Britaniya mətbuatı: "Kürdlərin dövləti olmayacaq…Onları yenə də aldadacaqlar"

Fotonun müəllifi Getty Images
Image caption Suriyanın Hələb şəhərində yerli rəsmilərin

"Kürdlərin dövləti olmayacaq…Onları yenə də aldadacaqlar"

"The İndependent" qəzetinin məşhur Yaxın Şərq təhlilçisi, Robert Fisk bu yaxınlarda Suriyanın Hələb şəhərində olarkən yerli rəsmilərin yığıncaqlarından birinin şahidi olub.

Onlar kondisionerli bir otağa toplaşmışdılar və Əhrar əş-Şam silahlı qruplaşmasının səsli çağırışına mobil telefonda qulaq asır, qəhqəhə çəkib lağlağı ilə gülüşürdülər.

Bu müraciətdə suriyalıları onlara namussuzluq gətirmiş ən-Nüsradan üz çevirib Əhrar əş-Şamı dəstəkləməyə çağırırdılar.

Ən maraqlısı isə bu idi ki, bir vaxtlar Əhrar əş-Şamın sələfi yaraqlıları ilə ən-Nüsra əl-Qaedanın döyüşçüləri müttəfiq olmuşdular.

Sələfi Əhrar əş-Şam Bəşər əl-Əsədin qatı düşmənidir və 11 sentyabr terror hücumlarını məhz bu təşkilatın sələfi olan qrup törədib.

Lakin son günlərdə Əhrar əş-Şam və ən-Nüsra bir-birinə qarşı döyüşür və bir-birlərini qırırlar. Robert Fisk yazır ki, otaqdakıların qəhqəhə çəkməsi də bu səbəbdəndir.

Nurəddin əl-Zəngi türkmanları

Məqalədə deyilir ki, indi İdlib vilayəti boyunca atəşkəs təşkil etməyə çalışan çox sayda adam var. Buralar boş ərazidir və Əsəd rejimi şəhərləri tərk etməyə razılaşan vəhabi düşmənlərini buralara göndərir. Amma yerli qruplaşmalar arasında sülh razılaşmaları uzun sürmür və indi Hama, İdlib və Hələb üçbucağında qruplararası döyüşlər gedir.

Fisk yazır ki, "buralarda nəyin baş verdiyini başa düşmək üçün elmlər doktoru olmağa ehtiyac yoxdur." Əhrar əş-Şamı Qətər və Türkiyə dəstəkləyir, ən-Nüsra dəstəyini Səudiyyədən və bir də Birləşmiş Ştatlardan alır. Bu qrupu əvvəllər Qətər də dəstəkləyib. Amma indi Səudiyyə ilə Qətər arasında təmsili müharibə bu iki qruplaşmanın arasında gedir.

İndi Əhrar əş-Şam həm də özünü fəxrlə "Nurəddin əl-Zəngi" adlandıran türkman qruplaşması ilə müttəfiqdir. Nurəddin əl-Zəngi 12-ci əsrdə Dəməşq və Hələbin səlcuq əmiri olub və səlibçilərə qarşı vuruşub. Lakin o həm də yerli ərəblərə qılınc vurub.

Bütün düşmənlərinin bir-birini qırmasına kənardan tamaşa etmək Suriya rejiminin ürəyincədir.

Robert Fisk yazır ki, bu arada Facebook-dan başqa bir xəbər gəlir: Türkiyə sərhədində 2500 döyüşçü ən-Nüsraya qarşı vuruşmaq üçün hazır dayanıb. İŞİD və ən-Nüsra arasındakı müttəfiqlik də qalır.

"Ən qatil döyüşçülər tunislilərdir..."

Məqalədə deyilir ki, buradakı qruplaşmalar arasında ittifaqlar onların adları kimi sürətlə dəyişir. Vaxtilə əl-Qaeda beləcə ən-Nüsraya çevrilib, lakin Əl-Cəzirə telekanalına verdiyi müsahibədən və yerli etnik azlıqlara mötədillik vəd etdikdən sonra qrup özünə təzə ad qoyub - Fateh əş-Şam. Bu da doğrudur ki, indi İŞİD döyüşçüləri ən yaxın magistrallardan azı 120 kilometr kənara atılıb.

"Əgər Suriya bir ölkəyə qarşı müharibə aparsaydı, çoxdan qələbə qazanardı, lakin Suriya dünyanın bir çox ölkələri ilə döyüşür..." - bunu otaqdakılardan biri deyir.

Jurnalist yığıncaq otağında başqa bir söhbət də eşidib. Suriyadakı "ən qatil döyüşçülər tunislilərdir".

Bir kişi bunun səbəbini belə izah edir ki, Tunis prezidenti Burquyba qadınlara azadlıq verib və nəticədə çox sayda nikahdankənar uşaq doğulub. Bu uşaqları yetim adı ilə İslam məktəblərinə veriblər və onlara İslam dərsi keçiblər. Bu məktəblərdə uşaqlara sələfi ideologiyasını aşılayıblar. Onlara saqqal saxlamağı və özləri kimi düşünməyənləri öldürməyi əmr ediblər.

Fisk yazır ki, bu otaqdakı kişiləri ən çox qəzəbləndirən, az qala İŞİD və Nüsra qədər qəzəbləndirən kürdlərdir.

"O vaxt erməniləri də kürdlər qırıb..."

