Britaniya mətbuatı: Ərəb nazir İran və Türkiyəni "köhnə müstəmləkəçilik davranışından" çəkinməyə çağırıb

Fotonun müəllifi Getty Images
Image caption BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed əl-Nəhyan "Suriyanın suverenliyini məhdudlaşdıran tərəfləri" bu ölkədən çıxmağa çağırıb

Ərəb nazir İran və Türkiyəni "köhnə müstəmləkəçilik davranışından" çəkinməyə çağırıb

"The Daily Mail" yazır ki, Birləşmiş Ərəb Əmirlikləri İran və Türkiyəni, onun təbirincə deyilsə, Suriyadakı "müstəmləkəçi" hərəkətlərinə son qoymağa çağırıb.

Məqalədə deyilir ki, bu çağırış Ərəb Körfəzinin bu regionda gedən müharibəyə təsir gücünün tükəndiyini göstərir.

Suriya münaqişəsində regional güc sayılan Səudiyyə Ərəbistanı, habelə BƏƏ, Suriya prezidenti Əsədə və onu dəstəkləyən İrana qarşı çıxır.

Bu iki ölkə həm də Birləşmiş Ərəb Əmirliklərinin bütün ərəb dünyasında qarşı durduğu və Türkiyə tərəfindən dəstəklənən islamçı qüvvələrə qarşı düşmən mövqedədir.

BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed əl-Nəhyan "Suriyanın suverenliyini məhdudlaşdıran tərəfləri" bu ölkədən çıxmağa çağırıb.

"Mən açıq danışacağam, burada söhbət İran və Türkiyədən gedir" - deyib nazir.

BƏƏ-nin xarici işlər naziri bu bəyanatı özünün rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında səsləndirib.

Reutersagentliyi xatırladır ki, elə Rusiyanın özü də Əsəd rejiminə hərbi dəstək verir.

Şeyx Abdullah deyib ki, "əgər İran və Türkiyə öz aralarında və ərəb torpaqlarında eyni tarixi, müstəmləkəçi və rəqabətçi davranışı davam etdirsələr, biz Suriyada yaranmış vəziyyətlə sabah başqa bir ölkədə üzləşəcəyik".

Məqalədə deyilir ki, Suriyada 6 ildir davam edən münaqişə bu bölgəyə burada öz maraqları olan regional və beynəlxalq gücləri çəkib gətirib.

İranın Suriyaya göndərdiyi qoşunlar Bəşər əl-Əsədi əsasən Səudiyyə Ərəbistanı və başqa Körfəz ölkələri tərəfindən dəstəklənən qüvvələrdən müdafiə edir.

Suriya hökumət qoşunları 2015-ci ildən bəri Rusiya hərbi aviasiyası zərbələrinin köməyi ilə itirilmiş torpaqların böyük bir hissəsini geri ala bilib.

Digər tərəfdən özünü İslam Dövləti adlandıran təşkilat Suriya ordusu, habelə ABŞ tərəfindən dəstəklənən ərəb və kürd döyüşçülərin hücumları ilə Şərqi Suriyadakı istehkamlarından vurulub çıxarılır.

Bu arada ABŞ-ın NATO mürttəfiqi olan Türkiyə Suriyadakı kürd qüvvələrinin fəallığından və artan nüfuzundan narahatdır.

Bu yaxınlarda Türkiyə mediası prezident Erdoğana istinadən xəbər verirdi ki, Ankara və Tehran kürdlərin silahlı qüvvələrinə qarşı birgə hərbi əməliyyat keçirə bilər.

Lavrov və Şeyx Abdullah münaqişənin danışqlar yolu ilə başa çatdırılmasına tərəfdar olduqlarını bildiriblər.

Rusiya Qazaxıstanın Astana şəhərində aparılan danışıqlarda Suriya müxalifəti ilə Əsəd arasında razılaşmaya nail olmaq istəyir.

Yaponiya niyə Pxenyanın raketini vurmadı?

