Britaniya: Qanuni cinsiyyət dəyişikliyi üzrə rəsmi müzakirə prosesi başlanacaq

Şəklin mənbəyi, Getty Images
Britaniya hökuməti qanuni cinsiyyətin dəyişdirilməsini sadələşdirməyi nəzərdən keçirir.
Hazırda, cinsiyyətini dəyişmək istəyən şəxslərə əvvəla gender disforiyası diaqnozu verilməlidir. Gender disforiyası bioloji cinsiyyət və gender identikliyinin üst-üstə düşməməsidir.
Bərabərlik naziri Justine Greening 2004-cü il cinsiyyətin rəsmən tanınması qanununu sadəşdirərək prosesi daha asan etmək istədiyini bildirib.
LGBT kampaniyaçı təşkilatı Stonewall hazırki sistemin "qüsurlu və alçaldıcı" olduğunu deyib.
2004-cü il qanununa əsasən dəyişdirilmiş cinsiyyətinin Britaniyada qanuni təsdiqini istəyən şəxslər Gender Tanınma Şəhadətnaməsi əldə etməlidirlər.
Bu sənəd hüquqi qurum olan Gender Tanınma Komissiyası tərəfindən verilir. Bu komissiya hər hansı bir şəxsin hansı cinsdən olduğunu müəyyən edir.
Gender disforiyası diaqnozundan ayrıca, dəyişdirilmiş cinsiyyətinin tanınmasını istəyən şəxslər həmçinin cinsiyyətinin ən azı iki ildir ki, dəyişdirildiyinə dair sübut təqdim etməlidirlər.
Ən yeni məlumata əsasən bu ilin yanvar və mart ayları arasında Britaniyada 112 nəfər cinsiyyətinin dəyişdirilməsi üçün müraciət edib. Onlardan 88 faizinə şəhadətnamə verilib.
Bərabərlik naziri Justine Greening 2004-cü ildə qəbul olunarkən Cinsiyyətin Tanınması Qanununun müasir olduğunu, lakin artıq yenilənməyə ehtiyacı olduğu bildirib.
Qanuna dəyişiklik müzakirələrinin payızda başlanacağı nəzərdə tutulub, xanım Greening deyib.