Fələstin-İsrail əlaqələri bərpa olunmayacaq - Mahmud Abbas

Müsəlmanlar Şərqi Yerusəlimdəki məscidin kənarında namaz qılırlar
Şəklin alt yazısı,

Müsəlmanlar Şərqi Yerusəlimdəki məscidin kənarında namaz qılırlar

Fələstin lideri Mahmud Abbas deyib ki, Şərqi Yerusəlimdə (Şərqi Qüds) yerləşən dini məbəd qarşısındakı metal detektorlarının sökülməsinə rəğmən İsraillə əlaqələr olduğu kimi dondurulmuş halda qalacaq.

Fələstinlilər hesab edirlər ki, metal detektorlarının quraşdırılması ilə İsrail ərazini nəzarət altına almağa cəhd edib.

İsrail isə təhlükəsizlik tədbirlərini silah keçirilməsinin qarşısını almaq istəyilə izah edir.

Metal detektorları iyulun 14-də fələstinli gəncin İsrailin təhlükəsizlik qüvvələrinə hücumundan sonra quraşdırılıb. Nəticədə iki israilli polis öldürülüb, daha bir nəfər isə xəsarət alıb.

Şəklin alt yazısı,

Bir çox fələstinli metal detektorlarından keçməkdən imtina edib.

Hadisələrdən sonra fələstinlilərin keçirdiyi nümayişin dağıdılması vaxtı 4 fələstinli həlak olub, yüzlərlə etirazçı xəsarət alıb.

İsrail metal detektorlarının daha müasir təhlükəsizlik avadanlığı ilə əvəzlənəcəyini bildirir.

BMT cümə namazından əvvəl gərginliyin azalmasına səsləyir.

Şərqi Yerusəlimdə yerləşən Məbəd dağı - yəhudilər və müsəlmanlar üçün müqəddəs yer sayılır.

Fələstinlilər Şərqi Yerusəlimi öz gələcək dövlətlərinin paytaxtı sayır, İsrail isə təkid edir ki, şəhər İsrailin vahid və bölünməz paytaxtıdır.