Yeni Zelandiyada sintetik nəşə ilə bağlı 8-ci ölüm qeydə alınıb

Sintetik nəşə

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Sözügedən narkotik adi nəşəyə bənzəyir.

Yeni Zelandiyada qeydə alınmış son ölümlər silsiləsi sintetik nəşədən istifadə hallarının artması ilə əlaqələndirilir.

20 yaşlarında olan kişi çərşənbə axşamı öləndən sonra qanunsuz maddədən bu ay ölənlərin sayı səkkizə çatıb.

Bu narkotikin təsiri adi nəşənin təsirinə bənzəyir, lakin ondan daha güclü, təhlükəli və ölümcüldür.

Sintetik nəşə artıq ABŞ və Avropada böyük narahatlığa səbəb olub.

Bu ay baş vermiş səkkiz ölüm hallarının hər birində qurbanın ölməzdən əvvəl narkotikdən istifadə etdiyi güman olunur.

Həmin narkotikdə hansı maddənin ölümə səbəb olması hələlik aydın deyil.

Ölümlərin səkkizi də Aucklandd şəhərində baş verib.

Rəsmilərin bildirdiyinə görə, narkotikdən istifadə etmiş xeyli sayda insan xəstəxanalara yerləşdirilib.

Bu ayın əvvəlində Auckland şəhər polisi narkotikdən istifadə edənlər arasında ölüm hallarının artması ilə əlaqədar Facebook-da xəbərdarlıq yerləşdirib.

Polis qeyd edib ki, həmin xəbərdarlıq təkcə Auckland şəhərinə yox, eləcə də Yeni Zelandiyadakı digər icmalara da aiddir.

Sintetik nəşə nədir?

Çətənədən hazırlanan adi nəşənin tərkibində beyindəki müəyyən reseptorlara təsir edən maddə var.

Sintetik nəşə, qurudulmuş çətənənin üzərinə kimyəvi maddələrin çilənməsi yolu ilə alınır. Həmin kimyəvi maddələr beyində eyni reseptorlara təsir göstərir.

İstifadə edilən kimyəvi maddələr qeyri-qanuni hazırlanıb satıldığından onların necə təsir göstərəcəyini proqnozlaşdırmaq çətindir və bu səbəbdən onlar daha təhlükəlidir.

Onların insan orqanizminə təsiri ekstremal ola bilər - ürək döyünməsinin artması, ürəktutma, zəifləmə, psixoz, böyrək çatışmazlığı və iflic kimi hallar baş verə bilər.

Sintetik narkotik maddələr 20 il bundan əvvəl ABŞ-da istehsal olunub.

İlkin olaraq bu maddələr beyin tədqiqatı proqramı çərçivəsində hazırlanıb və heyvanlar üzərində sınaqdan keçirilib.

Lakin son 10 il ərzində həmin maddələrin geniş ictimaiyyət arasında yayılması müşahidə edilir.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

Britaniyada sintetik nəşə Spice, Black Mamba və bu kimi müxtəlif digər adlar altında satılırdı.

Sintetik narkotiklər qısa müddət ərzində Yeni Zelandiyada qanuniləşdirildi, lakin 2014-cü ildə qadağan olunub.

Britaniyada da sintetik nəşəyə bir müddət qanunvericiliklə icazə verilib.

Həmin narkotik 2016-cı ildə qadağan edilib, lakin ölkədə geniş yayılan problemlərə səbəb olub.

Sintetik nəşəni ABŞ da qadağan edib, lakin qeyri-qanuni olaraq bu narkotik orada da geniş yayılıb.