Qapıları hər kəsə açıq, liberal məscid açmaq istəyən qadın: Seyran Ateş

Şəklin mənbəyi, EPA
Türkiyədə doğulan insan haqları fəalı və vəkil Seyran Ateş Berlindən sonra Böyük Britaniyada da İslamın bütün məzhəblərindən olanlar, cinsi oriyentasiyasından asılı olmayaraq hamının birlikdə ibadət edə biləcəyi liberal bir məscid qurmaq istədiyini söyləyib.
Guardian qəzetinə müsahibə verən Ateş İslamda bir inqilabın başlatdığını və planlaşdırdığı məscidi bir il ərzində açmağa ümid etdiyini bildirib.
Ateş hədəfinin Avropanın hər paytaxt şəhərində belə bir məscid açmaq olduğunu vurğulayaraq "Bu fikirdə tək olmadığımı bilirəm. Bu bir hərəkat, bir inqilabdır. Liberal məscid fikrinin siması mən ola bilərəm. Ancaq bu məsələdə mən tək deyiləm. Dünyanın dörd bir tərəfində milyonlarla tərəfdarımız var" deyib.
Şəklin mənbəyi, Getty Images
Ötən ay Berlində açılan məscidin qurulma işləri tam 8 il çəkib
Ötən ay Berlində bir kilsənin ərazisində kirayə edilən sahədə İbn Rüşt-Goethe məscidini açan Ateş xüsusulə sosial şəbəkələrdə ölümlə hədələndiyini söyləyib.
Qahirənin El Ezher Universitetinin İslam hüququ fakültəsi də liberal məscidlərə qarşı çıxan bir bəyanat yayımlayıb.
54 yaşlı Ateş 2006-ci ildən bu yana polis mühafizəsi altında yaşayır.
Ateş öldürülməkdən qorxub-qorxmadığına dair suala "Hə, bir az qorxuram. Həyatım təhlükədə ola bilər. İnsanlar məni tanıya bilərlər", - deyə cavab verib.
Ateş Berlində məscid açıldığı ilk zamanlarda gələnlərin çox olduğunu, lakin ölüm hədələrinin artmasından sonra gələnlərin də sayının azaldığını sözlərinə əlavə edib.