci il yanvarın 15-də, Tupac Shakur cinsi zəmində təcavüz cəhdinə görə həbsxanada olan vaxt, yazılıb.

Həmin dövrdə həm Madonna, həm də Tupac Shakur-un populyarlığı zirvə nöqtəsində idi.

Məktub yazıldıqdan 18 ay sonra Tupac güllələnmişdi.

Fotonun müəllifi Gotta Have Rock and Roll/PA Wire
Image caption Tupac Shakur-un Madonnaya 1995-ci ildə yazdığı məktubu Gotta Have Rock and Roll hərrac evi satışa çıxarmaq istəyib.

Əşyaların çoxu hərraca New York-dakı incəsənət dəllalı Darlene Lutz tərəfindən çıxarılıb.

Madonna deyib ki, həmin xanım ona Miami-dəki evini yağışdırmaqda kömək etdiyi zaman həmin əşyaları əldə edib.

"Aydındır kı, Lutz mənim etimadıma xəyanət edərək görünməmiş tərzdə xəbərim və razılığım olmadan şəxsi əşyalarımı ələ keçirməyə cəhd göstərib", - Madonna hakimə bildirib.

Darlene Lutz və hərrac evinin sözçüsü isə deyib ki, Madonna və "onun hüquqşünaslar ordusu" hərracı dayandırmaqla əssassız addım atıblar və ittihamlara məhkəmədə cavab veriləcək.

Madonna hakimə bildirib ki, şəxsi darağından onun DNT nümunəsi əldə edilə bilər.

"Bu görünməmiş bir haldır ki, mənin DNT nümunəm hərraca çıxarılsın", - Madonna deyib.

Müğənni onun digər bir keçmiş məşuqu olan aktyor John Enos-a məktubunun da hərraca çıxarılmasını qadağan edib.

1990-ci illərin əvvəllərində yazılmış məktubunda Madonna bildirib ki, "olduqca ortabab" olan müğənni Whitney Houston və aktrisa Sharon Stone-nun karyeralarına paxıllığı tutur, çünki həmin şəxslər onun yaradıcılığından faydalanıblar.

"Bu hiss qaradərili adamların Elvis Presley məşhurlaşanda keçirdiyi hissə bənzəyir", - Madonna yazıb.

Sharon Stone isə öz Facebook səhifəsində Madonna ilə dost olduğunu qeyd edərək bildirib: "Mən səni çox istəyirəm və sənə pərəstiş edirəm; bizim münasibətlərimizə müdaxilə edib məni sənə qarşı qoymaq mümkün deyil".

Əlaqəli mövzular

Bu barədə daha geniş