"Kürdlər elə bilirlər ki, onların şimali Suriyada öz muxtariyyətləri olacaq, - deyir masa arxasındakı kişilərdən biri, - Onlar israillilər kimidirlər. Dünyaya elan edirlər ki, təkdirlər, düşmənlərlə əhatə olunublar və buna görə də qorunmalıdırlar. Amma kürd əhalinin 80 faizi Suriyadan ayrılmağı istəmir. Kürdlər düşünürlər ki, özlərini amerikalılara, almanlara, fransızlara, türklərə - böyük dövlətlərə bağlaya bilərlər".

Suriya rəsmisi davam edir: "Amma Rusiya onlara xəyanət edib. Biz onlara silah vermişdik ki, terrorçulara qarşı vuruşsunlar. Biz onlara daha özlərini qorumaları üçün silah vermirik. Biz onlara silah vermirdik ki, özlərinə dövlətlər qursunlar. İndi onları tamamilə amerikalılar təchiz edirlər".

Kişinin bu sözlərinə otaqdakılar razılıqla başlarını tərpədirlər.

"Kürdlər Türkiyədən yaman qorxurlar, - deyə danışan kişi davam edir, - Bilirsiniz də, kürdlər Birinci Dünya Müharibəsindən sonra hər şeylərini itirdilər. Dövlət qura bilmədilər. Onlar ən birinci məğlublar oldular, çünki böyük qüvvələrin əlində oyuncaq idilər. Onlar Kilikiya əhalisinin yarısını - erməniləri və kilikiyalıları qırmışdılar. İndi onlar yenidən bölgədə siyasət oyunu oynamaq istəyirlər, amma yenə də məğlub olacaqlar".

Fisk yazır ki, qiyamçılar ya təslim olur, ya da ölürlər. Hələbdəki kondisionerli otaqdakıların sadə, ümidsiz ovqatı belə idi.

"Amma müharibə qurtaranda vay şimali Suriyadakı kürdlərin halına" - yazır Fisk.

"Seks üçün uşaq kuklaları" kimlər alır?

Fotonun müəllifi Getty Images
Image caption Məqalədə deyilir ki, bir çox hallarda sonradan bu kuklaları əvvəllər orqanlara məlum olmayan pedofillərin - uşaqlara qarşı cinsi təcavüz törədənlərin sifariş etdikləri aşkara çıxıb.

"The Guardian" yazır ki, son vaxtlar Britaniyanın sərhəd xidməti çox sayda seks məqsədilə ilə istifadə olunan uşağabənzər gəlincik oyuncaqları müsadirə edib.

Məqalədə deyilir ki, bir çox hallarda sonradan bu kuklaları əvvəllər orqanlara məlum olmayan pedofillərin - uşaqlara qarşı cinsi təcavüz törədənlərin sifariş etdikləri aşkara çıxıb.

Silikondan hazırlanan bu uşaq kuklaların çəkisi adətən 25 kiloqram olur, lakin onların Britaniyaya gətirilməsi üçün minlərlə funt sterlinq pul xərclənir. Seks kuklalarını Amazon eBay də daxil müxtəlif saytlardan sifariş etmək mümkündür.

Hüquq-mühafizə orqanları bildirir ki, bu "yeni bir fenomendir".

Bu da xəbər verilir ki, 2016-cı ilin martından bəri Sərhəd Xidməti 123 belə kukla müsadirə edib. Bu kuklaları sifariş edənlərdən yeddi nəfəri cərimələnib və bir nəfər hətta azadlıqdan məhrum edilib.

Canterbury məhkəməsi belə kuklalardan birini sifariş etdiyinə görə keçmiş ibtidai məktəb direktoru 72 yaşlı David Turner-i cərimələyib.

Sərhəd Xidmətinin direktor müavini Dan Scully deyib ki, Çin və Honq-Konqda istehsal olunan uşaq seks kuklalarını alanlar adətən keçmişdə uşaqlara qarşı cinsi cinayət törətmiş insanlardır.

Zabitin sözlərinə görə bu adamlardan bəziləri əvvəllər hüquq-mühafizə orqanlarının nəzərindən yayınıblar.

Hüquq-mühafizə orqanları bu kuklalardan bəzilərinin müayinə edilməsi üçün onları mütəxəssislərə göndəriblər. Əksər hallarda kuklaların uşaqlara məxsus anatomik bədən quruluşuna malik olduğu təsdiq edilib. Bu isə onlardan məhz seks oyuncağı kimi istifadə olunduğunu göstərib.

Bu kuklalar adətən 7 yaşlarında uşaqların bədən xüsusiyyətlərini əks etdirir.

Britaniya qanunlarına görə Sərhəd Xidməti "nalayiq və ya təhqiramiz" hesab etdiyi əşyaları müsadirə edə bilər.

Scully etiraf edib ki, ölkəyə daxil olan uşaq seks gəlinciklərinin heç də hamısını müsadirə etmək mümkün olmur, çünki onları qutularda və başqa adlarla göndərirlər.

Belə oyuncaqları sifariş edənlərə qarşı cinayət işlərinin qaldırılmasını mümkün edən məcəllələr də kamil deyil.

Buna baxmayaraq 49 yaşlı Andrew Dobson adlı bir nəfər 2 il səkkiz ay müddətinə azadlıqdan məhrum edilib.