400 min insan qırılandan sonra Qərb "Əsəd hakimiyyətdə qalsın deyir…"

Bəşər Əsəd Fotonun müəllifi AFP
Image caption Mətbuatın bildirdiyinə görə, Suriya müxalifətinə bildirilib ki, Əsədin hakimiyyətdən getməsi şərtilə danışqıların aparılmasında heç bir məna qalmayıb.

"The Times" yazır ki, nəhayət Britaniya və onun Qərb müttəfiqləri Suriyada prezident Əsədin öz postunu tərk etməsi barədə uzunmüddətli tələblərindən əl çəkiblər.

Üstəlik Avropa İttifaqı nazirlərinin iclasında belə bir ehtimal da məqbuil sayılıb ki, dünənədək diktator adlandırılan və bəşəriyyətə qarşı cinayətlərdə günahlandırılan Suriya prezidenti qarşıdan gələn seçkilərdə iştirak edə bilər.

Beləliklə, Avropanın xarici işlər nazirləri Britaniyanın da 2011-ci ildən bəri saxladığı kursdan 180 dərəcə dönmək qərarına gəliblər.

"The Times" vurğulayır ki, bu dönüş Suriyada münaqişə başlanandan bəri 400 min insan məhv olduqdan sonra qəbul edilib. Bu insanların böyük əksəriyyəti Əsəd qüvvələri və müttəfiqlər tərəfindən öldürülüb.

Bu həftə Səudiyyə Ərəbistanının paytaxtı Riyadda Suriya müxalifətinə açıq şəkildə deyilib ki, onların Əsədin hakimiyyətdə qalmasını qəbul etməkdən başqa çıxış yolları yoxdur.

Müxalifətə bu da bildirilib ki, Əsədin hakimiyyətdən getməsi şərtilə danışqıların aparılmasında da heç bir məna qalmayıb.

Britaniyanın xarici işlər naziri Boris Johnson bu siyasət dıəyişikliyinə BBC-nin Radio 4 stansiyasına müsahibəsində işarə edib.

"Əlbəttə bu tamamilə Suriya xalqının marağındadır ki, Əsəd getsin, - deyib nazir, - Biz də ona deyirdik ki, ilkin şərt onun hakimiyyətdən getməsidir. Biz yenə də deyirik ki, o getməlidir, lakin artıq keçid prosesinin tərkib hissəsi kimi getməldir. Amma eyni zamanda onun demokratik seçkidə iştirak etməsi üçün qapı həmişə açıqdır".

Diplomatlar bildirirlər kİ, həm cənab Johnson-un, həm də Qərbin, siyasəti dəyişməsinə səbəb Suriyanın özündə baş verən hadisələrdir.

"The Times" yazır ki, yeni mövqe həm Britaniyanın müttəfiqləri, həm də müxalifətin regional dəstəkçisi olan güclər tərəfindən dəstəklənir.

Suriya müxalifətinin sözçüsü Yəhya əl-Aridi deyib ki, o, sözdə dəstək verib, əməldə şox az dəstək verən Qərbin mövqeyindən məyus olub.

"Belə görünür ki, maraqlar mənəviyyatdan vacibdir, - deyib sözçü, - Cinayətlər zaman keçdikcə yox olmur".

Başqa bir Qərb mənbəyi isə deyib: "Bizim siyasətimiz praqmatizm və realizmə əsaslanır. Törətdikləri nəzərə alınarsa, Əsəd orada qaldıqca Suriya üçün heç bir sabit və dinc gələcək ola bilməz. Lakin onun orada qalıb-qalmaması bundan sonra danışıqlar üçün ilkin şərt sayılmır".

"The Times" yazır ki, 2011-ci ildə David Cameron-un vaxtından başlanan siyasətin dəyişdirilməsi hökumət üçün böyük pərtlik sayıla bilər.

Bir sıra şərhçilər lap əvvəldən deyirdilər ki, Əsədin danışıqlarda iştirakının istisna edilməsi münaqişəni daha da qızışdıracaq.

"The Times" yazır ki, Əsədə qarşı sərt mövqe onun vəziyyətini möhkəmləndirib və üstəlik Rusiya və İranı da bu münaqişəyə cəlb edib.