Fotonun müəllifi KCNA
Image caption Şimali Koreyanın son raket atışı ilə bağlı Yaponiyanın sosial şəbəkələrində istifadəçilər öz hökumətlərinin fəaliyyətsizliyindən narazılıqlarını ifadə edirlər

"The Independent" yazır ki, Şimali Koreyanın raket sınaqlarının artması bir çoxlarının ABŞ, Yaponiya və Cənubi Koreyaya bu raketləri vurub salmaq çağırışlarına səbəb olub.

Ötən iyul ayında ABŞ Hərbi Hava Qüvvələrinin təqaüddə olan generalı Chuck Wald Washington Examiner qəzetinə demişdi ki, ondan olsa, o, Cənubi Koreya sahillərindən havaya raket atmaqdansa, Şimali Koreyanın raketlərindən birini vurub salardı.

"Bu bizə nə verərdi? Bu ən azı göstərərdi ki, biz də raket ata bilirik" - demişdi general.

Şimali Koreyanın son raket atışı ilə bağlı Yaponiyanın sosial şəbəkələrində istifadəçilər öz hökumətlərinin fəaliyyətsizliyindən narazılıqlarını ifadə edirlər. Bu raket Yaponiyanın Hokkaydo adası üzərindən uçub.

"Independent" yazır ki, raketin vurulub salınması tammiqyaslı hücumla, sanksiyalar və diplomatiya siyasətinin arasında üçüncü yol kimi görünə bilər. Lakin bu yolun özünün çox ciddi riskləri var.

Prezidentlər Ronald ReaganGeorge H W Bush-un milli təhlükəsizlik şuralarında üzv olmuş Douglas H Paal deyib ki, hazırda Koreya yarımadasının ətrafında çox sayda ağır silahlar var.

Siyasətçinin fikrincə bu, raketin vurulması üçün 50 faiz şans verən cəhddən daha yaxşı status quo sayıla bilər.

Başqa sözlərlə siyasətçi işarə edib ki, hazırkı silahlar uçan raketlərin vurulmasına yalnız yarıbayarı müvəffəqiyyət ehtimalı verir.

Onun dediyi ağır silahlar isə raketdən müdafiə sistemləridir ki, bunlar məhz raketlərin vurulub salınması üçün yerləşdirilib.

Cənubi Koreyada və ABŞ-ın bazası olan Quam adasında raketdən müdadfiə THAAD (Terminal High Altitude Area Defense) sistemləri var. Çinin narazılıqlarına baxmayaraq Cənubi Koreyada bu sistemlərdən biri də yerləşdiriləcək.

Bundan başqa Amerika, Cənubi Koreya və Yaponiyanın bu regionda AEGIS sistemli raketləri olan döyüş gəmiləri var.

Yaponiya Şimali Koreyanın raket atəşindən az sonra Patriot raketinin sınaq atışını həyata keçirib. Hərçənd bu atış çoxdan planlaşdırlmışdı və təsadüfən Şimali Koreyanın raketi ilə eyni gündə atılıb.

Bu qədər silah cəbbəxanası doğrudan da əzəmətli görünə bilər, amma ekspertlər ehtiyatlı olmağa çağırılar.

"Biz bu texnologiya üzərində artıq 30 ildir ki, işləyirik, hələ də atəşin tam sərrastlığına nail olmamışıq, - deyib Paal, - Əgər biz onun raketinə raket atıb vura bilməsək, bu, Kim Jong-un üçün böyük lovğalıq və təbliğat imkanı verəcək. Bu sahədə reallıqda hələ ki, kamil raket yoxdur. İndiyədək ən kamil texnologiya kimi özünü İsrailin Iron Dome sistemi göstərib. Lakin buradakı situasiya fərqlidir".

"Raketinin vurulmasına Kim Jong-un-un reaksiyasını da öncədən görmək mümkün deyil. O buna bizim de-eskalasiya cəhdimiz kimi baxacaq, yoxsa, bunu müharibə elan edilməsi kimi başa düşəcək?" - deyib ekspert.

