Amazon-un təsisçisi Jeff Bezos dünyanın ən varlı insanıdır - Forbes

Şəklin mənbəyi, Getty Images
Amazon şirkətini quran Jeff Bezos Microsoft-un təsisçisi Bill Gates-i arxada qoyaraq Forbes nəşrinin reytinqinə görə dünyanın ən zəngin insanı tanınıb.
Amazon səhmlərinin 2,3 faiz bahalaşması nəticəsində cənab Bezos-un şəxsi sərvətinin ümumi həcmi 2 milyard dollara yaxın artıb.
Online rejimdə yenilənən Forbes-un son rəqəmlərinə görə onun aktivlərinin dəyəri Bill Gates-in sərvətindən 1,4 milyard dollardan artıq olub.
Sonuncu dəfə Bill Gates ən zəngin adam adını ötən il əldən verib. O zaman zənginlər siyahısının üst sətirini qısa müddətə (iki günə) olsa da, Zara ticarət şəbəkəsinin yaradıcısı Amancio Ortega zəbt etmişdi.
Forbes jurnalı milyarderlər siyahısını ilk dəfə 1987-ci ildə çap edib. Amazon şirkətinin banisi onun üst sətirini tutan sayca 7-ci şəxs olub.
Amazon - dünyanın ən iri onlayn satış sistemidir.
"Gates xeyriyyəçiliyə bu qədər pul verməsəydi, Bezos dünyanın ən zəngin adamı adını heç vaxt qazana bilməzdi", - Forbes yazır.
2010-cu ildə Gates və investor Warren Buffett sərvətlərinin yarısını xeyriyyəyə yönəltmək çağırışı ilə "Giving Pledgе" kampaniyasına başlayıblar.
2016-ci ilin sonuna olan məlumata görə Bill Gates xeyriyyəyə 31 milyard dollardan artıq vəsait ayırıb. Bezos isə 2015-ci ilin sonunadək həmin məqsədlərə 100 milyon dollar yönəldib.