"Heykəl davası" Avstraliyaya da çatdı

Fotonun müəllifi Getty Images
Image caption Avstraliyada məşhur səyyah - kapitan James Cook-un abidəsinin postamentindəki yazılar barədə geniş debatlar olub.

"The Observer" yazır ki, ABŞ-da başlanan heykəl qarşıdurmaları Avstraliyaya da çatıb. Ölkənin baş naziri Malcolm Turnbull Kapitan Cook və Lachlan Macquarie heykəllərinə qarşı vandalizmi stalinçi repressiyalara bənzədib. O belə hərəkətlərdən məqsədin Avstraliyanın tarixini məhv etmək olduğunu deyib.

Məqalədə deyilir ki, bu həftə Avstraliyada, bizə dərslik kitablarından tanış olan məşhur səyyah - kapitan James Cook-un abidəsinin postamentindəki yazılar barədə geniş debatlar olub. Bəziləri abidənin postamentindən Cook-un Avstraliyanı kəşf etməsi barədə məlumatun silinməsini istəyirlər. Onlar deyirlər ki, bu yazılar on min illərlə burda aborigenlərin sakin olduğunu inkar edir.

Şənbə günü Sydney şəhərinin Hyde parkında kapitan Cook da daxil 3 heykələ vandalizm hücumu olub.

Abidənin postamentinə rənglə "tarixi dəyişdirin" və "soyqırımında fəxr eləməli iş deyil" ifadələri yazılıb. "Tarixi dəyişdirin" çağırışını edənlər Avstraliyanın milli gününün buraya ilk gəmi flotiliyasının yan aldığı gündə qeyd olunmasına qarşı çıxanlardır.

Buna bənzər sözlər New South Wales əyalətinin beşinci qubernatoru Lachlan Macquarie-nın postamentinə də yazılıb. Kraliça Victoria-nın heykəli də hücuma məruz qalıb.

Turnbull özünün Facebook səhifəsində vandalizm aktını "xain cinayətkar hərəkət" adlandırıb.

O yazıb: "Belə hərəkətləri Stalin edərmiş. Onun əlaltıları gözdən düşüb edam edilən kimi onların fotolarını bütün rəsmi sənədlərdən yığışdırırdılar. Beləliklə onlar qeyri-insana çevrilib yaddaşdan və tarixdən silinirdilər".

Baş nazir yazıb ki, müstəmləkəçilik dövrünə aid abidələrin də dağıdılması buna bənzər hərəkətdir.

Turnbull deyib ki, bu abidəyə tarixin retrospektivindıən - 1879-cu ildə abidənin qoyulduğu vaxtdan baxılmalıdır.

"Biz abidələrin postamentlərində yazılanları mütləq həqiqət kimi qəbul etmirik - bunlar tarixcin səsidir - yazıb Turnbull, - Roma imperiyasına aid abidələrdə fatehlərin arabalarının təkərlərinə qandallanmış azmı qul fiqurları var? Bu o deməkdirmi ki, müasir italiyalılar quldarlığı qəbul edirlər?.."

"The Observer" yazır, heykəllər barədə debatları aborigen kökləri olan jurnalist Stan Grant qızışdırıb. O bəyan edib ki, bu abidələr saxtakarlıqdır və Avstraliyanın yerli-köklü sakinlərinə hörmətsizliyi ifadə edir.

Lakin elə şənbə günü, heykəllərə hücumdam sonra, Grant-ın özü də vandalizm aktını pisləyib.

Hazırda Hyde parkdakı abidələrin üstündəki qraffitilər təmizlənib. Park yenə də turistlərlə doludur, lakin debatlar kəsilmək bilmir. Məktəbliləri tez-tez bu parka gətirən müəllim Michael Richard da razılaşır ki, xüsusi izahat olmadan bu abidələr tarixi baxımdan yanıldıcı ola bilər.

Parkdakı turistlərdən bir çoxu Avstraliyada avropalıların gəlişindən əvvəl də əhali yaşadığından xəbərsizdirlər.

Richards deyir ki, bu abidələrin qarşısında onların tarixi əhəmiyyətini dəqiq göstərən lövhələr qoyulmalıdır.

Amma maraqlıdır ki, heykəllərə vandalizm hücumu etmiş adamı görən şahidlər onun Avropa tipli saqqallı bir şəxs olduğunu bildirirlər.

Əlaqəli mövzular