Əgər hətta bu risk olmasa belə, tətiyi çəkməmək üçün başqa arqumentlər də var.

"Şimali Koreya bu sınaqları keçirməklə özünün döyüş qabiliyyətini yoxlayır, - deyib Paal, - Amma bununla onlar həm də bizə imkan verirlər ki, onların döyüş qabiliyyətindən xəbərdar olaq. Onların atdığı hər bir raketin telemetrik göstəriciləri dənizdən çıxardığımız qırıntılardan öyrənilir. Şimali Koreyanın atdığı hər raketdə bizim üçün böyük kəşfiyyat materialı var".

"ABŞ və başqa dünya ölkələrinin əlində bir sıra imkanlar var, amma bu o demək deyildir ki, biz dərhal havaya raket atmalıyıq" - deyib Paal.

Sülh quşlarını narkotik maddə nəqlinə necə cəlb ediblər?

Fotonun müəllifi CRISTINA QUICLER
Image caption İran polisi ölkənin qərbində 100-dək poçt göyərçini narkotikə görə müsadirə edib

"The Guardian" yazır ki, İran polisi ölkənin qərbində 100-dək poçt göyərçini müsadirə edib. Bu göyərçinlərdən narkotik maddələrin nəql edilməsi üçün istifadə olunmalı idi.

İRNA agentliyi bidlirir ki, sözü gedən ev göyərçinləri ayaqlarına bağlanan kiçik mavi plastik kisələrdə narkotik maddə daşımaq üçün təlimləndirilmişdilər.

Narkomaniya hazırda 80 milyonluq əhalisindən 3 milyonunun narkotik asılılığı olan ölkədə milli problemə çevrilib. Bu ölkəyə narkotik maddələr əsasən xaricdən, xüsusilə də Əfqanıstandan gətirilir.

Yerli polis bildirib ki, müsadirə olunan göyərçinlər Kermanşah ərazisində müxtəlif yerlərə narkotik maddə çatdırmaq üçün təlimləndirilmişdi.

"The Guardian" yazır ki, İranda göyərçinlər də narkotiklər qədər geniş yayılıb. Əslində bu quşlar İran mədəniyyətinə və poeziyasına qədimdən daxil olub. Ölkənin şəhər və kəndlərində ənənəvi göyərçin yarışları keçirilir.

May ayında Küveyt rəsmiləri bildirmişdilər ki, belindəki kiçik çantacıqda 178 ketamin həbi daşıyan göyərçini tutublar. Bu hadisə İraqla həmsərhəd Abdali məntəqəsində baş vermişdi və rəsmilər güman edirdilər ki, göyərçini elə İraqdan göndəriblər.

2011-ci ildə Kolumbiyada ayağında 40 qram anaşa və 5 qram kokain olan göyərçini tutmuşdular. O bu "yükü" Bukaramanqadakı həbsxanaya aparırdı.

İranda narkotik maddələrlə əlaqədar həbs edilənləri adətən ölüm cəzası gözləyir. Təkcə 2017-cü ilin birinci yarısında keçirilmiş 239 edamdan 129-u narkotik maddələrlə əlaqəli idi.

Bu yaxınlarda İran parlamentində narkotika ilə bağlı edam cəzalarının ləğvi barədə qanun qəbul edilib. Əgər ölkənin ali rəhbəri bu qanunu imzalasa, edamını gözləyən 5000 nəfərin həyatı xilas olacaq.

İndi qüvvədə olan qanun üçün 5 kiloqram tiryəklə 30 qram heroinin fərqi yoxdur. Hər ikisinə görə ən ağır cəza verilir.

100 göyərçinin müsadirə olunmasına gəlincə isə, polis Kermanşahda Susk (tarakan) ləqəbli narkodileri axtarırdı. Göyərçinlər də bu reyd zamanı aşkar edilib.